“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Orxan Qəhrəmanova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ORXAN SƏLVƏR OĞLU QƏHRƏMANOV
(28.03.1991.-23.10.2020.)
Bakı şəhərinin Qaraçuxur qəsəbəsində anadan olmuş Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
BU YURDUN BALASI
Baharda doğulmuşdu, necə xoş soraq idi,
Hamı onu sevirdi, zirəkdi, qoçaq idi.
Böyüdü halallıqla, eldə üzü ağ idi,
Fəxr edirdi bu yurdun, bu elin balasıdır.
Qarabağsız yurd olmaz, insan olar qara baxt,
Anlayırdı, işğalda qala bilməz Qarabağ,
Ürəkdən inanırdı gələcəkdi həmin vaxt,
Fəxr edirdi bu yurdun, bu elin balasıdır.
Əmisi şəhid idi, dözəmmirdi bu dərdə,
İntiqamı yağıdan almaq bir borcdur mərdə,
Özünü ləyaqətlə aparırdı hər yerdə,
Fəxr edirdi bu yurdun, bu elin balasıdır.
O, hərbi xidmətini çoxdan vursa da başa,
Zaman gəldi, könüllü yola düşdü – savaşa,
Dedi, qurbanam sənə, dedi - vətənim, yaşa
Fəxr edirdi bu yurdun, bu elin balasıdır.
Topçu oldu, düşmənə, necə də uddurdu qan,
Azad oldu Cəbrayıl, azad oldu Zəngilan.
Hər döyüşdə deyirdi; - Yaşa, can Azərbaycan!
Fəxr edirdi bu yurdun, bu elin balasıdır.
Qubadlı döyüşündə göstərdi o, rəşadət,
Soy-kökündən gəlirdi bu hünər, bu mətanət.
Şəhadətə qovuşdu göstərərək şücaət,
Fəxr edirdi bu yurdun, bu elin balasıdır.
Orxan Qəhrəmanovla fəxr edirik hamımız,
Onu unutmayacaq millətimiz, xalqımız,
Zəfər qazanmışıq biz, sönməz zəfər şamımız,
Orxanlardır bu elin sevimli balaları,
Orxanlardır bu yurdun, yenilməz qalaları!
“Ədəbiyyat və incəsənət”
(05.03.2024)