İntizar ədəbiyyatı - Balaş Azəroğlu Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Mən bu ayrılığa bir ömür dözdüm,

Saçım, saqqalım da ağarmış, Təbriz.

Hər yerdə, hər yanda mən səni gəzdim,

Ayrılıq nə yaman olarmış, Təbriz! 

 

Kitablarda yazılmaz bəlkə bu, amma ədəbiyyatımızın mühacirət ədəbiyyatından əlavə  "intizar ədəbiyyatı" adlanan bir qoluda möbcuddur. 

Bu ədəbiyyatın baniləri ikiyə bölünmüş Azərbaycan dərdi, bütöv Azərbaycan xiffəti, cənub həsrəti çəkən, Arazın bir tayına məhkum olub, digər tayının intizarıyla ömür sürən, vətəndə vətənə həsrət qalan, ömrü boyu öz vətənində mühacir kimi yaşayan şair və yazıçılarımız olmuşdur.

Stalin represiyası adlı ölüm maşını işə düşəndən sonra əslən cənubi Azərbaycandan olan soydaşlarımız Ərdəbilə sürgün olundular. O zaman onların içərisində gələcəyi günəş tək parlaq olan Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün və s kimi  şairlərimiz da var idi. 40-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı cənubi Azərbaycandakı ziyalıları öz ətrafına topladı və onlar Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi "21 azər" hərəkatının ən fəal üzvlərinə çevrildilər. Hərəkat qələbə ilə nəticələndi və şairlərimiz gənc yaşlarında inqilabçı oldular. Lakin, təəssüfki bu səadət uzun sürmədi. 

Min bir əzabla, qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrildi. Bu zaman hərəkatın ən fəal üzvləri Arazın bu tayına, vətənin quzey parçasına, şimali Azərbaycana pənah gətirdilər.

Nə qəribədir 37-ci ildə soydaşlarımızın bir qismini Arazın o tayına sürgün edən tale 47-ci ildə soydaşlarımızın bir qismini bu dəfə də Arazın bu tayına mühacirət etməyə məcbur etdi.

Və beləliklə öz vətənində mühacir həyatı yaşayan, daim bütöv Azərbaycan həsrəti çəkən bu inqilab şairləri qəlblərindəki ağrını, nisgili, intizarı  kağız qələmlə bölüşərək intizar ədəbiyyatını yaratdılar. 

 

Siz məndən uca qardaşım, 

Qoca sirdaşım, dağ qardaşım.

Mən al qırmızı bayraqlı,

Siz yamyaşıl çardaqlı bağ bacım. 

 

İntizar ədəbiyyatı nümayəndələrinə misal olaraq biz "İkiyə bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha" deyən Söhrab Tahirin, inqilab şairi Balaş Azəroğlu'nun, "Neylərəm o ömrü mən, nə Vətən məhəbbəti, nə dərdə tabı olsun" söyləyən Mədinə Gülgünün, 22 yaşında İran tarixində ilk dəfə filarmoniya yaradan, ilk kitabı mətbəədəcə yandırılan Əli Tudənin, "Xarı bülbülün vətənində bayquşlar yuva sala bilməz" söyləyən, özünü Savalan həsrətli bir mehman adlandıran Hökümə Billurininin adını çəkə bilərik.

Adını çəkdiyimiz bu şair və yazıçıların yaradıcılığının əsasını, ana xəttini cənub həsrəti, ikiyə bölünmüş Azərbaycan mövzusu təşkil edir və Təbriz, Ərdəbil, Savalan dağı, Araz çayı bu yaradıcılığın içindən bir qırmızı xətt kimi gəlib keçir. 

 

Bir qaya üstündə dayanmışam tək

Dənizə baxıram bu səhər yenə 

Qızmış dəvə kimi haray çəkərək 

Sahili qərq etmiş köpüklərinə 

 

Dalğalar silsilə dağlar kimidir

Başı ağ çalmalı, ətəyi gömgöy

Dağlarmı yerindən oynayıb nədir?

