“Yalnız bircə ricam var...” - VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalında tanınmış şair Vaqif Bəhmənlinin şeirləri ilə tanışlığınız davam edir.                            

 

 

CƏZİRƏ

 

Yoxumla zirvədəyəm, varım sevda quyusu,

Nə qəhr edir məni qəm, nə sevgidən doyuram.

Bağını div qəhr edən dar məsləklər uyusun,

Məsləkin gen yolunda beşikdən müntəzirəm!

 

Yaxasını şər didən, dada yetən imdad mən,

Bədbəxtləri hifz edən qutudakı nəzirəm.

Baş ayıran bədəndən, balta çalan cəllad mən,

qul, qaravaş, yolötən, həm şah, həm də vəzirəm.

 

Dibdən qalxır bu qara; nə qaram var, el yusun,

Hörməkçün son divara qaralmış daş əzirəm.

Qorxu hara, mən hara; sarayımı sel yusun – 

Cəmi sarsıntılara cəddə görə dözürəm.

 

Yalnız bircə ricam var, lütfən, barəmdə susun,

Siz ey göydə uçanlar, mən dibdə kök gəzirəm.

Xırda işıq saçanlar, qoy sizi Günəş yusun,

Mənə kifayət edir içimdəki cəzirə!

 

 

QƏRİBƏ BƏNDƏ

 

Mən –

nə yaxşı müxalifət oldum,

nə yaxşı iqtidar,

nə yaxıb-yandıran atəş,

nə üşüdən qar;

 

Mən –

nə fəhmli uşaq oldum,

nə müdrik, nə ixtiyar,

nə göy üzü qədər hüdudsuz,

nə məzar çuxuru kimi dar;

 

Mən –

nə basılmaz qoşunda sərbaz,

nə məğlub orduya havadar,

nə ataya köməkçi,

nə anaya ələkçi,

nə bacıya himayədar;

 

Mən –

nə baba qədri bilən,

nə nənə ətəyindən yapışan vəfadar,

nə qardaş qulluğunda qul,

nə övlad nəzərində hökmdar;

 

Mən –

nə tufan oldum,

nə xəzri, nə gilavar,

elə hey yapışdım

Allahın ətəyindən,

Elə hey səbir, səbir...

Elə hey söylədim,              

vaxta var,  hələ var;

 

Mən –

nə heç oldum, nə də var,

gün sürdüm könlüm qubar,

ömr etdim əlim qabar.

 

Mən –

nə gülüstan oldum,

                        nə də bağ,

                        nə bağ qoruyan divar,

nə ağac oldum, nə yarpaq,

nə göy – dərin,

             nə hava – fərqli, 

                   nə su – oynaq,

                        nə torpaq –  hamar;

Mən –

nə suda balıq oldum,

nə su üstündə qayıq,

nə qayıq çiynində avar;

 

Mən –

nə müjdəçi oldum,

nə piyada, nə suvar,

cənnətdə keçdi ömrüm.

nə qış gördüm,

nə yay, nə payız, nə bahar;

 

Mən...

bu mənəm, qafası boş

alın yazısı zayıl;

Xoş gəldin, cənab Əzrayıl,

bu bədbəxt bəndəni də

vur qoltuğuna, apar,

Dərgaha çatanda de ki,

xəbərin varmı, Allah,

səltənət küncündə sənin

belə bir bəndən də var,

belə bir bəndən də var!!! 

 

 

RUHUNUN UŞAĞI

 

Bir də görərsən getdim –

hökm etdi bir qaşıq qan.

Ya yolçuya qismətdi,

ya da quşa başaq can.

 

Cənazəmin altına

girəndə çaşacaqsan!

Çünki, oğul, ruhumun

gözündə də uşaqsan...

 

 

BOŞLUQ

 

Qala qurduq,

         yıxdı həyat –

yasa döndü büsatımız.

Vədə xilaf çıxdı həyat,

heç gülmədi həyatımız...

 

Qaya – qarğış, gen dərə – kin;

yol bulmağa savad yoxdu.

Gərək varım o yerə ki,

o yerlərdə həyat yoxdu!

 

 

SƏBİR QOŞMASI

 

Suyun səbri sıxılanda daşlaşır,

Daşın səbri tükənəndə qum olur.

Səbrin dəlil-sübutudu başdaşı,

Son ricası: – Boş ağzını yum, – olur.

 

Səbr meydan...

                   tərə çıxır qaçan at

tək almanın cecəsidi bu həyat!

Cadar-cadar qabıq qoyur meyvacat –

Səbrə əvəz, içi sulu tum olur.

 

Səbir qonşu çəpəridi kəndlinin,

Dözümüdü, təpəridi kəndlinin,

Səbir ki,var ləpiridi kəndlinin –

Kotan çəkir;

         kəltən torpaq şum olur.

 

Səbir haqqdı – düz ayağı, düz əli,

gültək açır gələn yaza xəzəli...

Səbirdirsə yüz adından əzəli,

Onda Allah səbir olmursa, kim olur?

 

Zirvələrin dözümüdü qar, əlbət,

Məcnunlara səbir verir yar, əlbət...

Səbrin də öz həyat tərzi var, əlbət;

Səhər açır, axşamüstü yumulur.

 

 “Ədəbiyyat və incəsənət”

(12.03.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.