Rubrikanı Habil Yaşar təqdim edir
“Ədəbiyyat və incəsənət” portalının oxucularına bu dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, dəyərli şair Abdulla Saymaz bəyin bir neçə şeirini təqdim edirəm.
ÖZ İÇİMDƏYƏM
Gecələr dincəlmir, yol çəkir gözüm,
Bəzən qələmimə tərs baxır sözüm,
İçimdə bir ümid, canımda dözüm,
Tənhayam, yalqızam, qəm içindəyəm.
Dəniz ləpələnmir, əsmir gilavar,
Bu axşam sakitdir, yəqin dərdi var.
Məni də otaqda sıxır daş-divar,
Soyuq yataqdayam, nəm içindəyəm.
Görəsən, batıbmı ulduzum, ayım,
Fələk saydığını mən necə sayım?
Çağırsam, dostlara yetişməz hayım,
Səsim zilə qalxmır, bəm içindəyəm.
Sözdən doğulmuşam, söz içindəyəm,
Min əyri yol olsa, düz içindəyəm.
Ocaq həsrətliyəm, köz içindəyəm,
Saymazam, qismətim, yazım belədir,
Xoşbəxtəm, özüməm, öz içimdəyəm.
OLMAZ
Gülün də öz dərdi var,
Açmasa, sevən olmaz.
Kişilər heç ağlamaz,
Ağlasa, görən olmaz.
Hər yanı durub gəzin,
Yetimin, kimsəsizin,
Məzlumun, çarəsizin,
Göz yaşın silən olmaz.
Dünyanın öz işi var,
Dövranı, gərdişi var.
Altmışı, yetmişi var,
Zamansız ölən olmaz.
Səpdiyi dən bitməsə,
Qazancı tam itməsə,
Bir insan köç etməsə,
Qədrini bilən olmaz.
Zirvələr duman oldu,
Zəmilər saman oldu.
Çox uzun zaman oldu,
Gözləmə, gələn olmaz.
Sinəsi buz payızın,
Çiçəyi solmuş yazın,
Mənimtək bir yalqızın,
Dərdini bölən olmaz.
KİM YANACAQ, BİLMİRİK
Dərdin mənim qamətimi əyəndə,
Taleyimiz son sözünü deyəndə,
Mən başıma, sən dizinə döyəndə,
Halımızı kim duyacaq, bilmirik?
Tək-tənhayam dolaşıram divanə,
Axtarıram səndən qalan nişanə.
Ürəyimiz dönüb olub viranə,
Hardan tapaq isti qucaq, bilmirik?..
Tər çiçəyə həsrət ilə baxanda,
Göz yaşların boş dibçəyə axanda,
Həyat bizi məngənə tək sıxanda,
İmdad edən kim olacaq, bilmirik?
Şən günləri əllərimdən almısan,
Məni qaynar, yanar oda salmısan.
Sən özün də yaman günə qalmısan,
Həsrətə kim son qoyacaq, bilmirik?
İnsaf eylə, qayıt geri, amandır,
Sənsiz qalmaq imkansızdır, yamandır.
Ayrılmışıq, gör nə qədər zamandır,
Haqq-hesabı kim sayacaq, bilmirik?
Sən də, mən də səbəkarıq, bilirik,
Sən də, mən də inadkarıq, bilirik.
Sən də, mən də günahkarıq, bilirik,
Cəhənnəmdə kim yanacaq, bilmirik?!.
NƏYİ İSTƏYİR İNSAN?
Yorğun-yorğun hey baxır, heç nəyi görmür gözü,
Əl soyuq, ayaq soyuq, sönüb ürəyin közü.
Tərpənir dil-dodağı, anlaşılmır bir sözü,
Yaşamağa həvəs nə?.. Nəyi istəyir insan?
Əzrayılla savaşda, öz gücünü sınayır,
Tükənməz arzuları, istəkləri sanayır,
Dönən çərxi-fələyi, zamanəni qınayır,
Düşdüyü dar qəfəsdə, nəyi istəyir insan?
Nə əcəllə öləydim, nə qurban kəsiləydim,
Bilmədiyim sualın, cavabını biləydim.
Tale, qismət deyilən, yazılanı siləydim,
Oyan, səsimi kəs də!.. Nəyi istəyir insan?
Deməyin qəribəyəm, öyrənmək həvəsimdi,
Dilimdən nə çıxırsa, qəlbimdəki səsimdi,
Ölüm olsa əlimdə, söyləmərəm bəsimdi,
Görəsən, son nəfəsdə, nəyi istəyir insan?
Deyim mən son nəfəsdə, nəyi istəyir insan?..
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)