Poetik Qiraətdə bu gün sizlərlə Mikayıl Bozal öz yeni şeiri ilə görüşür. Nə deyir, “Qapını üzümə bağlama mənim” deyərkən şair? Onu deyir ki, “Qapından savayı gedən yerim yox”. Bəs niyə axı? Çünki “Qapından başlanır gerçəyin yolu”.
Düşünürük ki, bəyənəcəksiniz.
QAPINI ÜZÜMƏ
BAĞLAMA MƏNIM...
Qapın haqq qapısı- mən haqqın qulu,
Qapını üzümə bağlama mənim.
Qapından başlanır gerçəyin yolu,
Qapını üzümə bağlama mənim.
Bu gidi dünyada pünhan sirrim yox,
Elə məscidim yox, elə pirim yox,
Qapından savayı gedən yerim yox,
Qapını üzümə bağlama mənim.
Ayağım altından yer qaçır- qaçsın,
Qopub məhvərindən göy uçur- uçsun,
İçimdə dərdlərim gül açır- açsın,
Qapını üzümə bağlama mənim.
Hərdən havalanıb gülməyə nə var,
Ölüm nəmənədir- ölməyə nə var,
Gedib- o dünyadan gəlməyə nə var,
Qapını üzümə bağlama mənim.
Bozalın adını lala, kara çək,
Üstündən- biryolluq götür, qara çək,
Dar ağacı qurdur- buyur dara çək,
Qapını üzümə bağlama mənim.
Ədəbiyyat və incəsənət”
(07.03.2024)