Varis, “Ədəbiyyat və incəsənət”
Qarabağ müharibəsindəki qalibiyyətdən sonra yazıçılarımızın qarşısında yeni bir vəzifə dayanıb: bu qalibiyyəti qalibiyyətə yaraşan şəkildə kitablaşdırmaq. Və mən deyərdim ki, çağdaş nəsrimizdə tarixi romanların uğurlu müəllifi hesab edilən
"Yunus Oğuz bu işin öhtəsindən məharətlə gəlib. Onun "Cığır" romanında müasir Azərbaycan döyüşçüsünün ən mükəmməl obrazı yaradılıb.
O həmin döyüşçüdür ki, Azərbaycanın mədəniyyət beşiyi Şuşanı düşmən əsarətindən xilas edib.
Yunus Oğuzun "Cığır" romanı ədəbiyyat tariximizdə əsl tarixi hadisədir, buna görə də ona layiqli qiymət verməyin, düşünürəm ki zamanıdır.
Bu romanı müəllif Şuşanın işğaldan azad edilməsinin ikinci ili ərəfəsində yazıb və Şuşanın qurulmasının 270 illiyinə ithaf edib.
“Cığır" romanının ən əsas məziyyəti onun oxunaqlı olmasıdır. Və romanın mistik çalarları ona xüsusi gözəllik verir. Əsərin adı niyə “Çiğır”dır? Çünki əsas obraz məhz Şuşaya aparan sirli cığırdır. Digər əsas obrazlar - Nəsrəddin Murad və Azərbaycan əsgərinin fövqəlqəhrəmanlığını simvolizə edən kölgə əsgərlər də bu mistik çalarlarla zəngindirlər, amma həm də alleqoriya deyil, real insan olduqlarından fərqli ampluada dayanırlar, Şuşadan Xudafərinə qədər uzanan tarixi "Nəsrəddin yolu"nu ədəbiyyatda Yunus Oğuz Nəsrəddin Murad obrazıyla simvollaşdırır.
Ədəbi tapıntı isə mükəmməldir: 18-ci əsrdə Pənahəli xana gizli cığırın yerini göstərən Nəsrəddin Murad indi də 21-ci əsrdə Azərbaycan ordusunun generalına həmin cığırı nişan verir.
Şuşa uğrunda savaşa atılan 400 əsgər də bu cığırla hədəfə doğru gedirlər.
"Cığır" romanında Azərbaycan əsgəri Şuşaya kölgə kimi daxil olur, bu kölgə yüz ildir ki, təsəvvürümüzdə kök salıb dərinlərə işləmiş erməni mifini darmadağın edir.
Bəli, qələbəmiz müqəddəsdir, ədəbiyyatımızın da şərəf işi onu layiqincə tərənnüm etməkdir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)