“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Anar Turanın “Daşürəkli” hekayəsi təqdim ediləcək.
80 dəqiqəlik mühazirə bitir və zəng çalınır. Gələcəyini həkim kimi görmək istəyən bir qrup gənc fasiləni dəyərləndirmək üçün universitetin kafesinə doğru gedirlər. Tələbə kafesində çox növbə olur deyə, hər kəs tələsir ki, heç olmazsa, sırada qabağa düşsün. 805-ci qrupun qızları hərəsi əlinə şirniyyat, çay, kofe götürərək əyləşirlər. Bir azdan qrupun bir neçə oğlan tələbəsi də onlara yaxınlaşır. Həyəcanla sabahkı praktikanı müzakirə etməyə başlayırlar. Bəziləri həyəcandan, bəziləri isə maraqdan öləcəklərini dilə gətirirlər. Əslində onlara haradasa haqq da vermək olardı. Axı bu sınaq yalnız onların təhsil aldığı universitetdə var idi...
Beləcə, növbəti dərs başlayan kimi onlara yaxınlaşan praktika müəllimləri, professor Abdalov gənclərin sabahkı praktikaya hazır olub-olmadığını soruşur.
- Bəli, müəllim, elə onu müzakirə edirik ki, necə olacaq? Uşaqlar həyəcanlıdır -deyə Müalicə profilaktikası fakültəsinin tələbəsi Sevinc təbəssümlə cavab verir.
- Qorxmayın, uşaqlar, bu normal bir məsələdir. Sizdən əvvəl minlərlə tələbə buranı bitirib. Birinə həyəcandan nəsə olduğunu eşitmisiniz? Siz gələcəyin həkimlərisiniz və belə şeyləri gözünüzdə böyütməyin.
Əlbəttə, tələbələri başa düşmək olardı. Onlar universitetin yanında pataloji anatomiya deyilən yerə gedəcəkdilər. Bu, ayrıca bir şöbə idi - üzərində müəyyən yoxlamalar və araşdırmalar aparmaq üçün ölülərin saxlanıldığı xüsusi soyudulmuş yer. Sabah onlar yarılmış meyitlərin iç orqanlarına baxmaq, xüsusiyyətlərini öyrənmək üçün kurs keçəcəkdilər.
Beləcə, səhər tezdən oyanan uşaqlar universitetə gecikməmək üçün bu gün hər zamankından tez gəlmişdilər. Çünki gecikməklə, həm nəyisə qaçıra, həm də ümumiyyətlə pataloji şöbəyə buraxılmaya bilərdilər. Çünki ora daxil olmağın xüsusi qaydaları var idi.
Qrupun ən iddialı, mütaliəni praktikayla uyğunlaşdırmağı sevən tələbəsi Sevinc idi. O qədər imkanlı olmadığı sadə geyimindən də bilinirdi. Belə ki, Təbabətdə oxumaq elə də asan deyildi. Həm də burada oxuyanların çoxu nisbətən imkanlı təbəqədən idilər. Ağ xalatlı olsalar da, fərdi geyimləri çox çəkici olurdu. Zinət əşyalarını göstərməkdən çəkinməyən tələbələr də az deyildi. Amma doğrusu, bu qızda təkcə xasiyyət sadəliyi deyil, həm də imkansızlıqdan yaranan sadəlik hökm sürürdü. Bəlkə o da istəyərdi ki, həmkarları ilə ayaqlaşsın. Ayaqlaşa bilməyəcəyini anladığından bütün gücünü təhsilə yönəltmişdi. Beləcə, yenə də mərkəzdə idi. Çünki hazırlıqlı olması onu vəziyyətdən çıxarırdı.
O qədər gözəl olmayan, amma çəkici aurası olan bu qız, əslində çox çətinliklə böyümüşdü. Atası onları atıb getmiş və başqa qadınla evlənmişdi. Alimentini belə vaxtlı-vaxtında ödəməyən, aşırı içki və qumar aludəçisi olan atası haqqında pis xəbərlər ailəni elə bezdirmişdi ki, uşaqlar onun ayrılıb getməsinə, hətta şükür edirdilər. İki qız, bir oğlanı başsız qoyan atanın uşaqlarının böyüməyindən xəbəri belə olmamışdı. Amma Sevinc nisbətən istisna idi. Doğrusu, qardaş və bacılardan fərqli olaraq o atasına bağlı idi, onu arzulayırdı. Arada atasıyla telefonla danışar, onunla görüşərdi. Ata da qızının istəklərinə etinasız deyildi. Hardan olsa da, pul tapıb qızına verərdi. Ona vaxt ayırmağa çalışırdı. Hətta yeni ailəsinə bunu izah da edirdi. Amma onu anlamaq istəmirdilər. Hər dəfə təzə aldığı qadın onunla bu məsələdə mübahisə edirdi.
