Tanrı ömrünə bərəkət versin, İbrahim İlyaslı! Featured

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Tanrı  dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı  nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır  dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsünüzmü?

 

Bu gün də  sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan, sarıyan şairlərdən biri- şair İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən , bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. 

Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı. Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün .  Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki, mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı  danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi? 

İbrahim İlyaslının imzasını çoxdan tanısam  da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki, onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə,  ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz  ,  könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca. Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. 

Tərifi sevməz. Bir məsum, körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü  harda  danışmaq  lazım olduğunu  gözəl  bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinı yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri  özündən  böyükdü. Elə sevgisi də. 

İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu. 

 

      Mən sevə bilirəm ancaq,

      Sevilmək? - o mənlik deyil 

-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi. Heç kimdən heç nə ummaz, bircə sözündən savayı.  Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından  tanıyarsan onu. Həm də çox həssasdı. Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini (Tanrı dərd verməsin), ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı.  Oxucunu ram edən qələmi var.  Bir də bilirəm ki,  onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? 

Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra  kövrələcək.  Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan şeir, həm də. Özü də şairin ürəyi  boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Bircə ərk yeri, görk yeri Tanrısından savayı. 

Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər, şair. Bir daha günün mübarək. Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.