“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Vaqif İbrahimovahəsr edilmiş şeirlə tanış olacaqsınız.
VAQİF ƏZİZ OĞLU İBRAHİMOV
(05.05.1973.-12.05.1994.)
Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid
QƏLBLƏRDƏ YAŞAYIR
Dünyaya nə olub, qaşını çatıb?
Hərəni o yana-bu yana atıb,
Əbədi cənnətdə uyuyub, yatlb,
Heç vaxt qocalmayan, hey cavan qalan,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
Torpaq, namus üçün canından keçdi,
Mərdliyi özünə əqidə seçdi.
Yağını məhv etdi, düşməni biçdi,
Qorxmaz, cəsarətli bir oğlan Vaqif,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
Kənddə tanınırdı mərifətiylə,
Seçilib-sevildi ləyaqətiylə,
Orduda fərqləndi şücaətiylə,
Dostları söylərdi “Qəhrəman Vaqif”,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
Atası Əziztək halal yoldaydı,
Ana nə gözlərdi, fələk nə saydı?
Şəhidlik Tanrıdan qismətdi, paydı,
Sənə bəxş eylədi Yaradan, Vaqif,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
İnsan müdrikləşir lap bircə anda,
Vuruşdu mərdliklə, o, Seysulanda,
İndi tanıyırlar onu hər yanda,
Düşməni qorxudan, sarsıdan Vaqif,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
Şərəf kitabına yazdı adını,
Hünərlə ucaltdı Bərgüşadını,
El də unutmayır öz övladını,
Xatırlanır hər gün, anbaan Vaqif,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
O, haqq savaşında getdi cənnətə,
Nankor qonşuları gəlsin lənətə,
Onlar layiqdirlər yalnız nifrətə,
Çox şükür, oldular, lap talan, Vaqif,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
Vaqif, gec yazıram, məni bağışla,
Qəlbimdə yerin var qızıl naxışla,
Oxucum, tanış ol sən də alqışla,
Düşmənə vermədi heç aman Vaqif,
Qəlblərdə yaşayır hər zaman Vaqif.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)