Habil Yaşarın sevdiyi şeir Bəxtiyar Vahabzadədəndir Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli yazarımız Habil Yaşardır.

 

-Habil bəy, Çesterton söyləyib ki: " Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə öz müəllifi haqqında həqiqəti söyləyir."

Şahidi olduq ki, oxucular əvvəlcə Nihat və Aytəkinin həyatına təəssüflənir, daha sonra Habil Yaşara bu roman üçün xoş sözlər deyirdilər. Deməli, romanınız çox sevilib, dəyərli Habil bəy.

İndi isə romandan danışmayacağıq.

Bir çox şeirlərinizin də qəlblərdə iz salmasını bilirik.

Ümumiyyətlə, Ədəbiyyat Habil Yaşara nəfəsi qədər yaxındır, yeri gəlmişkən, Habil bəy, söyləsək ki, “Sevdiyin şeiri gəl mənə söylə" hansı şeiri bizə söyləyərsiniz?

 

-Salam Ülviyyə xanım, dəyərli həmkarım. Öncə Sizə, daha sonra isə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikanıza uğurlar arzulayıram. Bir şeyi də xüsusilə qeyd etməliyəm ki, siz də çox gözəl şeirlərin, bir-birindən maraqlı düşüncələrin müəllifisiniz. Hər gülün öz ətri olduğu kimi hər bir şeirin də öz gözəlliyi, mahiyyəti vardır. Bu dəyərlər arasında seçim etmək mənim üçün çox çətin olsa da bir şeiri sizlərlə paylaşmalıyam. Dahi şairimiz Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” şeiri mənim ən çox sevdiyim şeirlərdən biridir, bəlkə də birincisidir. 

 

Vaxtın dəyirmanında daş əridi, qum oldu,

Tarixə atdığıımız qayıtdı, lüzum oldu.

Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı, dünya fırlanır.

 

Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır.

 

Dünən düz sandığımı bu gün əyri sanıram.

Bəzən olur, özümdən özüm oğurlanıram.

Hər il başqa arzunun başına fırlanıram,

Niyə də fırlanmayım, axı, dünya fırlanır...

 

Çox əyilən görmüşəm, əyilməyən başları.

Sular duruldu, gördük dibindəki daşları

Ünvanmı dəyişdi dünənin alqışları;

Niyə də dəyişməsin, axı, dünya fırlanır...

 

Necə dönür bu dövran, necə dönür bu gərdiş,

Tazıların üstünə dovşanlar da gülərmiş.

Dünya bina olandan hər şey dəyişilərmiş,

Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

 

Əbədini dünyada mən əbədi sanmadım,

Bir atəşə tutuşdum, min atəşə yanmadım,

Bütlər gəldi və getdi, birinə inanmadım

Niyə inanmalıyam, axı, dünya fırlanır.

 

Fırlandıqca bu dünya, yox da dönüb var olur,

Quruyan çeşmələrdən sular yenə car olur.

Bu dünyanm xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

 

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

 

Nə qədər istəyirsə, min o qədər fırlana,

Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.

Çərxi-fələk istəyir lap dolana tərsinə,

Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.