“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr vaxtıdır, sizlərə Tural Sahabın “Sevgi döyüşü” hekayəsi təqdim olunacaq.
Dişi bir canavarın özünə ailə başçısı seçməsi çox maraqlıdı. Sürüdə olan istənilən bir erkək canavar onunla münasibətdə ola bilməz. Bunun üçün amansız bir savaş lazımdır. Rəqiblərindən üstün olduğunu göstərməli, bütün imtahanlardan keçdikdən sonra mükafatına çatmalıdır.
Soyuq fevral ayı olmasına baxmayaraq, canavar ailəsi gündəlik həyatını yaşayırdı. Bəlkə də, bu yağan qar onlar üçün gözəl bir fürsətdi. Axı canavarlar qarlı, dumanlı havaları sevir. Belə havada ov etmək daha asandı. Lakin boz rəngli, sinəsində balaca bir ağ olan dişini indi ovdan daha çox maraqlandıran bir şey vardı... ehtiras. Gənc dişi artıq bala verəcək yaşa gəlmişdi. Özünə bir erkək seçib təbiətin qoyduğu qanunu həyata keçirməliydi.
...Hun dövlətinin sərkərdələrindən birinin oğlu olmamışdı. Bütün dualar, qurbanlar cavabsız qalmışdı... qalmışdımı, bunu hələ bilmək olmazdı. Yıldıray böyük başbuğ Atillanın ən sevdiyi sərkərdələrdəndi. Bir çox qanlı döyüşlərdə ordunun sol cinahına rəhbərlik etmiş, hilalın içində düşməni məhv etmişdi. Üzündə, bədənində çoxlu döyüş izləri vardı. Bu yaraları qürurla gəzdirirdi. Gəl ki, bu böyük sərkərdənin oğlu olmamışdı. Tanrının işini bilmək olmazdı. Türk bəylərinin duaları, ozanların alqışları, Yıldıray xanın kəsdiyi qurbanlar... bütün bunlar Tanrıya çatmırdı sanki. Bir gün bütün ümidlərini kəsən ataya yaşlı şaman bir müjdə verdi. Bir savaşçı müjdəsi. Ruhlar şad xəbəri gətirmişdi, buludlardan süzülüb. Tanrı Yıldıray xana savaşçı bir övlad verəcəkdi. Lakin bu övlad oğlan deyil, qız olacaqdı. Xanın əhvalı korlansa da, yaşlı şaman Kutadqu ona təsəlli yox, müjdə verirdi. Xan, sənin elə bir savaşçı qızın olacaq ki, obada, orduda onunla cəng edəcək kişi tapılmayacaq. Sənin qızın ad çıxaracaq, sənin qızın düşmənin ürəyində qorxu olaraq yaşayacaq. Kutadqu bilgə şamandı. Bütün Hun ölkəsində ona hörmət edilirdi. Onun sözlərindən sonra Yıldıray Tanrının bu müjdəsini gözləməyə başlamışdı. Daha öncə qızları dünyaya gəlmişdi. Lakin bu dəfə fərqli birinin yolunu gözləyirdi.
...Gənc dişinin bu halı sürüdəki erkəklərin diqqətini çəkdi. İndi onlar bir- birlərinə diş göstərir, dişini əldə etmək üçün yollar axtarırdı. Lakin dişi öz seçimini belə asanlıqla etməyəcəkdi. Göyün üzündə bulud yoxdu. Aydınlıq bir gecəydi dişi yuvadan ayrılıb dağlara tərəf qaçanda. Artıq sevgi döyüşü başlamışdı. Onun sürüdən ayrılıb dağlara tərəf getdiyini görən erkəklər arxasınca düşdülər. Bir dişi canavar öndə, beş erkəksə onu izləyirdi. Dişi sürətlə özünü aydınlıq gecənin içinə salır, hərdən üzünü göy üzünə tutub ulayırdı. Erkəklər sadəcə onu izləmir, həm də aralarında döyüşürdü. Artıq onlardan biri al qan içində geridə qalmışdı. Fürsəti əldən verdiyi, bu savaşda uduzduğu üçün acı-acı zingildəyirdi. Bu səs nə gecəyə, nə ay ışığına yaraşırdı. Savaşsa davam edirdi.
...Doqquz ay sonra Kutadqunun müjdələdiyi qız Yıldıray xanın otağında doğuldu. Bir yaz günüydü. Xanın çadırında körpə səsi eşidilidi. Bu qız uşağı dünyaya qanla gəlmişdi... anası onu doğarkən ölmüş, körpənin ovuclarına bulaşan qan ailəyə sevinc yox, kədər gətirmişdi. Lakin Yıldıray bunun üçün üzülmədi. Savaşçı qızının doğulduğu üçün qurbanlar kəsdirdi, aclar doydurdu. Ondan bir neçə gün sonra ölkənin qərb sərhədlərində üsyançıların üzərinə gedən ordunun önündə məğrurca irəliləyirdi. Yıldıray, əslində, savaşmaq üçün doğulmuşdu. Onun sevgisi vətən, xaqan və qanlı qılıncıydı. Onun üçün də artıq döyüşə gedərkən nə ölən qadınını, nə də yeni doğulan qızını düşünürdü. Şaman körpəyə Umay adını verdi. Anasız və atasız olan Umay. Atası döyüşdən qayıdandan sonra yeni bir qadın aldı. Daha doğrusu, savaş qəniməti olaraq gətirdiyi qadınlardan biri ilə evləndi. Lakin Umaya südü obanın ən tanınmış qadınlarından biri verdi. Yıldıray qızı yox savaşçı böyüdürdü. Bəlkə də, şaman onu müjdələməsəydi, Umayın da normal bir həyatı olardı. Bəlkə də, bizi biz edən yaşadıqlarımızdı. Yıldıray savaşdan savaşa qaçır, Umay isə bir canavar kimi böyüyürdü.
