“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə şair Ədalət Salmanın şeirlərini təqdim edirik.
Məmməd Araz mizanı
Niyə belə korşalıbdı söz silahımız?!
Kürsülərdən şeirimizin gəlmir harayı.
Kimlərinsə ucaltdığı imarətlərin
Kölgəsində yoxsa, qalıb şeir sarayı?!
Həyat sıxır niyə halal, düz adamları,
Saf qəlblilər niyə belə hörmətdən düşür?
Gündən-günə unudulur söz adamları,
Şeirimiz də gündən-günə qiymətdən düşür.
Günahkarıq, oxucumuz düşübsə küskün,
Unutmayaq, yaxşı şeirin hər vaxt acı var.
Şerimizin şah vüqarı əyilib bu gün,
Məmməd Araz mizanına ehtiyacı var.
Qış duyğuları
Zərif bir gözəllik dünyasıdı qış,
Onda gözəlliyi duya biləsən.
Səma ilmə-ilmə, yer naxış-naxış, -
Çətin ki, seyrindən doya biləsən.
Dağlar qış kürkünü atıb çiyninə,
Saçına dən düşmüş qocaya bənzər.
Təpələr, örpəkli gəlin düzlərin
Ovcunda örtüklü xonçaya bənzər.
Yoxsul dərələrin varı qardımı,
Yoxsa, xurcununa gümüş pul yığıb?!
Yol üstdə ağaclar yolçulardımı,
Qışa ehtiyatı yadından çıxıb?!
Lövhə çələngi var hər qarış yerin,
Hər xırda naxışda min bir məna gəz.
Bura yeri deyil ürəksizlərin,
Zövqsüzlər lövhəni oxuya bilməz!
Laqeyd ötməyə könlüm qoymayır,
Düşmüşəm gözəllik toruna yenə.
Baxdıqca, seyrindən gözüm doymayır
Rəssam təbiətin qış sərgisinə.
Təbrizli şairə
Şeirlərin ünvanıma çatıbdı,
Hər misrası ürəyimə yatıbdı.
Təbin sözə şəhdi-şəkər qatıbdı,
Şerin mənə olub könül sirdaşı,
Ey təbrizli şair Elman Dadaşi!
Dəydi sərin Təbriz mehi üzümə,
Oxuduqca, işıq gəldi gözümə.
Sözlərini məlhəm bildim özümə,
Yanağımdan axdı həsrət yağışı,
Ey təbrizli şair Elman Dadaşi!
Kimlər böldü iki yerə xalqımı,
Kimlər yedi görə-görə haqqımı?
Sarılmağa həsrət qollar bağlımı,
Dayanmışıq niyə uzaq, yanaşı,
Ey təbrizli şair Elman Dadaşi?
Urmu gölü ölüm hökmü alıbdı,
Bəzz qalasın çəpərə yad salıbdı.
Qardaş yolu niyə bağlı qalıbdı,
Qoy oyansın yurdumun qan yaddaşı,
Ey təbrizli şair Elman Dadaşi!
Savalanda yatanlarım oyanır,
Haqq deyənlər niyə qana boyanır?
Qovuşmayır, Araz üstə dayanır,
Vətənimin o başıyla bu başı,
Ey təbrizli şair Elman Dadaşi!
Şəhriyarın ruhu şadmı, a şair,
Ölməyibdi, ürəklərdə yaşayır.
Onun adın bu gün balam daşıyır,
Sən də onun kiçik şair qardaşı,
Ey təbrizli şair Elman Dadaşi!
Dur sən ordan, mən də burdan hayqıraq,
Aradakı tilsimləri hey qıraq.
Sərhədsiz bir Azərbaycan gəl, quraq,
Xalqımızın axsın sevinc göz yaşı.
Ey təbrizli şair Elman Dadaşi!
Xudafərin olmaz sərhəd körpüsü,
Nə ayrılıq, nə də xiffət körpüsü.
Olar daha xoş ünsiyyət körpüsü,
Fərəhindən çiçək açar hər daşı,
Ey təbrizli şair Elman Dadaşi!
Şəhid anası gəlir
Bu yurdun igidləri
Sipər etdi özünü,
Vətənə qurban getdi
Heç qırpmadan gözünü.
Öz qanıyla tarixə
Yazdı Zəfər sözünü.
Qarabağda Bayrağım
Əzəmətlə yğksəlir.
Ehtiramla baş əyin,
"Vətən sağ olsun!" - deyən
Şəhid anası gəlir,
Şəhid atası gəlir!
Qarabağım məkrlə
Əlimdən alınmışdı.
Neçə yüz min soydaşım
Doğma yurd-yuvasından
Didərgin salınmışdı.
Malı, mülkü, sərvəti
Talanıb çalınmışdı.
Farsa, rusa gğvənib
Ağnayırdı yurdumda
Erməni ulaqları.
Otuz ildi kar idi
Dünyanın qulaqları.
Eşitmirdi səsimi
Haqq-ədalət adından
Danışan o ölkələr.
Otuz ildi yurdumun
Başı üstə gəzirdi
Qara-qara külgələr.
Daha bizi üzmüşdü
Boş vədələr, bəlkələr.
Fəqət, haqqın Günəşi
Dağıdaraq buludu,
Doğdu Qarabağımda!
Cəngavər igidlərim
Erməni faşistləri
Qovdu itiqovantək,
Boğdu Qarabağımda!
Əsarətdən qurtuldu
Neçə kəndim, şəhərim.
Yenə gğldğ ğzğmə
Qarabağda səhərim.
Qəhrəman şəhidlərim
Əyilməyə qoymadı
Millətimin qğrurun.
Yaradan da onlara
Pay vermişdi öz nurun.
Qarşısında diz çökün,
Dağlar, salama durun!
Şəhidləri xalqımın
Hamı baş tacı bilir.
Şəhidlər qanı hopmuş
Al Bayrağa bürünüb
Şəhid anası gəlir,
Şəhid atası gəlir!
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)