“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan ədəbiyyatının təbliği layihəsində portalımızın Təbriz təmsilçisi Əli Çağla sizlərə Anlar Şərifinin şeirlərini təqdim edir.
ALO, MƏNİ EŞİDİRSİZ?
Alo!
Salam
Gəlin bizə
Bir ölünü götürməyə
Bir qadının həsrətlərin məzarlığa ötürməyə...
Bir dayanın
Deyəsən ki, qurtarmayıb!
Ruh dayanıb dodağında
Axı yaşam arzuları qalıb hələ damağında...
Biraz, durun
Ölə bilmir
Ruhu xəstə
Göylər üzrə, üzə bilmir
Cismi onu bərk yapışıb
Ruh da gözün tikib ona
Yeddi qata süzə bilmir...
Durun, biraz
Buranı qəm, duman bükür
Xatırlayır yaşayışın
Özü qorxur, hey ürküşür...
Son anların anlamında
Bu qadının yox həvəsi.
Uzun hekayəsini bir an
Kinoya çəkmiş nəfəsi...
Görür uzun illərdir ki,
Daha bəzək vurmur özün.
Şıltaqlığın qoyub yerə
Susub danışmayır sözün.
Geyindiyi geyimlərin
Markasını önəmsəmir.
Təravətin də qış qapmış
Güzgüyə də sözün demir...
Alo!
Məni eşidirsiz?
Durun, gəlin
Ölüm tutub qıçın, əlin
Qurtardı son nəfəslərin
Gəlin gedək ki, dəfn edək
Xəstələşən qəmlərin...
ŞƏHİD ANASI
Əli oyununda gəzən
Süfrəsini hey bəzəyən
Gözü həsrətdə ana
Nə qədər vardır inamın ki, gələr
İtki balan!
Saçlarından qarın almış Savalan...
Gecə, gündüz yarışan ayla günəşlə
Bir ömür həsrəti yordun
Bilirəm gec də olursa gələcəkdir!
Mən onun gözlərin öpcək
Bütün həsrət ötəcəkdir
Dilin altında oxuyurdun
Qışına kamva toxuyurdun.
Rahat ol nazlı ana
Balan torpaq qoruyur
Qurşunun hər birinə
Sinəsi, laləni əlvan boyayır.
Sən oxu laylasını
Balanın yatmışını.
Ana, torpaq qoruyur
Ana qoynunda uyuyur.
LÜTFƏN ƏL SAXLA QADIN!
Bu ipək arx kimi axmış saçını kəsmə qadın
Bir cinayət törədən fırtına tək əsmə qadın
Biraz təmkinli, biraz sayğılı ol
Bu didərgin ruhunu asma qadın...
Göz yaşınla üzünün makyajını;
Dodağından matiki;
Dırnağından lakını;
Silmə, birdən biri hətta əgər almış
Bu gözəl, incə, təmiz
İffətinin ilk akını
Lütfən əl saxla qadın!
Yenə dur güzgüyə bax
Gözlərindən yenə də könlünə ax
Əyninin pintiliyin sahmana sal
Bu didərgin ruhunun qaydına qal
Özünü bir ələ al
Lütfən əl saxla qadın.
Hər kəs öz boynuna biçmiş günahın
Səni bu hala salan
Kişi qoymuşdu adın?!
Yox,
Yox sənin iffətini o yumadan
Özünün iffətini kirlətdi
Adının səviyyəsini məhv etdi
Lütfən əl saxla qadın!
Bilirəm atmacalı çoxlu baxışlar sənin üstə!
Çox kişi, çoxlu tamahkar
Bəlkə də hətta tələbkar,
Sənin cinsində qadınlar
Daha alçaltmaq üçün
Sənə təskin yeri əlbət
Yerinə duz basacaqlar
Sanki sən!
Bir ləkələnmiş, bir utanmaz
Onlar üzləri sulu burcudacaqlar
Dolacaq səndə olan hər nə tutum var
Daşacaqsan,
Gecəni sübhə kimi ağlayacaqsan.
Amma, yox
Cəmlə bütün hər nə kobudluq,
Acılıq,
Göz yaşı vardır
Yenə də başqa sırıq
Köhnə sırıqlar sırasında
Yaranın sızlamasında...
Amma; boş ver
Yenə görkəmli yaşa
Dik dayan, qoyma sənin
Mənliyin dizlərinin üstündə aşa
Lütfən əl saxla;
Yaşa...
PAY
Ölərəm,
Ölərsən,
Öldürərlər,
Ölərik!..
Min bir “dən”-ə dönərik
Bizi torpaq bitirər
Biz torpağı bəsləyərik.
“Qadın,
Yaşam,
Özgürlük”
Bizə pay olmasa da;
Sənin,
Mənim,
Qızına
Bir yerdə pay verərik.
YANIMDA OL
Hərdən otur yanımda sən
Heç dinmədən
Danışmadan
Toxunmadan.
Demirəm söykənəcəyim ol
Əllərimi, əlində tut.
Gözlərində baxıb-baxıb
Mən, qəhərdən silkələnim
Sən qəhrini içində ud.
Yalnız hərdən
Otur, otur, otur, otur, otur, otur
Yanımda sən.
Heç fikrini oxutmadan
Zərrə qədər varlığıma toxunmadan
Hətta belə bir kəlməyə ürəyimi oxşamadan
Əyləşmədən,
Dilləşmədən
Sevişmədən
Sadəcə gəl yanımda ol,
Yanımda ol, yanımda ol, yanımda ol, yanımda ol.
Sənə baxım
Sənə baxım, sənə baxım
Sənə baxım, sənə baxım
Səndə səni xatırlayım
Bir güzgüdə öz-özümü görən kimi
Bir şeyləri araşdırım
Qərar aldım
Baxım,
Baxım,
Baxım,
Baxım,
Sonra mənim baxış dilim, dilə gəlib
Lap ürəyim ağzıma gəlib
Girim sənin qollarına
Anlamayım, anlamayım, anlamayım
Özüm qalım öz halıma.
Yoxsa da başqa bir xəyal
Xatırladar məndə səni
Hey baxaram,
Hey baxaram,
Hey baxaram.
Baxıb,
Baxıb,
Baxıb,
Baxıb,
Bir, dəm yerimdən duraram
İlan vurmuş yazıq kimi
Düz, oturduğun yerdə səni,
Səni,
Səni,
Səni, sənə buraxaram
Hey qaçaram
Hey qaçaram
Hey qaçaram.
Xatirəni,
Yenə səni,
Yenə səni
Səndə yalqızlığı bükən
Əli qoynunda bir məni
Məni,
Məni,
Məni,
Məni,
Səndə məni
Buraxaram,
Buraxaram,
Buraxaram,
Buraxaram
Belə olar hekayəmiz
Belə olar hekayəmiz.
Bitər bütün kitab-kitab
Sətir-sətir,
Nöqtə-nöqtə,
Zaman-zaman,
Zaman-zaman
Hə,
Əldən gedən zamanımız
İtkin düşən özüm kimi yazıq güman
Gümanlarım
Gümanlarım
Özüm kimi yazıq güman
Belə olar
Belə bitər
Talesiz bir sevgi olan hekayəmiz
Və
Son
Və son
Və son
Və son
Tamam...
“Ədəbiyyat və incəsənət”
(12.03.2024)