...İndi dişinin arxasınca sadəcə dörd canavar gedirdi. Gecənin aydınlığında onların yaraları, üstlərinə bulaşan qan açıqca görünürdü. Bu yürüş gecələrcə, günlərcə davam etdi. Geriyə sadəcə iki rəqib qalmışdı. Birdən dişi yönünü dəyişdirib, yaxınlıqdakı obalara tərəf qaçmağa başladı. Onu izləyən erkəklər bir an tərəddüd etsələr də, yollarından qalmadılar. Geri dönmək, qorxmaq qurdluğun şanına sığışmazdı. Obanın qoyun sürüləri və onları qoruyan böyük köpəkləri vardı. Gecənin sükutunu bu itlərin səsi yarır, onlar dayandığı zaman qorxunc bir sükut hökm sürürdü. Dişi dayanmadan qaçır, özünü obaya çatdırmaq üçün hər şeyi edirdi. Və o an gəldi. Obanın içindən sakitcə keçib qoyunların olduğu yerə çatdı. Ağaclardan düzəlmiş çəpəri aşıb içəri girmək elə çətin deyildi. Hətta quzulardan birini ağzına alıb çıxmaq da. İşin çətini bundan sonrası idi, yəni bu obadan sağ çıxmaq. Dişinin arxasınca gələn erkəklərin imtahanı da elə bu idi. Dişi ovunu götürüb ildirim kimi obadan uzaqlaşdı. Bu zaman onun ardınca düşən köpəklərin qarşısını almaq isə erkək canavarların işi idi. İndi onlar həm bu itlərlə, həm də bir-birləri ilə döyüşməli idilər. Dişi obadan xeyli uzaqda hündür bir qayanın başında ovunu yeyərkən qalibi mükafatlandırmaq üçün gözləyirdi. Əgər bir qalib olacaqsa...
...Savaşlarda böyüdü Umay. On beş yaşından sonra at belində atası ilə onun getdiyi hər döyüşə qatıldı. İyirmi yaşına çatanda Umay adı Hun obalarında, Hun qoşunları arasında hörmətlə anılmağa başladı. O, hətta böyük xaqan Atillanın hüzuruna belə çıxmaq hüququna sahibdi. Ağ atının belində şeir kimi gedirdi. Özünü oğlanlara oxşatmırdı. Elə qız kimi, türk qızı kimi geyinir, saçlarını hörürdü. Onun savaşdığını yazmaq üçün şair olmalısan. Obanın ozanları Umay adına nəğmələr qoşurdu. Yaşlı şaman Kutadqu bu günləri görmədən ölsə də, indi ruhu şaddı. Hərdən gənc şamanlara xəbər göndərirdi göylərdən. Umayın güldüyünü obada kimsə görməmişdi. O, ən qorxunc sərkərdələrə belə sözünü çəkinmədən deyə bilir, düşmənə acımadığı kimi, öz millətindən olanlara da acımırdı. Onun insan olduğunu düşünənlərin sayı çox deyildi. Hər kəsin gözündə Umay Atillanın cəlladı, Yıldıray xanın qılıncı idi. Neçə döyüşdə düşmən qarşısına çıxıb döyüşmək üçün adam səsləmişdi. Onu tanımayan düşmən, adətən, birinci ən zəif əsgərini göndərirdi. Nə də olsa, bir qızın qarşısına çıxmaq igid savaşçılar üçün ayıb sayılardı. Lakin Umayın ilk zərbəsi düşmənin fikrini dəyişdirirdi. Onun insan olduğunu sadəcə özü bilirdi. O, qadındı. Qanlı döyüşlərdən sonra gur nəhirlərdə üzünü yuyub su içdiyi zaman öz əksini görürdü... necə gözəldi. Lakin ona bu obada qadın gözü ilə baxmağa kim cəsarət edə bilərdi? İnsanların gözündə bir cəllad, savaşçıydı. Kişilərlə dost ola bilməzdi, qadınlarla da... təkdi, bir yalquzaq kimi tək. Mağaralarda yatır, hərdən gecələr ocaq başında göy üzünə – ulduzlara, aya baxırdı. Ən çox ayı sevirdi. Necə də parlaqdı. Bəlkə də, ayı onun kimi tək olduğu üçün sevirdi. Yıldıray ordusunda ona minbaşı rütbəsini verdi. İndi Umayın əmrində min türk igidi vardı. Bir qadının orduda bu rütbəni almasına heç kim etiraz etmədi. Çünki heç kim Umayı qadın kimi görmürdü... min savaşçının önündə rüzgar kimi düşmən içinə girir, başlar kəsib çıxırdı. Döyüşlərin birində atının ayağı büdrədi... Umay yerə düşdü. Bu zaman qəribə bir mənzərə yaranmışdı. Savaşçının atından düşməsi normaldı. Hər döyüşdə bu baş verirdi. Hətta xaqanlar belə atından yıxıla bilərdi. Lakin Umay düşdüyü zaman qanın, cəsədlərin içində bir çiçək gördü. O an sadəcə bir an qadın olmağı arzuladı...
