BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Salam, dəyərli Şamil bəy, “Bir sual, bir cavab" rubrikasında xoş gördük Sizi.

Bəzən bir sual saatlarla düşünməyə və saatlarla nitq söyləməyə şərait yaradır.

Məhz elə suallardan birini Sizə ünvanlayıram: Şamil Ənvəroğlu, niyə ƏDƏBİYYAT?

 

CAVAB

Bu sual məni həmişə düşündürüb.

Nəyə görə ədəbiyyat?

Cəlb edən hansı yanları var ki?

Uşaq ikən məhlə uşaqları ilə oynamağı boş verib də kitablara sarılmaq və bir səssiz küncə çəkilmək istəyi nədən yaranırdı axı?

Məktəb tapşırıqlarını 1-2 saatın içində hazır edib, sonra da qalın-qalın romanları oxumağa başlamaq həvəsini hansı səbəblər tətikləyirdi, görəsən?

Qarma-qarışıq 90-cı illərdə ucqar bir dağ kəndində, işıqların tez-tez söndüyü o gecələrdə, o zamanlar dəbdə olan fənərli maqintafonun işığında, ya da hamı yatandan sonra gizlincə şam işığında bitirməyə çalışdığın o kitablara maraq nədən qaynaqlanırdı?

Axı bu daxili tələbat, bu ruhsal ehtiyac nədən yaranmışdı?

10-cu sinifdə ayılasan ki, artıq qonşuların adlarını kitabdakı obrazlarla səhv salırsan.

Hələ bununla bağlı dəfələrlə başına gülməli hadisələr də gələ...

Sonralar hərbi xidmətdə olanda da "kaptyorka"da gizlətdiyin və boş vaxt tapan kimi dərhal oxuduğun kitablar ilə bu qədər sadiq dost olasan...

BDU-nun tarix fakültəsini oxuyasan,

ancaq hara getsən, hansı evdə kitab rəfi görsən, gözün həmişə bədii əsərlər axtara, həm də böyük həvəslə...

Bu barədə həmişə düşünmüşəm, səbəbləri çözməyə çalışmışam...

İnsanı daim axtarışa, öyrənməyə səsləyən "NİYƏ? NƏDƏN? HANSI SƏBƏBƏ GÖRƏ?" sualları olur.

Ona görə də, hadisələrin səbəbləri nəticələrindən daha maraqlı və daha cəlbedici olub həmişə...

Mənim üçün ədəbiyyat tarixdən həmişə 1:0 öndə olub. Bəlkə də, bir tarixçinin belə düşünməsi qəribə gələ bilər. Ancaq mənə elə gəlir ki, tarixin "mənbə" deyib bizlərə sırıdığı "gerçəklər", əslində, nağıllar toplusundan başqa bir şey deyil.

Tarix kimlərinsə fantaziyasıdır, şəxsi maraqların faktlarla oynanmış halıdır...

Ən əsası da, siyasətin əlindəki təbliğat vasitəsidir tarix... Tarix alət ola bilir, hətta inandıra bilir insanları buna... Əsl ədəbiyyat isə, lap cəhd etsə belə, bacara bilmir yaltaqlığı, deyə bilmir boğazdanyuxarı kəlmələri...

Dərhal yazıda üzə çıxır qeyri-səmimi nəsə  olanda...

Çünki ədəbiyyat dürüstcə yanışır bütün hadisələrə, niyyəti nə olursa-olsun, çəkdiyi "rəsm"də hər şey doğru şəkildə öz əksini tapır.

Təqdim etdiyi lap nağıl da olsa, onu elə nağıl kimi də təqdim edir bizə.

Nağıl demişkən, əslində hər birimizin həyatı elə bir nağıldan ibarət deyilmi?

"Cırtdanların" "divlərə" qalib gəldiyi nağıllar dünyasında yaşamırıqmı?

Qardaşlarını su quyusunda ölümünə tərk edən "qardaşlar" yoxdurmu ətrafımızda?

Maraqların duyğuları üstələdiyi bir dünyanın sakinləri deyilikmi hər birimiz?

Üzlərdəki saxta gülüşləri, dillərdəki "xoşbəxtəm" deyilən yalanları,

gözlərdən oxunan "İMDAD!" çağırışlarını oxuduğumuz insanlarla yaşamırıqmı bu cəmiyyətdə?

Yazan olsa, neçə nağılların baş qəhrəmanı deyilikmi hər birimiz?

Bir məsəl var, - deyir ki, “Yer bataqlıqsa, orada boy atan ancaq "qamışlar" olar".

"Qamışların" bitdiyi bataqlıqda hansı gül-çiçəyi bitən görmüşük ki?

Bu dünyada bütün ruhu gözəl, ürəyi təmiz, yaradıcı və həssas insanları çəmənlikdə bitən gül-çiçəyə bənzədirəm - hərəsinin öz ətri, öz sevəni var...

