BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

-Dəyərli Şairimiz Musa bəy Ələkbərli, unudulmaz yaradıcımız İlyas Tapdığın “Gözlər" kitabındakı şeirlərindən bir az da olsa, yadınızda qalan varmı? Bilirəm ki, o kitabla ilk tanışlığınız zamanı yaşınız az idi. Amma o kitabı böyük həvəslə oxumuşdunuz. 

 

CAVAB

-Ülviyyə xanım, tanışlıq üçün deyim ki, mən 1950-ci ilin bir yaz günü Gədəbəy rayonunun səfalı bir guşəsində, doğma Ataxal kəndində dünyaya göz açmışam. Atam Məlik müəllim duyğusal bir insan idi. Şirin qoşmaların, dadlı-duzlu gəraylıların müəllifi idi. Obamızın xeyirində-şərində baş verən olaylara yazdığı şeirlərlə münasibət bildirər, soydaşlarının rəğbətini qazanardı. Mən orta məktəbə getdiyim ilk günlərdən həm bir şair, həm də xeyirxah insan, qayğıkeş, təcrübəli müəllim olan atamın nüfuzunu, kölgəsini üzərimdə hiss edib, bundan hədsiz qürurlanır, onunla sözün həqiqi mənasında fəxr edirdim. Təhsildə və rəftarda, ətrafımdakılara münasibətdə “Məlik müəllimin oğlu” ifadəsinin qiymətini, urvatını qorumağa çalışırdım. Atam yaxşı saz çalar, saz havaları üstündə qoşma və gəraylılarını dilə gətirərdi. Yaxşı avazı, məlahətli səsi vardı. O səslə, o havalarla o məni şeirə, sözə kökləyirmiş sən demə. İlk laylamı çalırmış. Mənim şeirdə ilk müəllimim rəhmətlik atam olub. Olduqca təvazökar bir insan idi. Bəlkə də, poeziyamızı çox dərindən bildiyi üçün yazdıqlarını heç zaman dərc etdirmədi (buna mən bu gün də təəssüf edirəm). Əlimə qələm götürüb şeir yazdığım ilk günlərdə:  

 

Yatmışdım yuxudan məni oyatdı 

Atamın qoşması, atamın sazı. 

Gör hansı məqamda dadıma çatdı, 

Atamın qoşması, atamın sazı. 

 

-deyəcəkdim və Bakıda tələbə olarkən “Atamın məktubu” adlı bir şeir də yazacaqdım. O şeirin son bəndi beləydi: 

 

...Qəlbimi titrədən ayrı həvəsdi, 

Sənsən bu həyatda qanadım, qolum. 

“Filankəsin oğlu” olduğun bəsdi 

Qoy mən “filankəsin atası” olum. 

 

Doğrudur, mən onun arzularını yetərincə doğrulda bilmədim. O məni həm də bir alim kimi görmək istəyirdi. Ancaq ona həsr etdiyim başqa bir şeirimi əzbərləmişdi. O şeirdə belə bir sətirlər vardı: 

 

Təzə pərvazlanan körpə bir quşam, 

Sənin arzun idim gəldim həyata. 

Nə yaxşı mən sənin oğlun olmuşam, 

Nə yaxşı sən mənim atamsan, ata! 

 

Verdiyiniz sualdan uzaqlaşmağımı zənn etməyin. Sevimli şairimiz İlyas Tapdığın ilk kitabının bizim evə gəlib çıxması təsadüfi deyilmiş. O zamanın gənc şairi, bizim qonşu kənddən olan İlyas Tapdıqla atam tanış imiş. Əmimoğlu Qüdrətin onun “Gözlər” kitabını alıb kəndə - bizə gətirməyi də təsadüfi deyilmiş. Sən demə, atamın xahişi ilə o kitab bizə göndərilibmiş. Onda mənim on-on bir yaşım vardı. Hələ şeir yazmasam da, şairlərimizi oxuyurdum, yaxşı şeirdən baş çıxara bilirdim. Dağlar oğlu İlyas Tapdığın Gədəbəyin bulaqları kimi dumduru məhəbbət şeirləri də elə bu səbəbdən məni ovsunlamışdı. O şeirlərdən indi də yadımdan çıxmayan sətirlər var: 

 

Nə deyim, nə deyim sevdiyim qıza, 

Yazdığım məktubu cırıb deyirlər.  

Çatdırın fikrimi o insafsıza, 

Günahsız qəlbimi qırıb deyirlər. 

 

Etiraf etməyi borc bilirəm ki, “Gözlər” kitabından aldığım poetik enerji bu hadisədən cəmi 3-4 il sonra ilk şeirimi yazmağa, ürəklənib əlimə qələm götürməyimə vəsilə oldu. Ancaq ümumən məni poeziyaya bağlayan, bu poeziyanın dəlisinə, vurğununa çevirən İlk Xalq Şairimiz böyük Səməd Vurğunun poeziyası olub.  

Mən Bakıya gəldim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Atamın və əmim kimyaçı alim Rafiq Ələkbərovun tapşırığı ilə İlyas Tapdığın yanına getdim, onunla tanış oldum. Vaxtaşırı yazdığım  yeni şeirlərimi ona oxuyur, fikrini bilmək istəyirdim. Onda o, sonralar mən işə düzələcəyim “Gənclik” nəşriyyatında şöbə müdiri işləyirdi. Mənim onunla ilk tanışlığım sonralar ən yaxın ünsiyyətə, ailəvi dostluğa çevrildi. Allah rəhmət eləsin, gözəl insan, yaxşı şair idi. Yüzlərlə gənc yaradıcının əlindən tutmuş, köməyini qayğısını əsirgəməmişdi. Mən onun ölümünə həsr etdiyim şeirin bir bəndini örnək gətirirəm: 

 

...Şeirin ustadıydı cavan çağından, 

Çoxuna köz qıydı öz ocağından, 

Vaqif zirvəsindən, Vurğun dağından, 

İlyas Tapdıq adlı bir qaya uçdu. 

 

 İlyas Tapdığa “Xalq şairi” fəxri adı verilməsə də, o xalqın şairi idi. Özü də kifayət qədər sevilən şairi idi.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.