“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Ülviyyə Qəhrəmanın debüt şeirləri təqdim ediləcək. Qeyd edək ki, şeirlər 2021-ci ildə qələmə alınmışdır.
PAYIZ, SƏNDƏN BİR RİCAM VAR
Payız,səndən bir ricam var,çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir torpaqları,
Döyüşlərdə əsgəri var,Tanrı olsun onlara yar!
Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən,
Bir az bəslə buludları ətəyində,
Üşüməsin əsgərimin əli silah tətiyində!
Xəsislik et,gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda!
Dumanını ahəstə çək, naxışları nəmli payız,
Vətənimin nər həsrətli dağlarına,
Hərarətin qüvvət versin
Alnı açıq zirvələrə bayraq sancan igidlərin qollarına!
Payız, səndən son ricam var,
Gözü yolda olanlara,
İgidlərdən xoş xəbərlər gətir nübar.
Qoy bu payız müjdə versin mərd xalqıma
Qələbədən,zəfərdən bar!
VƏTƏN
Cavidlərin gülüşündə,..
Elvinlərin baxışında,..
YatanVətən!
Qətrə-qətrə torpağına
Damla-damla şəhid qanı
HopanVətən!
Qəlpə-qəlpə yaralanan,
Hissə-hissə sarıqlanan,
Zərrə-zərrə bütövlənən,
Kafirlərin caynağından
Sıyrıq-sıyıq qopanVətən!
Xudayarlar avazında
dastanlara dönənVətən!
Elçinlərin,..nəfəsində
Kəsik-kəsik gülənVətən!
Əhvalına yarı sevinc,
yarı kədər qatanVətən!
Dəlik-dəlik ürəyində
30 illik arzusuna çatan
Vətən!
... ŞƏKİLLƏR
Soyuq bir qış gecəsi...
Açılmaz sabah kimi,
Bir balanın çöhrəsi
Dikilir şəkildəki qayğılı baxışlara,
Düyünlənmiş qaşlara,..
Dolaşır çox fikirlər,..
Son təsəlli şəkillər...
İslanır çərçivəsi ananın baxışında,
Tumarlanır şüşəsi əlinin qırışında...
Kədər havasında,dərd yağışında,
Həsrətlə yuyunub,qəmlə quryub,
Ata fəryadını duyan şəkillər,
Danışan şəkillər,dinən şəkillər.
Tənha səssiz gecələrdə
Ürəklərin üstə qonan,
Öpüləndə göz yaşları
Çatlaq dodaqlara dolan,
Gözlərdə sevgisi,üzdə gülüşü,
Buz kimi soyuyubsolan şəkillər,
İsti qucaqlarda donan şəkillər.
Səssizcə bizdən danışan...
Gah küsüb,gah da barışan...
Yalan üzlərdə sayrışan,
Saxta Vətən “sevgi”sinə
Daşlardan qəzəblə baxan şəkillər,
Vüqarlı şəkillər,təmiz şəkillər,
Oxşanan şəkillər,əziz şəkillər.
BU QAR SƏNƏ BƏNZƏYİR...
Bu qar sənə bənzəyir –
Baxsam, parlaq,
Ağappaq,təmiz ...
Gözlərimi qamaşdırıb
Büllurunu yandıracaq.
Yumsam gözlərimi,
bəbəklərimdə
kölgən qalacaq.
Bu qar sənə bənzəyir –
Tənha,kimsəsiz...
Toxunsam, yumşaq,
Barmaq uclarımda əriyib
Ovuclarımdan axacaq.
Öpsəm isti dodağımı,
Soyuqluğu donduracaq.
Bu qar sənə bənzəyir –
Cığırsız, izsiz...
Bir addım atsam,
Dərin bir çökək
Varlığında iz qoyacaq.
Qalsam, ruhum soyuyacaq,
Getsən, yerimi yad bir ləpir dolduracaq!
PAYIZ QADIN
Ruhu bahar,cismi
Payız fəsli qadın.
Özü tənha,ətrafı
Hər kəsli qadın.
Gündüz günəş,gecələrə
Sazaq qadın
Bir az isti,bir az soyuq
Yasaq qadın
Xəbərin var?
Hər gün ömür ağacından
Qızıl sarı yarpaq düşür...
Ürək qızıl,əlləri bərk
Dəmir qadın,
Tənhalığa hənir qadın,
Qəlbi kövrək,gözü nəmli
Naxış qadın,
Kəlmələri susuz qəlbə
Yağış qadın,
Xəbərin var?
Hər gün bir ağ çiçək
açır saçlarında...
Hər çiçəyin öz dərdi var,
Xəbərin var?
*QIŞ MƏKTUBU*
Salam,
Yaz həvəsli,
Yay diləyiylə
Payız həyatımaqış gətirənim!
Darıxmır ürəyin
Baxıb çardaqdakı cüt göyərçinə?
Üşümür əllərin öz əllərində?
Dikilmir baxışlar
Ağ tavanında
Su damıb saldığı böyük ləkəyə?
Bu gün də arzunu küləyə söylə,
Külək pıçıldasın qar dənəsinə,
Uçsun boz şəhərin səmalarında,
Axtarsın mən olan ünvanı tapsın,
Toxunsun evimin pəncərəsinə,
Əriyən dənəsi arzunu yazsın!..
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)