“Bir qaranlıq otağın küncündən boylanıram sənə...” - Şamil Ənvəroğlunun şeirləri Featured

“Ədəbiyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Şamil Ənvəroğlunun şeirləri təqdim edilir.

 

 

BİZİ UNUTMA, TANRI...

 

Bizi unutduğun yerdən yazıram sənə, Tanrı.

Demək istəyirəm ki,

bir boşluğa yığılmış axar su kimiyəm,

bu yer mənimki deyil,

yad nəfəslər duyuram ətrafımda.

Yad əllər toxunur əllərimə,

itkin düşən bədənimi axtarıram ümidsizcə...

Mənim deyil bu ömür də,

bu dünya da...

Nəsə yanlış olmalı...

Səssizəm, çaşqınam...

Sınıq ümidlərin batdığı sabahlar kimiyəm-

xəstəyəm, qırğınam... 

 

Bir qaranlıq otağın küncündən boylanıram sənə.

Demək istəyirəm ki,

beynimdə bir yalnızlıq simfoniyası,

qəlbimdə bir həsrət nəğməsi səslənir neçə vaxtdır, aramsız və nədənsiz... 

 

Hər dəfə qapı səsinə diksinirəm,Tanrı.

Yenə də gələn ağrılar olacaq deyə, yeyirəm içimi.

Demək istəyirəm ki,

gələnlərim heç xoş nəsə olmadı ki...

Ya susmayan hıçqırıqlar döydü qapını,

gözü yaşlı, sözü yaşlı,

ya da aldanıb sınmış adamlar,

sürüşkən ayaqlı, yüngül başlı... 

 

Zamanla göz yaşına düşüb üzməyi də öyrəndim.

Bir vaxtlar bir damla acıda boğulurdum çarəsizcə,

indi isə nə dəryalarda üzürəm, nə dəryalarda...

Demək istəyirəm ki,

yanlışlığın deyil, yaxşılığın əsarətinə düşdüm,

yaxşı olmaqdan da bezərmiş insan.

Və içimdə bir dəli üsyan da var bütün pisliklərə... 

 

Sanki min illərin dərviş yolçusuyam,Tanrı,

elə ağır yorğunam ki,

əsir torpaq misali,

nə alan var, nə verən,

elə ağır susqunam ki,

sahibsiz məzar kimi,

nə gələn var, nə gedən...

Bir az mənasız ümidləri yaşamaqdan yoruldum,

bir az  "dəyməz"miş deyilən insanları daşımaqdan,

bir az da heç enişləri olmayan yoxuşlara dırmaşmaqdan...

 

Sındı...

əlimdən düşüb sındı sən verən ümidlər də, Tanrı,

qəlbimdən düşüb sınan sevdalar kimi.

Üzümüzdən uzaq düşdü təbəssümlər, gülüşlər,

əməlindən yetim qalan qupquru sözlər kimi... 

 

İnsan olmaq nə qədər də zormuş, Tanrı.

Ya "olmaz"ları görə-görə ölür adam,

ya dərd yükünü çəkə-çəkə,

ya da bir nankoru sevə-sevə ölür adam...

Demək istəyirəm ki...

Ya da boş ver, susuram...

Zatən görürsən özün,

hər şeyi də, hər kəsi də...

Ancaq səndən bircə xahişim var, Tanrı,

bircə xahişim...

Əgər imkan varsa,

əgər bacara bilsən, BİZİ UNUTMA...

 

 

***

 

Elə körpə arzular var

sınıq arzular içində,

həyat dolu,

ümid dolu...

Qıyıb da, ata bilmirik.

Neçə sevinc itkin düşüb

ağrıların arasında,

eşələyib hər bir günü

gəzirik, tapa bilmirik. 

 

bu dünyanın bazarında

gün satıb

dərd alan olduq,

səsimiz də çıxan kimi

doğru ikən yalan olduq,

Həyat dedik,

sabah dedik...

için-için dolan olduq,

Sarılırıq boşluqlara,

donuruq, yata bilmirik. 

 

yanımızdan ötüb keçir

biz gözləyən

sabahlar da,

adamlar da,

arzular da...

Bir də baxıb görürük ki,

gələn başqa,

üzümüzə gülən başqa,

içimizi didən başqa... 

 

Elə də səssiz gəlirlər,

heç bilmirik gələn nəydi?

Bir baxırıq,

tufan qopdu,

sol tərəfə nəsə dəydi.

Sonra qəfil ağırlaşdı,

qəddimizi nəsə əydi,

Sonra əl açıb Tanrıya,

yerində tapa bilmirik.

