“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə şair Ağacəfər Həsənlinin şeirlərini təqdim edirik.
Sitayiş
Gözüm su içmir dünyadan,
nə ehtiyac var ki, gözüm su içə.
Üzümün suyu getdi -
nə ehtiyac var ki, sözüm su içə.
Qarağac su içir arxın dibində?
Qarağat su içir hamar zəmidə -
arpa tarlasında - tərxun içində?
Çapır dəli şimşək qarğı atını -
buludu gizlədir qarğıdalıdan,
dəyir yarasanın qırğı, dalından...
Qəhərdən gah dilim-ağzım quruyur,
gah rüsvay oluram xalxın içində.
Sərsəng su, Araz su, Tərtər su, Kür su,
sifət şoranımı qan-yaş isladar...
Şeytanın qıçını sındırar gür su,
dumansa yamacda dönər aslana.
Şabaş yağışının damlası iri,
görürsən, can çəkir diz çökməyə də.
Həyatda məramda yavanın biri
yaramır əlinə su tökməyə də.
Suya danışmışam yuxumu gedib,
bulanıq çayları sevindirmişəm.
Bir tərəf od olub, yanğın törədib,
su olub əks qütbü ta söndürmüşəm.
Tanrı göydə biçib, yerdə su əkib,
gen cahan təşnədi güya, İlahi.
Hər gün ovuc-ovuc üzümə çəkib,
sitayiş edirəm suya, İlahi,
sifariş edirəm suyu, İlahi!
Susuz aparıram kimisə çaya,
susuz gətirirəm, pərvərdigara!
Düymə
Allahın izniylə,
köynəyimin reziniylə,
qələmimin varaqdakı iziylə
açıram sabahları.
Azadlığıma doğru uçuram,
kəfən düyməsizdir deyəsən, axı.
Həftənin düymələrini açıram;
günlər bir-bir gəlir.
Vaxtın saçıdır qara gecə,
dalınca bərbər gəlir -
yəni gündüz...
Hərdən olur -
bir zülmət qıfıllanır: -
qarşısını piyada yuxu kəsir,
darvaza bağlanır, qapı açılmır.
Onda gözləyirsən gözüyumulu,
sonda izləyirsən göyü yumulu.
Yanında nə carçı, nə radio var,
pişik cırmaqlayır cəftəni çöldən -
və yalnız dilində "miyo-miyo" var.
Götürə bilmirsən dəftəri yerdən,
əsir-yesir düşmüş həftəni yerdən...
Vaxt qandaldı günlərin əynində,
boz pencəyinin çiynində.
Gerçəkdi qondarma dünyada varlığım -
məzar darlığım!
"Axtaran tapar" deyirlər,
mən axtardığımı tapmıram heç vaxt.
Özgənin atına minən tez düşər,
özgənin atını çapmıram heç vaxt.
Məni yol saxlamır gözümçıxdıda,
yol qaralamır...
Özümdən-özümə şüşətək yol var.
Düymə-düymə daşlar yaxalığımda.
Düyün-düyün dərdim içib kefiri.
Mülayim qəlbimin yuxalığından
ağımı oxuyub özgə efiri.
Vaxtdır kişiyanə etiraf edən,
kişnəyə-kişnəyə etiraz edən.
Görmədən sözümü qoyub ağzımda,
mənim sifətimdə, mənim ağlımda...
Mən ki öz ağlımla rəftar etmədim,
bir işdi-şayətdi, əgər etsəydim...
onunla beş qarış yol gedəcəkdim.
Güzəşt edəcəkdim özüm-özümə,
utanıb dəyməzdim o vaxt gözümə.
Yəqin sümüyümə düşmüş həyatı
muradım yenicə düymələyirdi.
Anam da iynə-sap etmişdi vaxtı,
köynəyimə öncə düymə qoyurdu.
Şans
Haram yeyə bilmirəm -
güllər yuxuma haram qatır,
qoxusundan həzz alıram.
İtirirəm özümü ilim-ilim.
Bölgə-bölgə, iqlim-iqlim.
Harda girləyim başımı,
nə bilim?
Kölə canım
vücudumu gəzdirə-gəzdirə
iz azdırır.
Baxma, qılığma girir,
ağıllı sözü qulağıma girir...
Məgər ağıllı söz eşidənəm?
Nə qədər yaşa dolsam da,
ağlım yenə uşaq ağlıdı.
Məsələn, o gün mərhum anamın
kölgəsinin dalınca ağladım.
Əzrayılı gülmək tutdu...
Əlini alnıma qoydu:
"yüngülcə qızdırması var" - dedi,
ilk dəfə qabağından yedi.
Əli aşından da oldu,
vəli aşından da.
Kor-peşman arxaya döndü.
Bəxt ulduzu söndü.
