“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şahı Məmmədliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
ŞAHIELMANOĞLUMƏMMƏDLİ (06.06.1995.-01.12.2020.)
Ucar rayonunun Bərgüşad kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
VƏTƏN SEVGİSİ SƏNİ QƏHRƏMAN ETDİ, ŞAHI
Sən, necə də şərəfli, ləyaqətli yol seçdin,
“Ölüm nədir?”- deyərək oddan, alovdan keçdin,
Bir ürək sahibiydin, milyon ürəyə köçdün,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Bərgüşadda tanındın saf, təmiz oğlan kimi,
Böyüyəndə sevildin ağıllı cavan kimi,
Şığıdın düşmənlərin üstünə aslan kimi,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Tayqulaq kafirlərə nifrət aşıb-daşanda,
Məhv etdin düşmənləri Tərtərdə, Suqovuşanda,
Elə bil sehirliydin, Talışda vuruşanda,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Sevgimiz tükənməzdir Araza da, Kürə də,
Torpaq namus deməkdir, olsa dağ da dərədə
Şəhidlik zirvəsinə ucaldın Ağdərədə,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Ömər adlı oğlun var - bizə qalıb əmanət,
Üzünə gülsün onun xoşbəxt tale, səadət,
Böyüyüb atasıyla fəxr eyləyəcək əlbət,
“Atamdır - bu diyarın şirin nağılı- Şahı,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)