Və ətrafına "yad insan" kimi görünən necə gözəl insanlarımız bu nağıllar dünyasında minbir əziyyət çəkmirlərmi?

Hər nağılın sonunda düşəcəyini gözlədiyimiz o "üç alma" isə, yaşaya bilmədiklərimizin TƏƏSSÜFÜ, etdiklərimizin PEŞMANLIĞI,

və edə biləcəyimiz, ancaq etmədiklərimizin KAŞ Kİ-ləridir əslində...

Nədənsə, insanlarda axtardığımız dürüstlüyü insanlarda tapmayınca, əsərlərdə axtarmağa başlayırıq zamanla.

Hətta, o fikrə gəlirik ki, əsərlər öz müəlliflərindən daha dürüst, daha ədalətli, daha səmimi və daha təmizdir.

Bəlkə də, əsərlər müəllifin olmaq istədiyi, ancaq ola bilmədiyi bir obrazı yaratmaq cəhdidir.

Ya da əsərlər yazarların içlərində basdırdığı duyğuların yenidən həyata doğuluşudur...

Bəlkə də, bizə ədəbiyyatı sevdirən hiss o gerçəkdə tapa bilmədiyimiz təmizliyin, ədalətin və haqqın əsərlərdə tapmaq istəyidir...

Axı həyatın rəsmini çəkən rəssamdır ədəbiyyat...

Axı öz tablomuza yaxından baxmaq marağıdır oxuduğumuz əsərlər...

Tarix dərsdir bizim üçün.

Ədəbiyyat isə,

-əsl həyatın özüdür,

-mənəvi yüksəlişdir,

-ali insan olmağa can atmaq duyğusudur...

Söhbətimiz uzandıqca ədəbiyyata  vurğunluğumuzun nədən qaynaqlanması məsələsi çözülür, deyəsən...

Deməli, türk yazıçısı Əlif Şəfəqin belə bir deyimi var:

"Xoşbəxt mühitdə böyüməyən gənclər üçün ədəbiyyat ən gözəl sığınacaqdır".

Razılaşdığım bu fikrə icazənizlə bir neçə əlavəni də mən edim.

İnsan mənəvi varlıq olmaqdan öncə bioloji varlıqdır və müəyyən yaşa qədər də o cür də qalır, əlbəttə... Hər kəs bioloji varlıqdır, ancaq hər kəs də mənəvi varlıq deyil...

Səbəblərə gəldikdə isə, çox müxtəlif ola bilər. Öncə onu qeyd edək ki, insanı yetişdirən və kamilləşdirən  böyüdüyü mühit,

yaşadığı həyat və sosial çevrəsi olur.

Kimi düzgün bəhrələnib kamilləşə bilir,

kimi də şablon fikirləri əxz etməkdən o yana gedə bilmir və ya getmək istəmir...

Fəlsəfənin dediyi kimi, "şəxsiyyəti sosial mühit yetişdirir". Ancaq sual olunur, "hər kəs yetişə bilirmi?" Yaxud da, səni SƏN edən dəyərlər doğrudanmı bir tək yaşadığın mühitlə bağlıdır?

Bəs, genetik kodların payı nə qədərdir?

Cavabı 50/50-ə demək, əslində asana qaçmaqdır. Asana qaçmaq isə düşünmək yerinə inanmağı seçməkdir... Şəxsiyyəti formalaşdıran həm də psixoloji durumlardır,

ya müsbət yöndə yetişdirə bilir, ya da mənfi yöndə dəyişdirə bilir.

Əlbəttə, insanın ən gözəl müəllimi özü olduğuna görə, “dərsini" nə qədər yaxşı alması da çox önəmli faktdır. 

Qayıdaq o fikrə ki niyə ədəbiyyat?

- Ruhu təmiz insanlar həmişə sığınmağa bir təmiz məkan, ya da bir doğru mühit axtarırlar.

- Görəndə ki, elə dürüst çevrəsi yoxdur,

o zaman çəkilirlər tənhalığa.

- Əslində, tənhalıq həyata və insanlara qarşı ən üsyankar etiraz formasıdır.

- Əlbəttə, anlayana ...

- Ədəbiyyat təmiz ruhlu insanların ən gözəl məkanıdır, çirkablardan uzaq olmaq cəhdidir, özünü İNSAN kimi qorumaq istəyidir...

- Çirkli ətrafdan bezib üz tutacağımız tək mənəvi sahəmiz ədəbiyyatdır,

və ya mədəniyyətin digər sahələridir...

Məşhur Livan yazıçısı Xəlil Cübran yazırdı:

 "Böyük yazar bizim sükutumuzu ifadə edə bilən yazardır".

Səssizliyin özü ədəbiyyatın həm pıçıltısı, həm də hayqırışıdır.

Anlayan üçün pıçıltıdır, anlaya bilməyənlər üçün bağırtıdır... 

