Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Biz ki unutmuşduq ilk məhəbbəti
Ah, bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Mən də bəxtiyaram, sən də bəxtiyar,
Bəs bu həsrət nədir, bu məlal nədir?
Saxlama, qoy gedim,
gözləyənim var,
Gedimmi?
Bir hə de, o sual nədir?
Dayanma qarşımda günahkar kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi,
Sənin toyunu da alqışlamışam.
Niyə zilləmisən gözlərini sən?
Mənə əvvəlki tək baxma, amandır.
Mən ki əl çəkmişəm məhəbbətimdən
Qəlbimi odlara yaxma, amandır.
Peşiman olmağın nədir əlacı?
Yüz fikir bir borcu ödəməz indi.
Mən sənə qardaşam, sən mənə bacı,
İlk eşqə tapmısan bir əvəz indi.
Yanmasın, ulduzum tez yanıb sönsə,
Vədəsiz şadlığı istəmirəm mən.
Özgənin eşqinə göz dikməkdənsə,
Həsrətin qoynunda can verərəm mən.
Sevin, əzizləyin bir-birinizi,
Ayrılıq diləsəm dilim lal olsun.
Qolboyun, mehriban görəndə sizi,
Mənim şair könlüm qoy xoşhal olsun.
Şirin söz eşitsəm dodağınızdan,
Bilin ki, sədası ürəyimdədir.
Gəlsə körpə səsi otağınızdan,
Hər xeyir-duası ürəyimdədir.
Pozmaram bir evin birliyini mən,
Görsəm ev yıxılır, gedib quraram.
Əl əldən soyusa, ürək-ürəkdən,
Sizi eşqinizə qovuşduraram.
Nə peşiman ol, nə qəlbbini sıx,
Çətindir, o günə qayıtmaq, çətin.
Əvvəli sevincdir, sonu ayrılıq,
Taleyi gətirmir ilk məhəbbətin.
Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə, ismətini sev.
Mən səni bir vaxtlar sevdiyim qədər,
Sən də öz ərini qismətini sev.
Biz ki unutmuşduq ilk məhəbbəti
Ah, bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Bu gün şair, tərcüməçi, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anım günüdür.
Tofiq Bayram 1934-cü il dekabr ayının 16-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayan Tofiq Bayram sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir.
O, Aleksandr Tvardovskinin “Üfüqlərdən-üfüqlərə”, dünya xalqlarının incilərindən ibarət “Ürəkdən-ürəyə” toplusu, Rasul Həmzətovun “Durnalar” və “Dostları qoruyun” adlı şeir kitablarını, A.Puşkinin “Mosart və Salyeri”, A.Tvardovskinin “Yaddaşın hökmü”, A.Axmatovanın “Rekviyem” poemalarını, habelə İspan dramaturqu Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini, həmçinin Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev və bir çoxlarının ən gözəl sənət əsərlərini seçərək, onları dilimizə tərcümə etmişdir.
Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı” laureatı fəxri adları verilmişdir.
Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.
Gəlin şairin ən ölməz, ən unudulmaz misralarına kiçik bir səfər edək.
Ay gecikən məhəbbətim!
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!
Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!
Saç ağartdım bu yollarda,
Harda idin, söylə harda?!
Bir yarpağam son baharda,
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!
Sən əzabsan, göz yaşısan,
Bəxtimin son naxışısan,
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim!
Gəl ki, sənsiz ürək bir daş.
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!
Bir könül var, əmanətdir,
Acısı da şirin dərddir.
Bir qadına xəyanətdir,
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!
Cəzan varsa, verən gəlsin,
Könlü hicran görən gəlsin.
Məcnun gəlsin, Kərəm gəlsin,
Desin, nədir qəbahətim,
Ay gecikən məhəbbətim!
Bir xəstəyəm, əlacım sən,
Bir koram, əl ağacım sən,
Görüşünə əl açım sən –
Gəl ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!
Azərbaycan deyəndə
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.
“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şe’r-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!
Qadın ürəyi
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdənE
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.
Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!
Qarabağı vermərəm!
Bütün aləm danışır
mənim səxavətimdən,
Dostlara pay verəndə
bahasını verərəm.
Qonağa süfrə açıb
öz halal nemətimdən,
Evimin ipəyini,
xarasını verərəm.
Lazım gəlsə yolunda
keçib, can sərvətimdən
Çıxarıb ürəyimin
parasını verərəm.
Kimlər ki, şəfqət tapır
öz ana təbiətimdən
Dərman kimi dağların
havasını verərəm.
Fəqət dağı vermərəm,
Mən heç zaman dönmərəm.
Fikrimdən, niyyətimdən,
lazım gəlsə, gözümün
Qarasını verərəm,
Qarabağı vermərəm!
Əgər yer-göy dağılıb,
dönsə baharım qışa
Parça-parça doğranıb,
yem olsam da qurd-quşa
Allah da göydən enib,
başlasa yalvarışa
Qara keşiş yumşalıb,
Kərəm ilə barışa
Göyçə gölü birləşib,
Göy-gölümlə qarışa
Yüz-yüz çaya Turşsutək
bir bulağı vermərəm
Mən canımı verərəm
Qarabağı vermərəm!
Bu necə qonşuluqdu,
üzük mənim qaş onun?
Mən öz başımdan keçim
çiynimdəki baş onun?
Torpağımdan pay verim
olsun könlü xoş onun?
Bu Qarabağ nə vaxtdan
məskəni olmuş onun?
Əli sınsın tarixi
belə düzüb, qoşanın.
Gözüm yoxdur üstündə
bircə qara daşının
Ağ dumanlar gəlinlik
duvağıdır Şuşanın.
Mən gəlinin üzündən
o duvağı vermərəm.
Namusum, ismətimdir
Qarabağı vermərəm!
Bu nə oyundu? - deyib
Vaqif qalxar məzardan,
Məqbərəsi od tutub
əriyər intizardan.
Lənət daşı yağdırar
Xan qızı daş hasardan.
Görən Üzeyir bəyə
çatıbdır bu səs hardan,
Qarabağın çənidir
tunc heykəli bozardan.
Nərə çəkir Koroğlu
cəngi çalır saz hardan.
Qıratdımı şığıyan
göyə qalxır toz hardan?
Çıxıb cıdır düzünə Nigar,
Xan Eyvaz hardan.
Kür burdan hay qoparır
kükrəyir Araz ordan.
Vətən satlıq mal deyil
əl çəkin bu bazardan.
Millətçilik deyilən
ən dəhşətli azardan.
Millət xilas olmasa
qurtarmaz ahu-zardan
Torpağıma girişən
Qarabağa gor eşən
Hər növ mərdi-məzardan,
cana doyub deyirəm
Əlin qopmasa ordan
köynəyim bayraq olub,
Seçilməz laləzardan,
mən əsgərəm əlimdən
O bayrağı vermərəm,
öz canımı verərəm,
Qarabağı vermərəm!
“Ədəbiyyat və incəsənət”
(19.04.2024)