Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr etdiyi “Xoşbəxt Vətən arzusu gerçəkləşən yazıçı” sərlövhəli yazısını təqdim edirik.
“Bu il bu böyük yazıçının, önəmli ədəbi şəxsiyyətin, bu əzəmətli qadının 100 illik yubileyidir. O, milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri kimi xalqımıza əzizdir. Yazıçı, tarixi roman janrının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru professor, Azərbaycan Yazıçılar Birliyinin rəhbər heyətlərinin üzvü, bir sözlə bir ömrə bir neçə ömrün işlərini sığdıran Əzizə Cəfərzadə haqqında yazmaq və danışmaq həm asan, həm də çətindir. Biz onun yaradıcı şəxsiyyətini çoxşaxəli fəaliyyətindən – əsərlərindən, kitablarından, televiziya, radio verilişlərindən yaxşı tanıyırıq. Amma bu zəngin fəaliyyət yolunu bütün çalarları, parametrləri ilə geniş şəkildə əhatə etmək, anlatmaq o qədər də asan deyil. Çünki Əzizə Cəfərzadənin keşməkeşli ömrü çox kiçik yaşlarından başlayan bir mübarizə yoludur. İlk qələm təcrübəsi olan “Əzrayıl” adlı hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirdiyi vaxtdan ədəbi həyata vəsiqə alan yazıçının həyat və yaradıcılıq yolu o qədər böyük və genişdir ki, onu araşdırdığın, haqqında yazdığın zaman bu zənginliyə heyran olmamaq mümkün deyil.
Onun ömrü çətinliklər, sınaqlar və təlatümlərlə keçmişdi; amma heç zaman qürurunu, mətanətini sındırmamışdı. Bütün çətinliklər qarşısında təmkinlə, vüqarla dayanıb məğrurluğunu qoruya bilmiş, mübarizəsini davam etdirərək xalqı üçün qiymətli bir ədəbi irs qoymuşdur. Bu zəngin ədəbi irsin hər bir səhifəsi isə Vətənin milli-tarixi taleyi, mənəvi-əxlaqi dəyərləri, çoxəsrlik ulu mədəniyyəti ilə bağlıdır. Buna görə də həmin əsərlər Azərbaycanın bugünkü və gələcək nəsilləri üçün çox dəyərli milli-mənəvi mirasdır.
1937-ci ildə əski Azərbaycan əlifbası ilə yazılan kitabların yandırılması barədə qərar veriləndə Əzizə xanım evlərində bu əlifba ilə yazılan kitabları həmin yanğınlardan qorumaq üçün bir kisəyə yığaraq çay kənarında basdırmışdı. Bu hadisə qeyri-ixtiyari Səməd Vurğunun 1947-ci ilin yanvarında yazdığı “Yandırılan kitablar” şeirini yada salır. Həmin vaxt da İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları evlərdən yığıb Tehranın küçələrində qalanan böyük tonqallarda yandırırdı. Həmin şeir 1946-cı ildə Güney Azərbaycan türklərinə qarşı soyqırımı zamanı milli mədəniyyətimizi məhv etmək cəhdlərini xatırladırsa, 1937-ci ildə Stalinin əmri ilə yandırılan kitablar da Quzey Azərbaycanda eyni barbarlıqla milli dəyərlərimizə zərər verildiyini göstərir. Lakin məhz Əzizə Cəfərzadə kimi ziyalılarımız sayəsində o kitabların tamamilə məhvinə nail ola bilmədilər. Həmin kitabları yanğınlardan gizlədənlər, qoruyanlar ulu sözü yaşada bildilər.
Sovet dövrünün ideoloji təzyiqlərinin ən sərt vaxtlarında Əzizə Cəfərzadə yaradıcılığı da belə bir sarsıdıcı vəziyyətlə üzləşmişdi. 1948-ci ildə çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılmışdı. Yazıçını “Axmatovşina”da təqsirləndirərək bu əsərlərdə saray lirikasının tərənnümünü “görən” sovet rejimi onun ilk kitabını yandırmaqla bir yaradıcı gəncə zərbə vurmuşdu. Amma Əzizə Cəfərzadə həmin zərbədən sarsılıb ruhdan düşməmiş, əksinə bu hadisə onu daha böyük mənəvi savaşlara səsləmiş, mübarizlik ruhunu gücləndirmişdi.