Və bizim uşaqlıq tarixin ən kəskin dövrlərindən birinə düşmüşdü:

- Sovetlərin çöküşü, müstəqillik dövrünün başlanması...

- Qaçqınlığın və yoxsulluğun ən ağır günlərini yaşamağımız...

- Bir kisə unun qiymətinin 15 "şirvan"a olduğu və bir qoyun satıb bir kisə un aldığımız illər idi o illər...

- Bayramdan bayrama ət yediyimiz illər idi o illər...

- Ancaq gözlərimizin güldüyü,

gələcəyə minbir həvəslə baxdığımız illər idi o illər...

Elə qarışıq və çətin günlərdə tək təsəllimiz dərslərimizi yaxşı oxumaq, böyüyəndə oxuyub "adam" olmaq ümidi idi. Yarı kiril, yarı latın qrafikalı, üzü qopmuş dərs kitabları, odun sobası ilə isinən kənd məktəbi, ancaq müəllimlərimizi göydən enən bir mələk olduğunu sandığımız illər idi o illər... Axşamlar odun sobası üzərində "duzlu dilim" dediyimiz bişmiş kartof dilimlərini yeyə-yeyə anamızın danışdığı nağılları dinləmək, bəlkə də, o illərin ən şirin anları idi.

Anamızın: "Dur bala, uzan yerinə"- deməsi ayıldardı bəzən yuxudan. Çox vaxt da, yerimizə uzanıb yarımçıq qalmış əsəri oxuyardıq alaqaranlıq otaqda. Bizi ədəbiyyata itələyən əsas maraq dünyanı və insanları tanımaq, ətrafdakı qayğılardan uzaqlaşmaq istəyidir bəlkə də...

Mütaliə alışqanlıq yaradır zamanla,

- Bir də baxıb görürsən ki, bir günə 300 səhifəlik kitabı oxuyub bitirirsən.

- Oxumadığın günlərdə isə, sanki çox dəyərli bir əşyanı itirmiş kimi olursan...

Yadıma gəlir ki, "Kapitan Qrantın uşaqları" kitabının təsirində 2-3 ay çıxa bilməmişdim uşaq vaxtı.

"Səfillər" bizim həyatımızın bir parçasını anladırdı sanki, o qədər doğma gəlirdi ki, bizə...

Əsərlərdə özümüzü axtara-axtara rayon kitabxanasında nə qədər kitab varsa, hamısını bitirdiyim gün elə bil dünənki gün idi. Kitabxanaçı Rəbiyə xala deyəndə ki,

artıq oxumadığın kitab qalmayıb bizdə, 

onda da növbə çatdı müəllimlərimizin evlərindəki kitablara... Və bir də o zaman ayıldım ki, əsərləri oxuya-oxuya xeyli "kvadrat" şeirlər də yazmağa başlamışam...

Yazmaqdan daha çox, sanki özüm-özümlə danışırdım şeir dilində...

Bəlkə də, insanın ən səmimi həmsöhbəti elə onun özüdür.

Çünki daha içdən, daha güvənli və daha dürüst dərdləşməkdir belə ünsiyyət.

Psixoloqlar bunun bir səbəbi kimi uşaqlıq travmalarını qeyd edirlər.

Digər tərəfdən də, zəki olmağın bir əlaməti sayırlar...

Mənim də özümlə hər mövzuda söhbətim olub və düşünürəm ki, insanın özünə kənardan baxması və öz yanlışlarını görməsi baxımından bu çox gözəl bir addımdır.

Daha doğrusu, bu bir daxili tələbatdır, ruhun bədənlə ünsiyyətidir...

Zamanla özümüzün ədəbiyyatın içində olmağımdan daha çox, ədəbiyyatın bizim içimizdə olduğuna inanmağa başladıq.

Mənə elə gəlir ki, ədəbiyyat təmiz ruhlu, həssas ürəkli insanların dayaq nöqtəsidir,

kamilliyə gedən yolda yol göstərən mayakdır...

Və son olaraq gələk ümumiləşmiş nəticəyə...

Əgər kimsə mənə indi durub desə ki, - "Niyə ədəbiyyat?" Ona heç düşünmədən verəcəyim qısa cavabım da belə olar:

- " Ədəbiyyatın bu cəmiyyətdə tək təmiz bildiyim və özümü azad saydığım ruhsal bir məkan olduğu üçün"...

Folkner deyirdi ki, milləti ədəbiyyat yaradır.

Düşünürəm ki, insanlarımız nə qədər çox ədəbi əsərlər oxusalar, elmi bəlgəsəllər izləsələr, fəlsəfi və psixoloji filmlərə baxsalar, o qədər də, daha yetkin və daha mükəmməl insan ola bilərlər...

Gələcəyimiz naminə, mənəviyyatımızın inkişafı naminə, İNSAN kimi qalmaq naminə ədəbiyyatımıza sadiq olaq həmişə...

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.