POETİK QİRAƏTdə Ruslan Dost Əlinin “Deyil” şeiri Featured

Poetik Qiraətdə bu gün sizlərlə sevilən gənc şair Ruslan Dost Əli görüşür. “Deyil” şeiri bir sevgi şeiridir.

göy üzünü bir günlük kirayə istəyirəm,

sənə yazacaqlarım varaqlar üçün deyil.

Necə də gözəl poetik lövhədir! 

Xoş mütaliələr! 

 

orucumu pozaram, and içərəm doyunca,

səni inandıraram bu eşqə yol boyunca.

deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,

olsun, bilməlisən ki, uşaqlar üçün deyil.

 

baramaqlarını gətir, bir, iki, üç, dörd... sayım,

adını əzbərləyim, gündüzlər sayaqlayım.

yaxın dur, dodağına bir kəlmə pıçıldayım,

mənim deyəcəyim söz qulaqlar üçün deyil.

 

tərpənməyə qorxuram, bu eşq ki var canımda,

bircə addım ataram, boğularam qanımda.

bu əlləri bəs niyə saxlamışam yanımda?

ay qız, sənin saçların daraqlar üçün deyil.

 

mən tanrıdan nə bir din, nə ayə istəyirəm,

nə azan oxumaqçün minarə istəyirəm.

göy üzünü bir günlük kirayə istəyirəm,

sənə yazacaqlarım varaqlar üçün deyil.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.