Əzizə xanım uşaqlığımda və gəncliyimdə nəsr əsərlərini, əsasən də tarixi roman janrında yazdığı əsərlərini böyük maraqla oxuduğum, həyat üçün gərəkli olan bir çox mətləbləri öyrəndiyim, mənəvi keyfiyyətləri əxz etdiyim yazarlarımızdandır. Çağdaş Azərbaycan nəsri tarixində bu janrı yenidən canlandıran, ona təzə ruh, həyat bəxş edən yazıçının əsərləri ruhumu fəth etmişdi. Seyid Əzim Şirvani haqqında “Aləmdə səsim var mənim”, Abbas Səhhətdən bəhs edən “Yad et məni”, Şah İsmayıl Xətai mübarizəsinə həsr etdiyi “Bakı–1501”, coğrafiyaşünas Zeynalabdin Şirvaninin ömür yolunu əhatə edən “Eldən-elə” və s. romanlarını, o cümlədən rəngarəng mövzularda yazdığı hekayələrini hələ illər əvvəl böyük maraqla oxumuşdum. Amma onun ən sevdiyim əsərlərindən biri “Anamın nağılları” idi. Vaxtilə anasının dilindən eşitdiyi nağılları qələmə alan yazıçı bu nağıllarda Azərbaycan xalqının ruhunu, milli xarakterini bütün zənginliyi ilə ifadə edə bilmişdi.
Əzizə Məmməd qızı Cəfərzadə 100 il öncə, 29 dekabr 1921-ci ilin soyuq bir qış günündə Bakı şəhərində anadan olmuşdu. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndi. Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliyusif Qənizadə Şirvani kimi görkəmli şəxsiyyətləri yetirən Sarıtorpaq məhəlləsi Bakıda dünyaya göz açan Əzizə Cəfərzadənin adı ilə bir daha məşhurlaşmışdır. İbtidai təhsilini 25 saylı məktəbdə aldıqdan sonra təhsilini teatr texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirən Əzizə xanım bir müddət təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Əzizə Cəfərzadə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri, teatr texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri kimi önəmli vəzifələrdə çalışaraq, ədəbiyyatımıza, elmimizə, bütövlüklə xalqımıza xidmət edib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru kimi gənc kadrların yetişməsinə öz töhfəsini verib.
O, XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqi məsələləri ilə ciddi məşğul olmuş, 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” kimi önəmli bir mövzuda isə doktorluq dissertasiyası müdafiə etmişdir. Əzizə xanımın həyatında elmi fəaliyyətlə bədii yaradıcılıq paralel addımlayıb, yanaşı inkişaf edib. O, zəngin elmi fəaliyyətlə bərabər çox möhtəşəm bir bədii yaradıcılıq da ərsəyə gətirib, bir-birindən maraqlı əsərləriylə ədəbi ictimaiyyətin diqqətini üzərində cəmləşdirib. XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi Əzizə Cəfərzadənin ədəbiyyat tariximizdə önəmli bir mövqeyi var. Onun yaradıcılığı minlərlə oxucunun sevimlisidir, gənc nəsillərin bədii zövqünün formalaşmasında bu əsərlərin xüsusi rolu olmuşdur. Milli-mənəvi dəyərlərin qorunması yolunda 50 ildən artıq yorulmadan fəaliyyət göstərən görkəmli yazıçının həyat və yaradıcılığı bütövlükdə bir məktəbdir.
Mürəkkəb ictimai-siyasi təbəddülatlarla səciyyələnən Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatı Əzizə xanımın həmişə diqqət mərkəzində olub. Biz bir çox tarixi dövrlərin aparıcı xüsusiyyətlərini, əhəmiyyətli hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin həyatını, yaradıcılığını məhz onun əsərləri ilə daha dərindən öyrənmişik. Eyni zamanda, çağdaş gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də hər zaman oxucular tərəfindən rəğbətlə qarşılanıb. Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrinin inkişafı baxımından diqqətəlayiq olub özünəməxsusluğu ilə seçilir. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca orijinal nümunələrdir. Onun elmi əsərləri isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr kimi dəyərləndirilir.
