Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Bu gün müharibənin dördüncü, sentyabrın isə sonuncu günü idi. Bu araşdırma mənim üçün bir qədər fərqliydi. Cəlb olunduğum bu məxfi əməliyyatda öyrənə bildiyim və ya mənə lazım olan hər bir şeyi Mahirə deyib sonra yenə də gözləmək məcburiyyətində idim. Dünən də belə olmuşdu. Ayrıldıqdan sonra nahar edib evə gəlmiş, bütün günü ondan xəbər gözləmişdim. Mahirdən isə hələ ki, bir xəbər yox idi. Sərbəst işləməyə öyrəşdiyim üçün belə vəziyyət məni bir qədər sıxırdı. Ancaq başqa çarə yox idi. Vəziyyət bunu tələb edirdi. Risk həddən artıq böyük idi. Üç günlük analitik işdən sonra kiçik bir ipucuna çıxa bilmişdik. Əgər müəyyən etdiyimiz Tərxan sağ olsaydı, bu işimizə çox yarayardı. Ancaq bizi qabaqlamışdılar. Bu üzdən yenə də yoxlamalar, aydınlaşdırmalar aparmaq lazım gəlirdi. Təkcə Tərxanın əlaqələrini araşdırmaq üçün dünəndən kim bilir hansı həcmdə işlər görülmüşdü. Telefonu götürüb Layiqəyə zəng vurdum. Ofisdəki işlərin vəziyyəti ilə maraqlandım. Hər şey qaydasında idi. Köməkçim öz işini yaxşı bildiyindən bu cəhətdən narahatçılığım yox idi. Layiqə son günlər cəmi bir nəfərin ofisə müraciət etdiyini, onun da sifarişini məlum səbəbdən qəbul etmədiyini dedi. Sağollaşıb xətti kəsdim.
Cəbhədən şad xəbərlər gəlməkdə davam edirdi. Ağızdan-ağıza Cəbrayıl rayonunun düşməndən təmizləndiyini eşitsəm də, bu məlumat rəsmi olaraq təsdiqlənməmişdi. Şəhidlərimiz vardı. Ancaq qarşı tərəf qat-qat çox itki verirdi. Bir neçə kilometrlikdən xüsusi təyinatlılarımızın gəldiyini görən düşmən qorxuya düşüb silahlarını və hərbi texnikanı atıb pərakəndə şəkildə qaçırdı. Bu yaxınlaradək ordularını ən inkişaf etmiş ölkələrin orduları ilə müqayisə edən, Azərbaycanı yeni-yeni torpaqlarımızı işğal etməklə hədələyən boşboğaz erməni hərbi komandanlığı hətta öz əsgərinin ərzaq təminatını belə həyata keçirə bilmirdi. Saytlarda gedən bir kadrda erməni əsgəri acından ölməməkçün çörək və konserv dalınca dörd-beş kilometr məsafəni piyada qət etməli olduqlarını bildirmişdi. Çünki hərəkət edən hər bir texnika yerində başından vurulurdu. Bir kadrda isə erməni generalının təcili yardım maşınından yaralı erməni əsgərini düşürüb həmin maşınla döyüş zonasından qaçmasını əks etdirən görüntülər yayılmışdı. Başqa kadrlar da var idi: bu kadrlarda ermənilər şəhid olan hər bir əsgərimizin döş cibində, ürəyinin üstündə Azərbaycan bayrağının olduğunu deyir, igid oğullarımızın bu vətən, bayraq sevgisinə heyrətlərini gizlətmirdilər. Azərbaycan əsgərinin döyüş ruhu qarşısında düşmən mənəvi cəhətdən tam məhv olmuş görünürdü.
