“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ramil Quliyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
RAMIL NURALI OĞLU QULİYEV
(28.01.1981.-30.09.2020.)
Kürdəmir rayonunun Qarasu kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
VURÜŞDU DƏYANƏTLƏ
Uşaqlıq arzusuydu, hərbçi oldu Ramil,
Çalışdı, ordumuzda, olsun, peşəkar, kamil.
Hər işi, tapşırığı vaxtında bitirirdi,
Hərbi xidmət Ramilə şan-şöhrət gətirirdi.
Orduda xidmət etmək hamı bilir, çətindir,
Sonacan dözüb duran, həqiqətən mətindir.
Hərbçilər arasında dürüst, ləyaqətliydi.
Təlimlərdə, məşqlərdə cəsur mətanətliydi.
Qəzəbdən alışırdı; -Torpağım işğaldadır,
Bu dünya hara baxır, bəs həqiqət hardadır?
Həyatını, ömrünü həsr etmişdi hərbiyə,
Neçə cavan əsgərə vermişdi o, tərbiyə.
Saf, təmiz insanlara hər bir yerdə inam var,
Zabitlər də Ramilə edirdilər etibar.
Dəfələrlə Ramil almış idi mükafat,
Təşəkkür, Tərifnamə, Fəxri-Fərman, nərd, saat.
Müharibə başladı, “İrəli” - döyüşlərə,
Düşməndən azad olsun meşə, cığır, dağ, dərə.
Qələbə bizimlədir, qardaşlarım, söylədi,
Ramil dostlarıyla düşməni məhv eylədi.
Füzuli uğrunda o, döyüşdü qətiyyətlə,
Qorxmayaraq ölümdən, vuruşdu dəyanətlə.
Canını fəda etdi doğma torpağımıza,
Qanı yerdə qalmadı, baxın bayrağımıza.
Dalğalanır Şuşada necə də vüqar ilə,
Ürəyimiz döyünür sonsuz iftixar ilə.
Ramilin üç övladı xalqıma əmanətdir,
Xalq üçün yaşamağın özü bir səadətdir.
Onlar ataları tək Vətəni sevəcəklər,
Xeyirxah işlər görüb daim yüksələcəklər.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)