 

 

***

 

Tənhalıq o deyil ki,

kimsə olmaya yanında,

Tənhalıq o ki, bu qədər çoxluq içində başını dizinə qoyub rahatca ağlaya biləcəyin,

bu gün ən zəif yerini bilib də,

sabah elə o həmin yerdən səni vurmayacaq bir kimsən yoxdur yanında.

Tənhalıq o ki, 

arzun arzusu,

ümidin ümidi,

səbəbin səbəbi olan bir kimsən yoxdur yanında...

 

Sevmək o deyil ki,

təkcə əllərindən tutmağı,

sarılıb öpməyi,

çılğınca sevişməyi arzulayasan.

Sevmək o ki, 

onun adını duyanda yenidən doğulasan bu dünyaya, yenidən...

Yenidən hər gün bir daha sevəsən o hər kəsin saydığın insanı.

Dünyan, sadəcə, ondan ibarət deyilsə,

dünyanı aydınlatmırsa, SEVGİ adlı günəşin,

nə yaşayıb

nə gördün ki sən?

 

Ölmək o deyil ki,

büküb atalar bir boşluğa,

sən də zamanla yox olasan bir ovuc torpaq şəklində.

Ölmək o ki, insan olmaqdan çıxıb olursan bir əşya,

ya da nəsə...

Ya bıçaq olarsan ümidlər doğrayan,

ya qazan olarsan nifrət qaynadan,

ya da gedər səndən səni SƏN edən hər şey,

qalar səndən geriyə yeriyən bir daş parçası hər gün öz ayağına dolaşa-dolaşa,

hər gün öz başına düşə-düşə.

Nəyi qaldı ki,

İNSAN olmaqdan çıxanların???

 

 

BİR ADI DA YENİDƏN DOĞULMAQDIR SEVMƏYİN...

 

Nəfəs bədənin,

sevgi ruhun Tanrısıdır,

bədən nəfəssiz,

ruh da sevgisiz olanda "adı var, özü yox"ların cəm halına çevrilər.

"Adı insan olanın həyatı bir ağrılı roman olar" demişdi nə vaxtsa bir şair.

Həyatlar əsərlərdə yaşar,

əsərlərdə gülər,

əsərlərdə ağlar...

Homer gözlərindən yetim qalandan sonra yazmışdı ən gözəl əsərini.

Bəlkə də, gözlər düşünməyin ən qəddar düşmənidir,

bəlkə də, düşünmək ruhun ən ağır işgəncəsidir.

Ən çox ağrıyanlar isə ən çox düşünənlərdir,

ən gözəl əsərlər bir ağrıyan ruhun ölüm duasıdır...

Və bir adı da ağrımaqdır yazmağın...

 

Dünənlər hər zaman kövrəldər,

ya xoş xatirələrin,

ya da "təəssüf"lərin melodiyası ağladar insanı.

Dünənlər sabahların keçmiş zaman formasıdır,

sabahlar dünənin gələcək zaman forması olduğu kimi...

İnsan dünəniylə kövrələr,

bu günüylə yaşayar,

sabahıyla ovunar...

Ağlamaq... ağlamaq dünyanın ən məsum duasıdır,

ən səssiz üsyanıdır,

ən gerçək üsyan faktıdır...

Və bir adı da səssizlikdir üsyanların...

 

İnsan sevgidən açılar,

sevgidən gülər,

sevgidən küsər,

sevgidən ölər...

Sevgi ən səmimi ibadətdir,

heç düşməyən hərarətdir...

İnsan sevəndə anlar həyatı,

yaşamağı,

yaşatmağı...

İnsan sevəndə anlar səssizcə danışmağı,

susub, susub uzlaşmağı...

İnsan ən çox itirəndə anlar itirdiyinin dəyərini,

ən çox itirənlər axtarar dünənini,

ən çox axtardığını tapmaz insan, tapmaz...

Sevgi axtarmaqla tapılmaz,

çağırmaqla gəlinməz,

istəyəndə var olmaz...

Sevgi özü gələr,

özü seçər insanını...

Sevgi ölməzdir,

insan ruhunda yaşamağa gələr,

sonra da bir həyat bitən kimi başqa bədənə köçər.

sevgi enerjinin müsbət halıdır,

qovuşanların xoşbəxtliyi,

ayrı qalanların müsibət halıdır.

Bir filmdə deyildiyi kimi: 

"Bir insan əgər sevibsə,YAŞAYIB, demək"

Və bir adı da yenidən doğulmaqdır sevməyin...

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.