Dünən evə gələndə yolüstü bir qədər şirniyyat almışdım. Çaydanı qaynamağa qoyub televizoru işə saldım. Görək bu gün bizi hansı şad xəbərlər gözləyir…
* * *
Polkovnik Vəliyev mayor Yavər Əliyevin növbəti məruzəsini dinləyirdi:
-Mənə verilmiş mobil nömrələrin sahiblərini müəyyən etdim. Dərhal onlar haqqında məlumatları toplamağa başladım. Siyahıdakılardan yalnız bir nəfərin Yaşıllaşdırma Təsərrüfatı Birliyində işlədiyi məlum oldu. Bu adam Mahmud Səmədovdur. Nəzarətə götürülməsi üçün evinin və iş yerinin ünvanını bizim uşaqlara verdim. Ancaq gələn xəbərlər ürəkaçan deyil. Mahmud Səmədov iki ay əvvəl xəbərsiz itkin düşüb. Bu məlumatı aldıqdan sonra uşaqlar özlərini ərazi polis orqanının əməkdaşları kimi qələmə verib onun ailə üzvləri ilə söhbət ediblər. Mahmud iyul ayının iyirmi səkkizində səhər saatlarında işə getmək üçün evdən çıxıb, bundan sonra onu görən olmayıb. Mərkəzi baza vasitəsilə də yoxladım. Mahmud Səmədovun xəbərsiz itkin düşmüş kimi axtarışı elan olunub. Hə, bir də ki, rəis, Mahmud yoxa çıxmazdan bir müddət əvvəl «Jiquli» markalı köhnə maşınını satıb yapon istehsalı olan «Toyota Corolla» alıb.
Polkovnik Vəliyev onun sözünü kəsib dedi:
-Bu çox maraqlı məlumatdır. Bəs o təsərrüfatda nə vaxtdan işləyirmiş?
-Son üç ili orda işləyib. Uşaqlar iş yerində də olublar. Haqqında yaxşı işçi kimi danışırlar. Sakit təbiətli birisi imiş.
-Tərxan Nağıyevlə münasibətləri barədə nə öyrənə bilmisiz?
-Hansı şəraitdə tanış olmaları bizə məlum deyil. Ancaq bu ilin iyun ayının əvvəllərindən etibarən çox sıx-sıx zəngləşiblər. Belə məlum olur ki, həm də görüşüblər.
-Onların hansı şəraitdə tanış olmalarını bilməyimiz çox vacibdir, Yavər. Bunu öyrənməyə çalışın. Əgər Mahmud sakit təbiətli biri olubsa, onu təzyiqlə, ya da şantajla nəyəsə təhrik edə bilərdilər. Maşınını dəyişdirməsi sizi çaşdırmasın. Nəyəsə məcbur etdikdən sonra da susması üçün pul verə bilərdilər. Pulu götürər və qorxduğu üçün susmağa məcbur ola bilərdi. Əgər dediyimi öyrənə bilsəz, onun bu işdə rolunu da müəyyən edə bilərik. Bəlkə də o, bu işdə əsas fiqurantlardan biridir. Hər-halda yoxa çıxması özü-özlüyündə çox şeydən xəbər verir. Ona görə də, tələsin. Qoy, iki nəfər sırf bu istiqamətdə iş aparsın. Qohumlarını, yaxınlarını, iş yoldaşlarını bir daha danışdırın.
Polkovnik Vəliyev bir qədər fasilə verib soruşdu:
-Bəs rusiyalı qonaqlarla vəziyyət necədir?
-Dediyiniz kimi, əlimizdəki siyahını kolleqalarımıza ötürdüm. Hələ ki, başqa heç kim müəyyən olunmayıb. Sahə inspektorları bu istiqamətdə işi davam etdirirlər.
-Yaxşı, yeni nəsə bilinərsə, dərhal mənə deyin. Gedə bilərsiz.
Yavər,-oldu,-deyib kabineti tərk etdi.
Onun çıxmasını gözləyən Mahir Vəliyev telefonu götürüb zəng etdi.