Əzizə xanımın şəxsi həyatına nəzər saldıqda onun heç bir zaman özü üçün yaşamadığını, taleyini, ömrünü xalqının mənafeyinə həsr etdiyini görmək mümkündür. Yazıçı ilə söhbətlərimiz, müsahibələrimiz zamanı da millətimizə, ədəbiyyatımıza, insanlarımızın maariflənməsinə xidmət edən bir ömür yoluna heyranlığımızı bildirirdik. Əzizə xanım vaxtilə pilot olmaq istəmişdi. Bunun üçün aviasiya klubuna yazılıbmış. O, burada gələcək həyat yoldaşı ilə tanış olub. 1941-ci ildə ailə quran cütlüyün bir qızı da dünyaya gəlir. Amma bir bədbəxt hadisə nəticəsində Əzizə xanımın qızı vəfat edir. Bundan sonra qardaşı oğlu Turan və qardaşı qızı Kəmaləni öz övladları kimi böyüdür. Şəxsi həyatı onun üçün hər zaman ikinci plandaydı. Onu tanıdıqdan sonra bunu daha yaxından gördüm. Əzizə xanımın alın yazısında Afrika qitəsində yaşamaq da varmış. Pilot olan həyat yoldaşının işi ilə bağlı 1965-66-cı illərdə Qanaya, Afrikaya gedib. Həmin illərdə Afrikada yaşayan Əzizə xanım yaradıcılığını bu uzaq qitədə də davam etdirib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirat kitabında toplanıb ki, bu kitabı hamımız uşaqlıq və gənclik illərində böyük maraqla oxuyardıq. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib. Təbii ki, o illərdə, qapalı sovet məkanında yaşadığımız vaxtlarda belə nadir əsərlər bizim üçün dünyanı daha yaxından görmək, bilmək və tanımaq üçün möhtəşəm bələdçi idi.
Əzizə xanımın maraqla oxumadığım bir əsərini, bir kitabını belə xatırlamıram. Onun elə əsərləri vardı ki, oxucunun masaüstü kitabı idi. Müəyyən bir dönəmdə onun məşhur “Aləmdə səsim var mənim” romanı bütün oxucuların əldə etmək, oxumaq istədiyi kitablardan biri kimi məşhur idi. Çox yaxşı xatırlayıram ki, gənclər atamın zəngin kitabxanasındakı bu romanı çox tez-tez oxumaq üçün istəyərdi. Yazıçı bu əsərin adını böyük şair Seyid Əzim Şirvaninin “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürmüşdü. Roman əsasən şairin yaradıcılığından bəhs etsə də, o dövrün Şamaxı mühitini, ədəbi-mədəni hadisələrini, əsrin mənzərəsini o qədər ustalıqla, təsirli bədii boyalarla canlandırırdı ki, oxucu kitabı birnəfəsə oxuyub bitirmək istəyirdi. Əsərdə el şənlikləri – cəngi məclisi, toy və yas mərasimləri, şeir məclisi – “Beytüs-Səfa”, Novruz – ilaxır çərşənbə adətləri haqqında maraqlı bilgilər hər birimizdə böyük bir maraq yaradırdı. Tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizin qədim kökləri ilə bağlı bir çox həqiqətləri məhz bu kitablardan oxuyub öyrənmişdik.
Əzizə Cəfərzadənin dərin bədii təsiri ilə diqqətimi cəlb edən əsərlərindən biri də “Xəzərin göz yaşları” povesti olmuşdur. Çox yaxşı xatırlayıram, bu əsəri bir neçə dəfə oxumuşdum, hər dəfə də göz yaşlarımı saxlaya bilməmişdim. Bu povestdə Əzizə xanım 1938-ci ildə Azərbaycanda yaşayan Güney azərbaycanlı qardaş-bacılarımızın, soydaşlarımızın Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs edirdi. Bu əsəri oxumayan insanlara, xüsusilə gənclərimizə onu mütləq oxumağı tövsiyə edərdim.
Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan, yorulmadan, böyük fədakarlıqla çalışıb. Bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları böyük yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verməklə yanaşı, minlərlə Azərbaycan gəncinin böyük ədəbi və mədəni irsimizi, şəxsiyyətlərimizi, sənətkarlarımızı daha yaxından tanımasına səbəb olmuşdur.
Əzizə Cəfərzadə bizim nəsil gənclərin yadında televiziya ekranlarından – “Klassik irsimizdən”, “Aşıq Pəri” və s. kimi çoxsaylı verilişlərin müəllifi və aparıcısı kimi də qalıb. Yaddaşımızda dərin iz buraxan o möhtəşəm verilişləri bu gün də xatırlayırıq. Çünki mənəvi cəhətdən təkmilləşmək üçün onlardan çox şeylər öyrənərdik. Bununla yanaşı, radioda uzun illər Güney Azərbaycan mövzusunda olan proqramların və “Ana” radio jurnalının iştirakçısı kimi ədəbi irsimizi təbliğ etməsi yazıçının unudulmaz xidmətlərindən idi. İstər efirdə, istərsə də radioda Əzizə xanımın müdrik söhbətlərini böyük maraqla dinləyirdik.