İşıq sürətiylə vurur nəbzim.
Uşaq cürətiylə nəfsimə
qalib gəlirəm.
Təcili ovcuma yazıram:
"Xədicəm,
dünyaya gələcək kötücəm,
məndən xatircəm ol.
Quru ösgürək ardıcı boğanda,
ala-bula keçi ardıcıl doğanda,
Günəş çevriləndə üfüq yorğanda -
qayıtmaq şansım var,
it ilində!"
Yarpaq balladası
Payızda
hər ağacın altı bir məzarlıqdı,
tabut kimi düşür budaqdan yarpaq.
Ta büt kimi,
dəlil-sübut kimi,
süqut kimi...
Ağac təsirlənir gül körpəsindən,
kim pıçıldamışdı köçməzsən, yarpaq?
Saplağından nazik Qıl körpüsündən
axirət anında keçməzsən, yarpaq.
Qulağına girmir:
ölüm ayağına düşmək -
ölümün ayağına düşməyi deyil,
ölüm gözünün düşməni deyil.
Kor olsun o göz,
haram olsun, o yarpağın əmdiyi süd.
Qədir ağacına verdiyi öyüd.
Yerimək qismət deyilmiş -
məsləhət bilmirmiş Tanrı ağaca.
Üzündə-gözündə təbəssümü var,
yəqin yükləyirmiş Günəş sayğaca.
Günəşsiz qalarmış başqa bitkilər,
yabanı meşələr, başqan bitkilər.
"Ölüm, ayağının altda", and içmiş,
içdiyi andından sonra vaz keçmiş,
üzülmüş, yıxılmış budaqdan yarpaq,
həzin nəğmə kimi dodaqdan yarpaq.
Payızın hər yarpağa təpkisi,
Adəmin cənnətdən qovulmasıdı.
Həvvanın minnətdə qovrulmasıdı.
Diş necə kəsməsin bağırsağını,
göydə uçurtmasın yarpaq sarğını.
Qoltuğunda qarpız sakit durasan,
yarpız bitirəsən bulaq başında.
İlanın qoxudan zəhləsi getsin,
qorxudan axtarsın siçan deşiyi.
Paltar
Xatirələr geyilmiş paltardı:
pencəyinin yaxalığı uzun,
şalvarının balağı dar.
Soyunub dəyişmək istəyirəm
hər bahar.
Üstündəki yamaq səbəbini danır,
yanıq davamıdı.
Ciblər - yurd-yuvamdı...
Astarında kürüşnə,
lərgə qoxusu.
Pişik cırmağının qorxusu.
Məktəb çağları müsibət idi -
qiymətlərim müsbət idi.
Beş kitabım qarpız idi,
zəmanə vermişdi qoltuğuma.
Mürəkkəbə batmış köynəyim -
göynəyim.
Günəş - təkgözlü eynəyim.
Vay oldu, yay oldu -
isti biçənəkdə
bükürdü abrını ətəyinə.
Tökürdü o yolacan,
əsəbi arının pətəyinəcən...
şələ basırdı lələni,
belinin ağrısı sağalmırdı.
Və ya payız yağışı
vücudumu ağ yuyub, qara sərirdi.
Hardansa qış gözünü ağardırdı,
cismimi qara basıb, qara sərirdi.
Xatirələr - geyilmiş paltar,
yeyilmiş paltar.
Ütüsüz günlərimə baxaram,
keçmişim bal dadar.
Oyanış
Allah çörəyini kəsmədi quşların,
girələdilər birtəhər başlarını.
Gün doğdu bəxtinə yoxsul daşların -
mərmər parıltılı ovsun daşların,
bərəkəti artdı gur yağışların.
Kəpənəklər xallarını axtarırdılar,
kenqurular xarallarını.
Buynuzları şaxələndi maralların,
kirpilərin tikanları mişar ağzıdır -
maşallah, bəd nəzəri kəsir.
Allah üzünə baxdı şah tutun,
tufanlardan salamat çıxdı...
Yaşıl yarpaqlarını gizlədir palazqulaq tutun,
sir-sifətindən zəhər yağır -
hirsindən dişlərini sıxdı.
Qarğa qırıldadı, göy guruldadı,
daşdı yamacların ilham çeşməsi.
Alnının tərini dağ quruladı,
çıxartdı gözündən duman çeşməyi.
Havada son nadir dəyişkənliyi
qəbul eləmədim soyuq duş kimi.
Həmişə sevirəm döyüşkənliyi,
ruhum Cəngəsərdə uçur quş kimi.
Çölə güzgü tutub su çiçəkləri,
gərnəşə-gərnəşə üfüq qızarır.
Yuxusu qarışır daha təklərin -
oyanan çağıdır ərgən qızların...
“Ədəbiyyat və incəsənət”
(13.03.2024)