-Salam, Bəxtiyar. Sənin «miçurin»in kimliyini müəyyən etdik. Ancaq məsələ bundadır ki, o, iyul ayının iyirmi səkkizində yoxa çıxıb. Bunu könüllü edib, ya onu da Tərxan kimi aradan götürüblər, hələ ki, bizə məlum deyil. Uşaqlar araşdırırlar. Ölümündən bir qədər əvvəl də salondan təptəzə maşın alıbmış. Əlavə nəsə bilinən kimi səninlə görüşəcəm.
Bunları deyib xətti kəsən polkovnik başını yellədi. Vəziyyət yaxşı deyildi. Onların əməliyyat yolu ilə çıxdıqları bir adam dörd gün əvvəl qətlə yetirilmiş, ikincisi isə iki ay idi yoxa çıxmışdı. Onun da həyatda olması böyük şübhə doğururdu. Hər-halda təcrübəsi ona belə deyirdi.
* * *
Köçmək vaxtı gəlmişdi. Bütün əşyaları orta ölçülü idman çantasına yerləşirdi, paltarlarını səliqə ilə çantaya yığıb bir kənara qoydu. Qrimlənməsi üçün olan ləvazimatları götürüb güzgünün qarşısına keçdi. Bir azdan tanınmaz halda necə dəyişdiyinə baxıb gülümsədi. Gedəcəyi yer elə də uzaqda deyildi. Sənədləri də qaydasında idi. Onu yoxlayan olarsa, Bakıda anadan olmuş və bütün ömrünü Bakıda yaşamış İvan Alekseyeviç Nikolayev olduğu məlum olacaqdı. Sənəddəki şəklindən də eynilə qrimləndikdən sonra güzgüdə ona baxan sima baxırdı. Ancaq hər halda riski nəzərə almalıydı. Ona görə də bir daha diqqətlə güzgüdə özünə baxıb hər şeyin qaydasında olduğunu yoxladı. Bundan sonra çantanı götürüb sonuncu dəfə mənzili nəzərdən keçirdi. Heç nə yadından çıxmamışdı. Çantanı çiyninə asıb yenə də altlığı biri o birindən hündür olan ayaqqabıları ayağına keçirdi. Sonra divara söykədiyi çəliyi götürdü, qapını açıb bloka, oradan da küçəyə çıxdı. Axsayaraq yeriməyə məcbur olsa da, yaxın olduğu üçün on beş dəqiqədən sonra onun üçün hazırlanmış yeni mənzildə idi. Bu mənzil binanın beşinci mərtəbəsində yerləşirdi. Əvvəlki yarızirzəmiyə nisbətən çox geniş və ikiotaqlı idi. Çantanı masanın üzərinə qoyub əşyalarını yerbəyer etməyə başladı. Paltarlarını dolaba asdıqdan sonra qrimini çıxarıb bükdü və bükülünü skotçla otağın ortasındakı iri masanın altına yapışdırdı. Bu işləri gördükdən sonra mənzillə tanış olmaq üçün yataq otağına keçdi. Qalın pərdələri olan yataq otağının işığını yandıranda ilk gözünə dəyən ikinəfərlik iri çarpayı oldu. Çarpayı sevgilisiylə keçirdiyi gecələri, onun ehtirasla altında inildəməsini, ekstaz halında dırnaqları ilə bədənini necə cırmaqlamasını yadına saldı. Saatlarla çəkən vəhşi ehtirasdan sonra sevgilisinin çılpaq halda qalxıb ikisinə də kofe gətirməsi, çarpayıda uzanıb siqaret çəkə-çəkə kofe içmələri gözünün önündən keçdi. Ən çətin anlarında belə heç vaxt emosiyalarını büruzə verməyən bu adamın yeganə zəif yeri sevgilisi idi. Onun həyatında başqa qadınlar çox olmuşdu. Ancaq heç biri gənc yaşlarından dəli kimi vurulduğu qadını əvəz edə bilməmişdi. Keçib çarpayıda uzandı. Bir qədər tavana baxdı. Sonra gözlərini yumub əli ilə başının yanındakı ikinci balışı sığalladı.
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)