Əzizə Cəfərzadə haqqında bəzən “kişi kimi qadın” ifadəsini işlədərdilər. Buna çox üzülərdim, hətta bir dəfə özünə də söyləmişdim: “Əzizə xanım siz əsl qadın kimi qadınsınız”. Mərd, qürurlu, əyilməz, mübariz, bütün əngəlləri, bütün maneələri aşan, ona qalib gələn, ən güclü insan xarakterinə malik idi Əzizə xanım. O, xalqımızın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışır, bununla da sovet dövrünün Azərbaycan tarixini saxtalaşdıran, təhrif edən tarix dərsliklərinə və tədqiqatlarına qarşı çıxaraq milli keçmişimizin əzəmətli şəxsiyyətlərini yada salırdı. Çünki onun ən böyük istəyi, ən vacib hədəflərindən biri gənclərimizin tariximizi daha dərindən bilməsi, böyük şəxsiyyətlərimizi daha düzgün tanıması idi. Uzun illər sovet imperiyasının əsl tariximizi oxutmaması və ya yanlış şəkildə gənc nəsillərə öyrətməsi Əzizə xanımı ciddi şəkildə narahat edirdi. O, tarixi əsərləri gənclərimizin gerçək tariximizi bilməsinin, bu tarixi oxutmağın ən yaxşı yollarından biri kimi görür, bu vasitə ilə tarixi mənimsətməyin mümkünlüyünü çox gözəl bilirdi. Təsadüfi deyil ki, tarix dərsliklərində milli keçmişimizi unutdurmaq məqsədilə Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən kiçik bir abzasda bəhs edildiyi halda, Əzizə Cəfərzadə şair-şahın ömür yolunu, fəaliyyətini, dövrünü canlandıran roman yazmışdı.
İstər tarixi, istər ədəbi prosesi gözəl bilən və daim axtarışda olan Əzizə Cəfərzadə böyük ədəbiyyatşünas alim kimi də Azərbaycan ədəbiyyatında silinməz izlər qoyub. XIX əsr Azərbaycan ədəbiyyatının bugünkü dolğun, bütöv elmi mənzərəsinin yaradılmasında Əzizə xanımın da ciddi rolu olub.
Onun tərcüməçilik fəaliyyəti də yaradıcılığının əhəmiyyətli istiqamətlərindən biridir. Bir sıra müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, rus yazıçıları Sergey Smirnov, Albert Lixanov, özbək yazıçısı və dövlət xadimi Şərəf Rəşidov, türk yazıçıları Ahmet Kabaklı, Sevinc Çokumun yaradıcılıqlarından tərcümələri bu baxımdan diqqətəlayiqdir. Yazıçının öz əsərləri də rus, fars, qazax, ərəb, tacik və s. dillərə tərcümə edilərək bir çox xarici ölkələrdə nəşr olunub.
O, bir çox yerlərdə, o cümlədən qardaş Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan, Suriya və keçmiş Yuqoslaviya respublikasında təşkil olunan konfranslarda da ölkəmizi layiqincə təmsil edərək Azərbaycan qadınının, Azərbaycan ziyalısının adını ucaldan böyük bir şəxsiyyət idi. 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışan Əzizə xanım qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərirdi. Onun Respublika Qadınlar Şurasına sədrlik etdiyi illər çox gözəl və səmərəli bir dönəm kimi yaddaşlarda qalıb. Özünü Azərbaycana həsr edən bu böyük yazıçı həm də xeyriyyəçi kimi insanların sevgisini qazanmışdı. Düşünün ki, bir yazar kitablarından qazandığı qonorar hesabına 1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirmişdi.
Böyük yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə 2003-cü ilin sentyabrın 4-də dünyasını dəyişəndə bu xəbər hamımızı həddindən artıq sarsıtdı. O, öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində, valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edildi. Sövq təbii hiss edirdik ki, köçən Əzizə xanımın cismidi, xatirəsi isə hər zaman qəlbimizdə yaşayacaqdı. Bu gün olduğu kimi...