O mühəndis idi. Ali təhsil alıb, kəndinə qayıtmış, oradan qohumu ilə evlənib yenidən şəhərə qayıtmışdı. dönmüşdü. Sevinc üç uşağın ilki idi. 3 il gözləmişdilər deyə, dünyaya gələndə çox sevinmişdilər. Adını da buna görə qoymuşdular. Sevincin atası qumara qurşanmasaydı, bəlkə də hər iki ailəsini saxlayacaq gücə, imkana sahib bir adam idi. Qumar istəyi isə günü-gündən onu özündən asılı edir, hər gün uduzmaqla daha da müflisləşməyə doğru gedirdi. Sanki birinci qadının ahı qalmışdı arxasınca. Heç bir işdə qalıcı ola bilmirdi. İnsafən, birinci qadını sadə zəhmətkeş, zəhmətkeş idi, dərziliklə balalarını dolandırırdı. Əlavə olaraq restoranların birində qarderobda işləyirdi. Bununla əlavə maaş alır, həm də xidmət etdiyi müştərilərin hərdən uzatdığı kiçik xırda pullarla ayaqda durmağa çalışırdı. Sevincin qardaş-bacısı, demək olar ki, ana üzü görməyərək böyüyürdülər. Zavallı qadın bu iş qrafiki ilə uşaqlarını necə görəcəkdi axı? Ananın bəxti onda gətirmişdi ki, uşaqların nənəsi var idi və onlara baxırdı. Beləcə, ortalıqda olmayan ata, ara-sıra görünən anayla Sevinc böyüyüb Təbabət İnstitutuna girmişdi.
Fəal tələbələrdən biri olan Sevinc adamayovuşmazlığı, qaradinməzliyi ilə tanınırdı. Bir az da soyuq təsir bağışlayırdı. Bütün məsələlərə soyuqqanlı yanaşması ilə seçilirdi. Xüsusilə cərrahiyyə məsələlərində. Əslində bu, peşəkar yanaşma idi. Həkim olacağını bilən kəs gərək bu cür də davranış sərgiləsin. Lakin bəzən ürək, hisslər imkan vermir... Ən soyuqqanlı adamın da zəif nöqtəsi ola bilər. Yoldaşları tez-tez: "Sevinc, ürəyin daşdır sənin, necə hissiyyatın yoxdur, necə soyuqqanlı qala bilirsən?" - sualını çox verirdilər. Tibb sahəsində nə qədər tükürpədici görüntülər olsa da, o anlayırdı ki, bu, bir dərsdir və həkim olmaq istəyənlər üçün bu vacibdir. Axı o, digərlərindən fərqli olaraq kasıbçılıq imtahanını ağır şəkildə keçmişdi və gələcəyin yaxşı, əl-əl axtarılan bir həkimi olmaq haqda düşünürdü. Cəmi 22 yaşı var idi. Amma belə kövrək yaş dönəmində ən azı 10 il böyümüş kimi görünürdü...
Praktika günü gəlib çatır. Beləcə, uşaqlar Universitetin pilləkənləri ilə aşağı düşür, uzun dəhlizdən keçərək qalın və oval şüşə pəncərəsi olan qapıya yaxınlaşırlar. İçəridən boylanan həkimin assistenti onlara baxır və qapını açmağa başlayır.
İç orqanlarına baxıb qeydlərini aparan tələbələr müəllimlə maraqlı dialoqa girir, bəziləri isə özünü saxlaya bilməyib öyüməyə başlayırdılar. O, hər kəsə təmkinli olmaq lazım olduğunu bildirir. Sevincin isə tükü də tərpənmirdi... Elə bil, həqiqətən, daş idi. Müəllimlər də onun soyuqqanlı davranışına heyran qalırdılar. Deyirdilər ki, sən gələcəyin böyük həkimi olacaqsan. Bu isə onu məmnun edir, özünəinamı bir az da artırırdı.
