Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Bu qapının dalında uşaqlığım dayanıb,
Bu qapıdan o yanda daha duymazlar məni.
Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,
Bu qapıdan girməyə indi qoymazlar məni.
(Təranə Turan Rəhimli)
Təranə xanım- sevimli müəllimimiz, o qapını açmaq olsaydı, addımınızı o qapıdan o tərəfə atan kimi nə edərdiniz?
CAVAB
- İyirmi illik həsrətdən sonra o qapının önündə dayandığım gün içəri girə bilmədim. Ona görə yox ki, mənə mane olan kimsə vardı. Amma içəri addım atsam, özgə adamların yaşadığı o evdə mənə doğma olan hər şeyin kim bilir necə dəyişdirildiyini, bəlkə də, yox edildiyini görəcəkdim. O fərqin, o yoxluğun xatirəmdə diri qalanları öldürməsinə, o evlə bağlı yaddaşımdakı müqəddəs lövhələri zədələməsinə izn verə bilməzdim. Vermədim də... Əgər o qapıdan o yana addım ata bilsəydim, ilk qocaman tut ağacına salam verərdim. Sonra əncirin yerə dəyən budaqlarının, yelpazə yarpaqlarının altında gizlənən, heç vaxt içini görmədiyim dərin quyunun yanına özümü çatdırardım. Quyunun ağzındakı gücüm çatmayan o ağır daşı qaldırıb bir kənara atar, əyilib pıçıltı ilə dibsiz dərinliyə "mən gəlmişəm" deyərdim.
Ədəbiyyat və incəsənət”
(19.04.2024)