Üfüqlə birləşir bəlkə yerlə göy 

 

Bir qayıq sahildə bağlanıb daşa

Bombuş bir qayadır qalxır, enir o

Nə qırıb zənciri üzür birbaşa

Nə də sinəsini söykəyib quma 

Təmkinlə, vüqarla dura bilir o 

 

Gəlin intizar ədəbiyyatı ilə tanışlığımıza məhz elə bu gün anım günü olan xalq şairi Balaş Azəroğlu və onun əsərləri ilə başlayaq. 

 

Balaş Allahbaxış oğlu Abizadə.1921-ci il noyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilin də burada almışdır. Şairin  "Dnepr" adlı ilk mətbu şeiri də 1937-ci ildə Bakıda çap olunmuşdur.

1937-ci ildə əslən cənublu olduğu üçün o da, ailəsi ilə birgə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilib. Burada fars ibtidai məktəbində təhsil alıb. i1941-ci ildə İranda Milli azadlıq hərəkatına qoşulub və onun ən fəal üzvlərindən biri olub. 1942-ci ildə İran Xalq Partiyasına daxil olaraq 1943-cü ildə Azərbaycan zidd faşist cəmiyyətinin  Ərdəbil vilayəti şöbəsinə sədr seçilib. Və bu cəmiyyətin mətbu orqanı olan "Yumruq" qəzetinin redaktoru olur. Azərbaycan demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, Şairlər məclisinin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur.

1946-cı ildə Təbrizdə Milli Hökumət qurulanda ona Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsi verilib, həmçinin o, İran Azərbaycanı Milli Məclisinin deputatı, Yazıçılar və şairlər cəmiyyətinin idarə heyətinin üzvü seçilib.

İlk şeir kitabları da 1943 -1945-ci illərdə Ərdəbildə, Təbrizdə çap olunur.

Lakin Milli Hökumət elə qundaqdaca boğulur və Balaş Azəroğlu da bir çox həmkarı kimi Bakıya gəlir, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Eyni zamanda Cənubi Azərbaycan yazıçılar cəmiyyətinin sədri vəzifəsində çalışır.

1948 - 1953-cü illərdə Azərbaycan qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri, 1953 -1956-cı illərdə məsul redaktor, 1956-1958-ci illərdə ADF MK-da təbliğat şöbəsinin müdiri, 1958-1959-cu illərdə Azərbaycan Ali partiya məktəbində xüsusi fakultənin dekanı işləyir. 1959-1963-cü illərdə ADF MK-nın sədr müavini seçilir.

O, 1963-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına ədəbiyyat İnstitutunun orta əsrlər ədəbiyyat şöbəsinin baş elmi işçisi  işləmişdir. 1966-cı ildə filologiya elmləri namizədi elmi adını almış,

1981–1991-ci illərdə  Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

1991-ci ildə  Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunmuş, həmçinin Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olmuş,  bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilmişdir. Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir.

Ədəbi və ictimai fəaliyyətinə görə Balaş Azəroğlu  “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə 

1960-1971- ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 17 mart 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

1981-ci ildə Azərbaycanın “Xalq şairi” adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Şair 2011-ci il aprel ayının 24-də Bakıda vəfat edib. 

Şairin qırxdan çox kitabı çap olunub, əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

"Sinəm Savalan dağıdır", "Mənim köksümdə ürək dayananda, ürək vurmayanda köksümün altında vətən döyunür" söyləyən Balaş Azəroğlunun yaradıcılığının əsas motivini vətən, parçalanmış Azərbaycan, intizar təşkil edirdi.

Müasirləri onu novator, poeziyası ilə insanları ayağa qaldıran, mübarizəyə və gələcəyə səsləyən şair adlandırırdılar.

