POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Keçir” şeiri Featured

Poetik Qiraətdə bu gün sizlərlə sevilən şairiniz Musa Ələkbərli görüşür. “Keçir” şeiri bir nostalgiya nümayişidir.

Amma burda şikayət motivləri də güclüdür.

Baxan nə bilsin ki, düzün düz yolu

Yüz qurğudan keçir, kələkdən keçir.

Xoş mütaliələr! 

 

KEÇİR

Yerdən ulduz qədər məndən uzaqdı,

İndi o duyğu ki ürəkdən keçir.

Çörək hayındadır günün sərt üzü

Daha çox arzudan, diləkdən keçir.

 

Getdi ömrümüzün sevilən çağı,

Bir vaxt yar dediyim olubdur yağı.

Niyə yandırım ki mən o çırağı

Bir ötəri mehdən, küləkdən keçir.

 

Mən nəyi duymadım, mən nəyi duydum,

Harda haqqı dandım, yalana uydum?!

Gecə ki başımı yastığa qoydum

Gündüzüm ələnib ələkdən keçir.

 

Dövranın bicliyi, vaxtın kələyi,

Yandırdı əlimdə o son lələyi.

Çox da tanrı yazır bizə taleyi

Dönəmi - döngəsi fələkdən keçir.

 

Bu şeytan cığırı - bu ilbiz yolu,

Ya yol bizi çəkir, ya da biz yolu...

Baxan nə bilsin ki, düzün düz yolu

Yüz qurğudan keçir, kələkdən keçir.

 

Gözəllik bazarda satılır indi,

Mələklər baş-başa çatılır indi.

Ceyranlar gülləyə atılır indi

Nə teylənir, nə də sürəkdən keçir.

 

Həyat dağa-daşa çırpdıqca məni,

Tutur gözlərimi başımın çəni.

Hələ ki, Musanın ömür yelkəni,

Dalğadan, tufandan, küləkdən keçir.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.