Beləcə, bayaqdan dərsdənkənar söhbətlərdən birtəhər özünü ayırıb qarşılarında uzadılan insan meyitinə diqqətlə baxmağa başladı. Praktika müəllimləri isə bir-bir hissələri göstərərək izahlar edirdi. Müəllimin ağzından çıxan hər kəlməni götürən bu zərbəçi tələbə bir də baxdı ki, ətrafında uşaqların çoxu ondan xeyli aralı dayanıb və sifətləri turşumuş haldadırlar.
Onlara gülə-gülə baxaraq, "Yaxın gəlin, uşaqlar. Əvvəl-axır biz bunu öyrənməliyik..." - dedi.
Bunu deyib, meyitin ətrafında dövrə vurmağa başladı. Baş nahiyəsinə çatdıqda qəfil diqqətini meyitin üz cizgilərinə yönəltdi. Birdən onun qarabuğdayi üzü, sanki közərmiş hala düşdü. Elə bil bədəninin bütün qanı başında toplandı. Bir əli ilə ürəyini, digəri ilə çarpayının dəmirindən tutaraq özünü yıxılmaqdan güclə saxladı...
Gənc qızın az qala ürəyi dayanmışdı. Az qala yıxılacaqdı, yoldaşları bunu hiss edərək ona sarı atıldılar.
- Sevinc, Sevinc, nooldu sənə, - deyə tələbə yoldaşları, sanki xorla dilləndilər...
Müəllim də yaxına gələrək:
- Qızım, bəlkə cənazə sənə pis təsir etdi? Qoxusu da fərqlidir, bəlkə o təsir etdi? - deyə soruşdu.
- Müəllim, zarafat edirsiniz, o, hamımızdan təmkinlidir axı. Özü də ilk dəfə deyil meyitə baxdığı. Görmürsünüz, bayaqdan biz əsirdik, onun isə vecinə deyildi,- deyə qrup yoldaşları yerlərindən deyindilər.
- Vecimədir! - Ağır və aramlı tonla daşürəkli qız, nəhayət, dilləndi.
- Vecimədir...
- Necə? Niyə? Bəs sən axı?..
- O mənim atamdır, - deyə Sevinc həyəcanla dilləndi.
Hər kəsi şoka salan bu vəziyyətə universitetin tarixində bəlkə də heç kim düşməmişdi. Heç kəs belə halla qarşılaşmamışdı. Qrupun oğlanları da qızları kimi donub qalmışdı, nə deyəcəklərini bilmirdilər. Ortaya bir neçə dəqiqəlik sükut çökdü.
Bəli, o, atasını görmüşdü. O, atasını tanımışdı. Düz 3 ildir tam xəbərsiz olduğu atasını, axtardığı, amma tapa bilmədiyi, telefonlarına cavab vermədiyi, qaçdığı atası, nəhayət, hüzurunda idi. Müflis olan ata onun qarşısına çıxmağı özünə sığışdırmamış, dərd-sərdən içki aludəçisinə çevrilmiş və müalicəsiz, küçələrdə kimsəsiz canını tapşırmışdı. Heç bir sahibi tapılmadığından da bu cür aqibətlə üzləşmişdi. İkinci ailəsindən də xəbər çıxmamışdı. Beləcə, evsiz, eşiksiz, kimsəsiz küçələrin birindəcə vəfat etmişdi. Qəribədir ki, ömür boyu uşaqlarını ürəkdən sevindirməyən, əksinə, gözüyaşlı qoyan bu adam, bu dəfə də öz tərzindən qalmadı. Yenə də zərbəni onu istəyən, onunla az-çox maraqlanan qızına vurdu. İndi bu zədədən zavallı qızcığaz necə qalxacaqdı? Bax, burada hər kəs özünü sözün bitdiyi yerdə hiss edirdi... Bu hadisə isə tələbələrdə dərin izlər buraxdı və getdikləri hər yerdə kimsəsiz adamlara münasibəti kökündən dəyişdi.
Sevinc isə atasına son övladlıq borcunu verir, onu ləyaqətli şəkildə dəfn edir. Və bir də universitetə gəlməyəcəyinə qərar verir. Beləcə, 3-cü kürsdan etibarən ali təhsil aldığı yeri tərk edir. Sevinc bu sarsıntıyla həmin yerdə oxuya bilməyəcəyini dərindən anlayırdı. Onun daşürəkliliyindən əsər-əlamət qalmamışdı. Həyat onun daş ürəyini bir də əzmiş, parçalamış, hətta cilalamışdı...
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)