Balaş Azəroğlu ömür yolunu özü kimi cənub həsrətiylə yaşayan, elə özü kimi inqilabçı şair olan Mədinə Gülgünlə birləşdirir. O sadəcə vətəninə deyil ömür gün yoldaşına qarşı da çox sadiq olur. Mədinə xanım dünyadan köçəndən sonra da evdə onun səliqə səhmanını qoruyub saxlayır. Yaşadığı bina qəzalı olduğu və bütün qonşuları köçüb getdiyi halda o buradan köçüb getmək istəmir.

Balaş Azəroğlu gəncliyində çox ağır bir xəstəlik keçirir, hətta həkimlər onun öləcəyini deyirlərmiş. Lakin, Mədinə xanım öz ömür gün yoldaşı üçün bir quş tək çırpınaraq ölkənin ən yüksək səviyyəli insanlarıyla əlaqə saxlayaraq lazım olan dərmanları tapır. Sonralar Balaş Azəroğlu həmişə Mədinə olmasaydı mən cavan yaşda dünyadan köçərdim söyləyir.

Mədinə xanıma həsr etdiyi "əsl şair" şeirlərdə o, belə yazır: 

 

Sənin arzuların, hissin, ilhamın 

Neysan yağışına bənzər hər zaman. 

Tez yağıb, tez keçər, bağı, çəməni 

Ətirli güllərlə bəzər hər zaman. 

 

Sevincin, kədərin bir dağ selidir, 

O, sakit axmamış, axmaz bir an da. 

Qəlbinin odundan qaynayar, inan, 

Şimal qütbündəki buzlu ümman da. 

 

Qəzəbin, nifrətin şimşək kimidir, 

Sal daşı parçalar, qayadan keçər. 

Qəlbin deməyəni deməz dilin də, 

Səni boğazından assalar əgər. 

 

Fikrində, sözündə xəsis olanlar 

Yüz il yaşasa da, bil, gözə dəyməz. 

Duyğusuz yazılmış yüzlərlə əsər 

Ürəkdən deyilmiş bir sözə dəyməz. 

 

Bu odlu xislətin sözünə axmış, 

Dostu isindirər, yadı yandırar. 

Alov parçasıdır hər misran sənin, 

Onu oda atsan, odu yandırar. 

 

Sən bu ilhamınla, təxəyyülünlə 

Bir il də yaşasan, yüz il də qalsan, 

Sönməz hərarətin, sönməz atəşin 

Səni şair doğmuş əzəldən anan. 

 

Balaş Azəroğlu ilə Mədinə Gülgün sanki poeziyamızın qoşa qanadlarıydılar və daim vətən həsrətiylə çırpınırdılar. Onlar "21 azər" azadlıq hərəkatında da, həyat yolun da, sənətdə da yoldaş olmuş, el dərdini qoşa çəkmiş, qoşa addımlamışdılar.

Yaradıcılıq üslubları fərqli olsada onların ikisinin də yaradıcılığının sarı simi vətən həsrətinə köklənmişdi. 

 

Əziz Azərbaycan, ey gözəl diyar, 

Anamın mehriban qucağı sənsən. 

Könül tərlanının uçub qonduğu, 

Onun çox sevdiyi budağı sənsən. 

 

Sənsən düşündüyüm, sənsən andığım, 

Mənim bu dünyada arxalandığım. 

Yetər alışdığım, yetər yandığım, 

Bu şirin qəlbimin sorağı sənsən. 

 

Qoy açsın könlümü sözlərim mənim,

Səndən nicat umur gözlərim mənim. 

Hələ əyilməyib dizlərim mənim, 

Çünkü o dizlərin dayağı sənsən. 

 

Desəm də vurğunam, divanə sanma, 

Mən ki öz oğlunam, biganə sanma. 

Bir şəmsiz, atəşsiz, pərvanə sanma, 

Yandığım odların ocağı sənsən. 

 

Qoy bilsin, ey vətən, bu alçaq yağı, 

Solmaz baxçamızın yaşıl yarpağı. 

Sən Babək yurdusan, Azər torpağı, 

Aslanlar oylağı, yatağı sənsən.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.