“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində şeir vaxtıdır, sizlərə Zülfiyyə Yaqubun şeirlərini təqdim edirik.
ŞƏRQİN ÇIÇƏYI
Öncə kölgələr sərinlədər ruhunu,
sonra küsüb gedən
qaranlığın soyuqluğu barışar
titrəyən baxışınla.
Verər əllərinə ətəyini ayrılıq,
yapışarsan bərk-bərk.
Sən artıq sönmüş ümid,
o, səmitsiz bir külək...
Uçurar xəyalını,
qanadlı quş olarsan.
Səmadan bulud-bulud,
müammalı baxışla
öncə səssiz dayanıb,
sonra pıçıldayarsan:
''Şimal Buzlu Okean,
Gəl bir yerdə üşüyək!''
Səhralar gülümsəyər
bu çağrışa, nidaya,
qum selinin dilindən
səda qalxar səmaya:
“Qalın buz qatları da
günə yanır, deyəsən,
uç, get, Şərqin çiçəyi,
geri dönmə yerə sən”.
TANRININ SÖZ KİTABI
Gecəni dönüb-dolaşıb,
Söz çəkir azan vaxtına.
Yarpaq-yarpaq ömür düşür
Qələmin yazan vaxtına.
Kəpənək qanadlarında
Qırx nərgizəm, qırx bənövşə.
Qırx gizli qapıdan keçib
Tələsərdim bu görüşə.
Deyirlər, ulduzum da var,
Mənə bənzər, öz yaşıdım.
Göylər tanrılaşan gündən
Sirrimi əl-əl daşıdım.
Yağış, qar, dolu şəklində
Bulud ovcumda dincəlir.
Toxumu qəlbimdə olan
Cismimdə ruhum cücərir.
Nə gizlinəm, nə aşikar,
Layla səsi, sur səsiyəm.
Tanrının söz kitabında
Bir bənd şeir bəndəsiyəm.
VƏTƏN OLAN YUXULARIM
Anam məni qadın doğub,
Yuxuda əsgər oluram.
Hər gecə eyni səhnələr,
Hər gecə eyni yuxular.
Nə yolumdan çəkilirəm,
Nə ürəyimdə qorxu var.
Anam məni qadın doğub,
Yuxuda bayraq oluram.
Sancılıb Ana torpağa,
Dalğa-dağla ucalıram.
Şəhid qanına boyanıb
Zəfərimdən güc alıram.
Anam məni qadın doğub,
Yuxuda torpaq oluram.
Ovuc-ovuc səpilirəm
Murovdağdan Şah dağına.
Dağ-dağ olub, çöl-çöl olub,
Vətən olub üz tuturam
Qarabağdan İrəvana...
Gələn yuxunun birində
Bir də şəhid ola bilsəm,
Bir də şəhid ola bilsəm,
Oyatma məni, ay ana!
QAĞAYI NƏĞMƏSİ
Səma aydınlıqdı, dəniz bulanlıq...
Suların dibinə çökən qaranlıq
yatıb yuxusunu, sübh oyanacaq.
Orda – çox uzaqda,
lap uzaqlarda
dan yeri əyninə günəş geyinər,
sonra libasını yağış isladar.
Buludlar dənizə səpələndikcə
göylərin tamını balıqlar dadar...
“Səma aydınlıqdı, dəniz bulanlıq” –
deyir bu nəğməni bəxtsiz qağayı.
Sahibsiz qayıqlar, sınıq qayıqlar
baxıb gülümsəyir günəş sayağı.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)