“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POÇTUNDAN rubrikasında sizlərə Günel Ağazadənin şeirlərini təqdim edir.
DÜŞÜNƏN MƏZAR
Bu necə səssizlikdi,
Səsi yorur beynimi?
Deyin – Burda kim ölüb,
Kim tutubdu matəmi?
Ruhum kimi yad edir
Yazısız vərəq kimi?
Mən niyə ağ geymədən
Ağlara bürünmüşəm?
Başıma yığışanlar
Gülməkdənmi ağlayır?
Çoxdandı görmədiyim
Dost-tanış da burdadı...
Niyə hər kəs peşmandı,
Niyə üzü qaradı?
Kim rahatlıq tapıbdı
Təsadüf itkilərdən?
Doğmalarım bezibdi
Yalançı təsəllidən.
Axı dünya genişdi...
Bəs mən niyə baxıram
Balaca çərçivədən?
Hamının başı sağdı,
Hamı da bir-birinə
Başsağlığı diləyir.
Dirilər maraqlıdı...
Hamı görür öləni,
Bilir dünya fanidi.
Bu dünyanı yaşayır
Əbədi dünya kimi.
Burdan baxanda dünya
Cəmi qırx vərəqlidi...
XƏYALIMIN RƏNGLƏRİ
Mən heç böyümədim ki,
Bəlkə soldu arzular.
Bəlkə ümidsiz qaldım,
Heç nağılsız qalmadım...
Xəyalımın rəngləri
Qaraları ağartdı,
Bəxtimə kölgə saldı.
Kimi yalan danışdı,
Gözlərimi boyadı.
Kiminin nağılları
Ömrümün yollarında
Toz pənbə rəngdə qaldı…
Mən heç böyümədim ki,
Dünyam hələ rəngarəng.
Dayan, tələsmə, dostum,
Sən hara tələsirsən?
Hələ rüzgar əsəcək.
Sevgilərə ip taxıb
Uçurarıq çərpələng…
Hələ qalıb oyunlar,
Oyunda uduzanlar
Gözlərini yumurlar.
Ən yaramaz adamlar
Axtaranda tapılar...
Artıq bəsti,
Yoruldum.
Bu dəfə siz uduzun,
Bir dəfə də mən udum.
Yumsun hər kəs gözünü:
Birdəfəlik gizlənim,
Tapmasınlar izimi...
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)