“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlu gənc yazarlar üçün nəzəriyyə dərsi keçəcək. Mövzu Rolan Bartın təlimidir. Əsər, yoxsa mətn?
ƏSƏRMİ, MƏTNMİ?
Ədəbiyyatşünslığımızda, eləcə də ədəbi mətbuatda son onillikdə “əsər” sözü əksər hallarda “mətn” sözü ilə müşayiət olunur və əksər hallarda bunun gəlişigözəl sinonim kimi işlədildiyini görürük. Əslində, linqvistika elmində “dil” və “nitq” anlayışları bir-birindən fərqləndirildiyi kimi, müasir filologiyada “əsər” və “mətn” də fərqli mənalar kəsb edir. Bu, sadəcə, termin dəqiqləşdirməsi olmayıb, yazıçı-əsər-oxucu münasibətlərinin fərqli fəzalarda başa düşülməsini şərtləndirir. Əsərlə mətnin fərqləndirilməsi (bəlkə də, qarşı-qarşıya qoyulması daha dəqiq səslənə bilər!) yazıçı-əsər-oxucu münasibətlərinə yanaşmanın kökündən dəyişməsinə rəvac verir.
Mətni əsərdən fərqləndirmək təşəbbüsünün önündə fransız alimi Rolan Bart (1915-1980) gəlir. 1967-ci ildə “Müəllifin ölümü” essesi ilə filoloji fikirdə çevriliş edərək əsəri müəllifə, mətni oxucuya aid edən Rolan Bart 1971-ci ildə nəşr etdirdiyi “Əsərdən Mətnə” adlı məqaləsində “əsər” və “mətn” anlayışlarına fərqli mənalar aid etməyə çalışmışdı. O, əsərlə mətn arasında əsas fərqləri belə ümumiləşdirirdi:
1. Əsər evdə, mağazada, kitabxanada, kitab rəfində konkret yer tutan maddi obyektlər kateqoriyasına aiddir. Başqa sözlə, əsər əllə tutula, gözlə görünə bilən maddi varlıqdır; mətn isə sözün ölçüsü və tutumu ilə fərqlənir, sonsuz sayda metodoloji tədqiqatlara ayaq verir. Əsərin əldə tutulmağı mümkün olduğu halda, mətn dildə və beyində yer tutur.
2. Əsərdən geniş olan mətn bir əsərə sığmır. Bir yazıçı çoxlu romanlar, hekayələr, şeirlər yaradır, lakin onun konkret yaradıcılığı bir müəllif mətnindən ibarətdir, hər müəllifin bir mətni, amma yetərli sayda əsəri olur.
3. Mətn özünün işarəyə (sözə) münasibəti ilə tanınır və müəyyənləşir; əsər də müəllif işarəsi kimi fəaliyyət göstərir. Mətn öz estetik tükənməzliyini gələcəyə ötürür: yeni nəsil oxucular və filoloqlar mətnin yeni-yeni sirlərini açmaqla məşğul olurlar. Əsərin isə əvvəlki maddi forması və həcmi daim dəyişməz qalır.
4. Mətn oxu və təhlil prosesində dərin dəyişikliklərə yol açır. Struktur təhlili mətnin əsl mahiyyətinə deyil, onun çoxluğuna yönəlir. Mətndəki mənalar çox olduqlarına görə bir-biri ilə yola gedə bilmir, bir-birindən fərqlənir, əsər isə təkdir.
5. Müəllifin (yazıçının) əsərdəki və mətndəki yeri də fərqlidir. Müəllif əsərin sahibi və yaradıcısıdır, ona görə də ədəbiyyatşünas müəllifə hörmətlə yanaşmağı öyrədir. Yazıçı öz əsərinə qanuni olaraq "müəlliflik hüququ"na əsasən bağlıdır. Mətnə gəldikdə isə burada sözü yazanın hökmü qüvvədən düşür. Yazıçı mətndə kənar şəxs kimi çıxış edir, öz mətnini özünün düşündüyündən fərqli şərh edən tədqiqatçının sərbəstliyindən qorumağa ixtiyarı və səlahiyyəti çatmır.
6. Əsər praktik fəaliyyətlə bağlıdır, onu almaq, evdə və ya nəqliyyatda oxumaq mümkündür. Mətn isə oxucudan və ya tədqiqatçıdan istehlakçı münasibəti deyil, fəal əməkdaşlıq münasibəti tələb edir.
7. Həzz baxımından yanaşdıqda da mətn əsərdən fərqlənir. Mətn oxucunun estetik zövq mənbəyidir. Yazıçı da yaradıcılıq prosesində həzz alır, məsələn, yaratdığı parlaq bir epizodun, təsvirin sevincini yaşayır. Əsas fərq isə bunda görülür ki, oxucuya estetik həzzi mətn, yazıçıya isə əsər verir...
Növbəti gün sizə Rolan Bartın “Əsərdən mətnə” essesini təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)