...Obanın ətrafında qanlı savaş başlamışdı. İki canavarın ətrafını saran çoxlu köpək. Onlar çoxdu, qarşılarında olansa canavardı... Bu zaman qəribə bir hal baş verdi. Canavarlardan biri itlərə deyil, öz yoldaşına hücum etdi. Gecənin qaranlığında itlər onun canavar olduğunu unutdu və elə hesab etdilər ki, onlardan biridi. Beləliklə, bir canavar, xeyli köpək qarşısında tək qalan canavar öldüyünü anladı. Lakin bu zaman qəribə bir səs gəldi. İtlərin də, canavarların da səsinə bənzəmirdi... ancaq bu, canavar səsi idi. İtlər nə olduğunu anlamadan qara bir canavar onların arasına girdi. Bir neçə dəqiqə çəkdi bu savaş. Üç canavar birlikdə itləri qovmağı bacardı. Lakin işin əsas hissəsini edən qara canavardı. Savaşdan sonra o birilər ona hücum etməyi düşünmədi və sakitcə geri çəkildilər. Lakin xəyanət edən qurdun cəzası verilməliydi... öz soyuna xainlik edənin cəzası ölümdü. O da bunu bilirdi. Bildiyi üçün də savaşmadı, etiraz etmədi. Qara canavarın dişləri boğazına sancılan zaman belə çırpınmadı. Köpək kimi xainlik etsə də, canavar kimi öldü.
... O gündən sonra Umay özünə yoldaş olacaq kişini axtarmağa başladı. Lakin bu heç də asan deyildi. Nə qanlı qılıncını yerə qoya bilərdi, nə də ürəyini sinəsindən çıxarıb ata... əslində, biri vardı. Öz birliyində onun əmrində olan cavan bir savaşçı. Nə zaman sevmişdi onu... başqalarından daha cəsurdumu, yox... daha güclüydümü, daha yaraşıqlıydımı... bütün cavablar yoxdu, yekə bir yox. Umayın sevdiyi döyüşçü əmrində olan min əsgərdən heç nəyi ilə fərqlənmirdi. Sadəcə bir şey istisana... ürəyi. Akman onbaşı olmuşdu. Döyüşlərdən birində göstərdiyi qəhrəmanlığa görə. Umay Akmanı sevmişdi, ağlayan bir uşağın göz yaşını sildiyinə görə. Akmanın ürəyi orada olan hər kəsdən fərqliydi. Digərləri atını özünə sipər etsə, Akman özü atına sipər olardı...
Xaini öldürdükdən sonra dişinin yanına getmək yerinə uzaqlaşdı oradan qara canavar. Meydan digər canavara qalmışdı. Lakin o da yaxın getmədi dişiyə. Atalarının törəsini poza bilməzdi. İndi dişi özü qara canavarın arxasınca gedirdi. Yaxşı anlayırdı ki, balalarına ancaq belə əsl bir qurd ata ola bilər. Qara canavarın isə imtahanı yoxdu. O, sadəcə öz yuvasına gedirdi, öz yuvasına aparırdı dişisini...
...Yıldıray savaşda öldürüldü. Umayın son döyüşü atasının qisasını almaq oldu. Sonra ayrıldı ordudan, daha doğrusu, yoxa çıxdı. Elə bildilər, o da öldü. Lakin Umay cəllad olmaqdan yorulmuşdu. Atının üzərində başqa bir diyara doğru yol alırdı. O tək deyildi. Onunla birlikdə bir atlı da gedirdi. Atın üzərindəki döyüşçünün əlləri arxadan bağlanmışdı. Bu, Akmandı. Çox güman ki, onunla gəlmək istəməmişdi. Başbuğdan, törədən qorxmuşdu. Lakin minbaşı Umay onu qaçırmışdı.
...Gecə mağarada yanan atəş ay ışığına tərəf ulayırdı. Akmanın ürəyi də həyacanla döyünürdü. O hələ də qarşısındakını qadın olaraq görə bilmirdi. Minbaşı Umayın isə gözləyəcək səbri yoxdu. Dişi bir canavar kimi ovunun üzərinə atıldı. Bəli, qarşısındakı sadəcə onun ovu ola bilərdi. Umay savaşdığı kimi sevişirdi. Ürəyi qadınlığı, sevgini xatırlasa da, bədəni incəliyi, nəvazişi bilmirdi...
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)