Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olacaq. Ədəbiyyat tariximizə “Dəli Kür”, “Ölən dünyam” kimi möhtəşəm romanlar bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərmiş, fəal ictimai-siyasi xadim olmuşdur.
Xəbər verdiyimiz kimi, martın 18-də İsmayıl Şıxlının anadan olmasınln 105 illiyi münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşkilati dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil etmişdi. Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri, eləcə də İsmayıl Şıxlının ailə üzvləri iştirak edirdilər.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirin aparıcısı - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Azərbaycan nəsrində İsmayıl Şıxlının müstəsna rolundan bəhs etdi, öz timsalında böyük ədibin gənclərin ədəbiyyata gəlişinə göstərdiyi dəstəyindən bəhs elədi.
Xalq yazıçısı Anar İsmayıl Şıxlı yaradıcılığının bədii və ictimai əhəmiyyətindən danışdı, yazıçının “Ölən dünyam” romanı barədə ilk resenziyanı necə yazması, romanda haqqında bəhs edilən ana babası Xudadat bəy Rəfibəyov barədə arxiv sənədlərinin əldə edilməsində necə köməklik göstərdiyini yada saldı.
“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov Qazax mahalından çıxan böyük ədiblər pleadasından söz açaraq burada İsmayıl Şıxlı zirvəsini ayrıca qeyd etdi, hər il martın 21-də ictimai birliyin təşkilatçılığı ilə Səməd Vurğunun, İsmayıl Şıxlının, Mehdi Hüseynin və digər görkəmli söz ustalarının Fəxri Xiyabanda anım mərasiminin keçirildiyini diqqətə çatdırdı.
İsmayıl Şıxlının tələbəsi olmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı öz çıxışında böyük ədibin həm də böyük pedaqoq olduğunu, tələbələrə necə həssaslıqla, qayğıyla yanaşdığını qeyd etdi.
Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid İsmayıl Şıxlının ədəbiyyatda qoyduğu ənənələrdən, eləcə də onun sərgilədiyi vətəndaş mövqeyindən danışdı.
“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, jurnalda birgə çalışdıqları dönəmdə onun necə tələbkar olduğunu, boz ədəbiyyatın dərc edilməməsi naminə kimlərlə üz-göz qaldığını dilə gətirdi. Şair-publisist Əkbər Qoşalı İsmayıl Şıxlının əsərlərinin türk dünyası ədəbiyyatında əks-sədasından bəhs etdi, onun nəsrini vətəndaş və vətənpərvər nəsrin gözəl nümunəsi adlandırdı.
İsmayıl Şıxlının tədqiqatçıları - professorlar Təyyar Salamoğlu və Mahmud Alamanlı, eləcə də ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu ədibin yaradıcılığının xarakterik xüsusiyyətlərindən söz açaraq onun ədəbiyyat tariximizdəki xüsusi rolunu qeyd etdilər.
Xalq artisti Həmidə Ömərova “Dəli Kür” romanının yeni nəslə düzlük, comərdlik, mübarizlik kimi xüsusiyyətləri aşılamasından danışdı, professor Qulu Məhərrəmli “Ölən dünyam” romanını İsmayıl Şıxlı yaradıcılığının kulminasiyası hesab etdi.
İsmayıl Şıxlı yadigarı - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ailələri adından tədbirin təşkilatçılarına və gələn qonaqlara minnətdarlıq bildirdi, atasının ömür yolundan, ömrünün son günlərindən danışdı, onun çox ağır xəstə olmasına rəğmən “Ölən dünyam” romanını necə bitirməsini və son nöqtəni qoyduqdan sonra “indi rahat ölə bilərəm” kəlmələrini söyləməsini kövrək notlarla dilə gətirdi.
Tədbirdən sonra İsmayıl Şıxlının nəvəsi Ayxan Şıxlinski mediaya açıqlamasında babasına necə bağlı olmasından danışdı: “Hər axşam nə qədər məşğul olmasından asılı olmayaraq, məni bulvarda gəzməyə aparırdı. Mən altı yaşlı bir uşaq, babamdan avtodromdakı maşında gizlənərək, zarafat etmək qərarına gələndə onun narahat baxışını heç vaxt unutmaram. Gizləndim və beş dəqiqəyə yaxın izlədim. Babamın məni necə axtarmasını və onun necə narahat olduğunu görüb qaçdım və onu qucaqladım. Babam səsini heç vaxt qaldırmazdı, amma o ankı baxışı ömrümün sonuna qədər mənim üçün kifayət idi”.
Yazıçının nəvəsi babasının kabinetində oturan obrazını tez-tez xatırladığını dedi: “Hökumət evinin arxasında, Üzeyir Hacıbəyov küçəsində yaşayırdıq və biz bilirdik ki, qapı bağlıdırsa, deməli, babam işləyir, heç kim onu narahat etmirdi. Bir dəfə qapıdan gördüm ki, çox nadir hallarda çəkdiyi qəlyanı tüsdülədərək, dənizə və bulvara baxan açıq pəncərədən çölə baxırdı. Babam çox diqqətli idi, qəlyanı çəkib qurtardı və bir söz demədən yazmağa başladı. Yalnız uzun illər sonra öyrəndim ki, həmin gün əfsanəvi romanı olan “Ölən dünyam”ı yazmağa başlayıb”.
İsmayıl Şıxlının kitabları ilə böyüyən şair, publisist Səbinə Yusifin dediyinə görə, dahi yazıçının şəxsiyyəti ilə yaradıcılığının bənzərsiz vəhdəti onu uşaqlıqdan valeh edib: “Babam İsmayıl Şıxlı ilə dost idi, ona görə də mən özümü doğulandan tale üzünə gülən uşaqlardan hesab edirəm. Mənim ən çox heyran olduğum odur ki, İsmayıl Şıxlının hər bir əsəri mərdlik, dürüstlük və ədalətlə yoğrulub. Onun bütün əsərlərinin həmişə ədalətin təntənəsi ilə bitməsi məni inanılmaz dərəcədə heyran edir. Sözsüz ki, “Ölən dünyam” romanı məndə ən böyük təəssürat yaratdı. Bu əsəri ilə o, bizə təkcə ədəbi deyil, həm də tarixi irs qoyub getdi”.
Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, əməkdar mədəniyyət işçisi Lətifə Məmmədova İsmayıl Şıxlı yaradıcılığının və şəxsiyyətinin pərəstişkarı olmaqla yanaşı, həm də İsmayıl Şıxlı irsini fəal şəkildə təbliğ edən bir şəxsdir: “O, təkrarolunmaz insan idi, mərd, dürüst. Mən öz aləmimdə İsmayıl Şıxlıya həmişə haqq adamı deyirəm. O, böyük həqiqət aşiqi idi. Ustadın 100 illik yubileyini Yasamaldakı Heydər Əliyev Mərkəzində geniş qeyd etdik. May ayında isə İsmayıl Şıxlının 105 illik yubileyini qeyd edəcəyik. Pandemiya dövründə İsmayıl Şıxlının “Dəli Kür” romanını bir daha oxudum və yenə xeyli təsirləndim”.
Ruhu şad olsun dahi yazıçının!
“Ədəbiyyat və incəsənət”
(20.03.2024)