“Nə xoşmuş yazın növrağı” -MİRZƏ ŞƏFİDƏN 65 ÇAP OLUNMAMIŞ ŞEİR Featured

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş lirik şeirinin dərcini davam edir. 11 gündə sizlərə Azad Yaşarın təqdimatında 65 şeir təqdim ediləcək.


“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

7

 

Bürüyüb dörd yanımı

nəfəsin xoş halətək.

Hara baxsa gözlərim,

gül hüsnünü görəcək.

 

Qəm dəryamda hər gecə

sənsən batan, qərq olan.

Sənsən – sübh günəşitək

orda doğan, doğulan.

 

 

8

 

Bizim yaylaqlara bahar gələndə

günəşin nəfəsi əridər qarı.

Çəmənlər xalıtək çiçəkləyəndə

ağaclar göstərər tumurcuqların.

 

Əriyən qar suyu basar yamacı,

yağış da səngiməz ilk bahar çağı.

Talaları oxşar ilıq nəfəsi

günəşin...

Nə xoşmuş yazın növrağı!

 

Yerin buz örtüyü sel olub axar,

dağda bulaqların gözü açılar.

Hər tərəf yamyaşıl don geyinəndə

meşəni rayihə başına alar.

 

Yaşıl dərələrə dolar qoxular,

açılar göyün də qaşı-qabağı.

Talaları oxşar ilıq nəfəsi

günəşin...

Nə xoşmuş yazın növrağı!

 

Yadıma sahildə qoşa gedərkən,

sevgindən bülbültək dil-dil ötərkən 

səni uzun-uzun öpdüyüm düşür.

Soyuq günlərdə də isidib, yəqin,

ruhunu alovu həmin öpüşün.

 

Zirvədən tökülən gur şəlalələr

sanki qovuşdurar göylə torpağı.

Talaları oxşar ilıq nəfəsi

günəşin...

Nə xoşmuş yazın növrağı!

 

 

9

 

Mənəmsə cahanın ən bəxtəvəri,

nə fərqi – bu dünya dönür, ya dönmür?!

Məqsədə gedərkən hər bəndə fərqli

yol seçir... və onu gedir bir ömür.

 

Bir can hayındadır zahid özü də,

sanır, onu Tanrı belə yaradıb.

Əlüstü paylarkən nemətlərini

və diktə edərkən xislətlərini

yaxşıya-yamana məhəl qoymayıb,

hər bəndənin ömrün-günün qaraldıb.

 

Mənsə baş qoymuşam yarın kuyinə

bu şirin nəğməmi yazdığım dəmdə.

Gözlərim doymazkən onun hüsnündən

mey qədəhi peyda olur əlimdə.

 

Şərabı daddıqca mən udum-udum,

ağlım da üstümə, geri qayıdır.

Etiraf edirəm:

“Hər şey bir yana,

dünyada mey və eşq – cənnət payıdır”.

 

 

10

 

Kəsilmir bağçada ahı-naləsi

başını çiyninə qısan bülbülün:

“Nə olsun, nəğməmin min bir rəngi var?!

Nə olsun, gözəldir, xoş ahəngi var?!

Əgər qurtulmasam bu dar qəfəsdən,

mən necə görərəm hüsnünü gülün?!”

 

Qızılgül gülşəndə yırtır sinəsin:

“Ömrüm necə şadman keçsin belədə?!

Nə olsun ki, hüsnüm zərifdir, xoşdur?!

Nə olsun, ətrimdən aləm sərxoşdur?!

Niyə qulağıma çatmır bülbülün

nəğməsi, naləsi axı hələ də?!”

 

Buna Mirzə Şəfi qoyur nöqtəni,  

deyir: “Hər ikiniz bir hovur susun,

Gül! Sənin ətrinlə qoy dolsun hər yan.

Bülbül! Sən də onu mədh et durmadan.

İkinizin şövqün mənim ilhamım

özünə hopdursun, yaysın, qorusun”.

 

 

11

 

Geyib əlvan donun yenə əyninə,

gəldi bahar bizim obaya-elə.

Hər il pişvazına çıxardım onun –

o gözəl dostumun piyalə ilə.

 

İndi gizlənirəm...

Züleyxam yoxdur,

gülləri süzürəm çarəsiz kimi.

Çünki sevgilimdə tapırdım yalnız

mən öz vüsalımı, səadətimi.

 

 

12

 

Avam olma, inanma ki, dərd-bəla

adəm oğlun nəcib, mömin eyləyər.

Heç inanma xəncərə düşən paslar

bir gün onu iti qılar, teyləyər.

 

Kim görüb ki, lildən su bərrak olar?!

Kir-pasdan qurtulan… yalnız pak olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.