Onun böyük yaradıcılığı, zəngin ədəbi mirası hər zaman xalqımız tərəfindən yüksək dəyərləndirilib və bundan sonra da dəyərləndiriləcək. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatına göstərdiyi xidmətlər dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, sovet dövrünün nüfuzlu mükafatlarından biri – “Xalqlar dostluğu” ordeni və Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2001-ci ildə Xalq yazıçısı fəxri adına layiq görülüb. Azərbaycan Telefilm Yaradıcılıq Birliyi onun həyat və yaradıcılığı haqqında iki telefilm çəkib. İnanırıq ki, onun həyatından yazılan əsərlərin, çəkilən filmlərin sayı gələcəkdə daha da artacaq.
Pedaqoji fəaliyyəti, elmi axtarışları, səfərləri, tərcümələri və ictimai fəaliyyətinə nəzər saldıqda hər bir insan Əzizə xanımın öz ömrünü xalqı üçün yaşadığını daha yaxından görür. Əzizə xanımın, sadəcə, tarixi romanları deyil, “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Sənsən ümidim”, “Xəyalım mənim” əsərləri də bizim dövrün gəncləri arasında çox maraqla oxunurdu. Əzizə xanım öz yaradıcılığında uşaqlara, onların dünyagörüşünün formalaşmasına böyük önəm verirdi. Onun “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişik dili” kimi hekayə və nağılları böyüyən balalarımızın dünyagörüşü, onların fikir və düşüncələrinin formalaşması üçün çox önəmli bədii örnəklərdir.
Əzizə Cəfərzadənin bütün əsərlərində Azərbaycan dilinin saflığını, gözəlliyini görüb hiss etmək olur. O, vətəndaş olaraq dil uğrunda apardığı mübarizədə həmişə qalib olub. Onun digər üstünlüyü isə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə əlaqələndirə bilməsində idi. Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərən Əziz Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan, yorulmadan çalışıb və mədəniyyətimizə, Vətənimizə çox böyük xidmətlər göstərib.
Bu günlərdə Özbəkistanda səfərdə idik. Bu səfər zamanı biz Xarəzm bölgəsinə də getmişdik. Bu səfər çərçivəsində yenə Əzizə xanım sevgiylə, ehtiramla xatırlandı. Özbəkistanlı ziyalılarla onun yazdığı “Cəlaliyyə” romanıyla bağlı çox maraqlı bir fikir mübadiləsi apardıq və birlikdə Əzizə xanımın ruhuna dualar oxuduq. Türk dünyasının bir çox bölgələrinə getdiyimiz zaman ziyalılarla Əzizə xanımın romanları ətrafında çox maraqlı fikir mübadilələri edirik. Əzizə xanım artıq sadəcə, Azərbaycanda deyil, türk dünyasında və bir sıra ölkələrdə də tanınmış görkəmli yazıçıdır. Əminəm ki, onun bədii və elmi-mədəni irsinin daha geniş şəkildə təbliğ olunması, dünya oxucuları, gənc nəsillərimiz arasında geniş yayılması istiqamətində bundan sonra da çox işlər görüləcək. Çünki o, sözün əsl mənasında, buna layiq idi.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin qürurunu yaşadığımız bir dövrdə Əzizə xanımın 100 iliyini qeyd etməyin ayrı bir şövqü var. Əminəm ki, onun ruhu da bu Zəfərə bizim qədər sevinir. Çünki onun həyatda ən böyük arzusu gələcək nəsillərimiz üçün sakit, dinc, müstəqil bir Vətən, xoşbəxt bir istiqbal idi.
Nur içində yatın, əziz Əzizə xanım! Sizi 150 il, 200 il sonra da Azərbaycan xalqı hər zaman sevgi, sayğı, məhəbbətlə xatırlayacaq. Siz ömrünüzü özünüz üçün deyil, xalqımız üçün, Vətənimiz üçün yaşadınız. Xalqımız, Vətənimiz də sizin yaşadığınız bu fədakar ömrü hər zaman yüksək qiymətləndirib, bundan sonra da qiymətləndirəcək. Yüzlərlə Azərbaycan qızına böyük bir mənəvi güc olduğunuz üçün, yol açdığınız üçün, minlərlə Azərbaycan qızına gözəl bir örnək olan mənalı ömür yaşadığınız üçün Sizə minnətdarıq!
Ruhunuza alqış!”