Sadiq Qarayevdən “Bağbanın hekayəsi" Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr vaxtıdır, sizlərə Sadiq Qarayevin “Bağbanın hekayəsi” adlı hekayəsi təqdim edilir.                                                            

 

         – Hasarların diblərini də dərmənlayarsan ha, qarışqa-zad olur! – ayağını ayağının üstə aşırıb çay içə-içə telefondakı prikollara baxıb gülən, hərdən də onunla dindən, halallıqdan danışan, keçəl, ağ buxaqlı adam dilləndi. İstədi desin ki, şərtdə hasarın dibi yox idi, amma gözünün önünə daxmasının günü-gündən genişlənən çatları gəldi, bir də gördüyü işdən alacağı əlli manat... Bir xeyli susandan sonar başı ilə razılaşdığını bildirdi... Min beş yüz düzəldib öz həyətində yeni ev tikməyə mane olan, üç-beş kubik hörüləndən sonra gəlib uçurdan dəstənin başçısı, balcaboy, arıq, qarasifət, tülkügöz, at mədəli məmura rüşvət verməliydi... Hesabladı ki, əllinin iyirmisini xərcləyər, otuzunu yığar... Əlli dəfə bu cür iş düşsə, tikintiyə icazə ala bilərdi...

         İş qurtaranda, keçəl, ağ buxaqlı adam sözünün üstündə durmadı, israfçılığa, qənatə, halallığa aid xeyli "ibrətamiz" misallar gətirib mübahisə elədi, otuz manatdan artıq bir qəpik də vermədi…

         Ordan ayrılanda qolları yanına düşmüşdü, susuzuluqdan da yanırdı. Yolüstü çay içmək istədi. Qarşısına çıxan kafeyə döndü. Dedilər, burda tək çay verilmir, gərək yemək də yeyəsən. Həyətdəki ağacların altında səliqəli, ağ süfrəli masalarda yer də yox idi... Nəhayət, boynundan adı, soyadı, vəzifəsi asılmış biri yaxınlaşıb, küncdə ona yer göstərdi... Limonlu çaydan dalbadal üç armudu stəkan içdi, utanmasa üç stəkan da içərdi. Öz-özünə düşündü ki, yox, hələ bu dünyada yaxşı insanlar  var, dünya ona görə dağlımır...

Sərin meh əsirdi, süfrəyə qoyulmuş qozdan, badamdan, şirniyyatdan yeyə-yeyə dincəlir, kök, bəstəboy, dörddodaqlı qadının oxuduğu ara mahnılarına heyranlıqla qulaq asırdı. Müğənni qadın masalara yaxınlaşıb başını əsdirir, adamlar üçdən-beşdən əllərinə gələni verib könlünü xoş edirdilər.

Ona yaxınlaşanda arxa tərəfdki masadan gülüşmə səsləri gəldi, çönüb baxdı. Onlar idi, ev tikməyinə  imkan verməyən, üst-üstə hördüyü daşları təpikləyib uçuran "alçaq könüllü" adamlar… Masalarının üstündə barmaq qoymağa yer yox idi.  Kabablar, içkilər, meyvələr, yanlarında da subtropik, giləmeyvəli, gülüşü səbzəli xanımlar...

İçi, çölü kiçik boylu, qaraüz başçı adam onun geri çönüb baxmasına əsəbiləşdi, lakin tanıyanda gülüb dedi: “Yalvarıb özünü öldürürsən ki, pulum yoxdur, gör gəlib harda yeyib-içirsən? Sənin kimiləri  yaxşı tanıyıram...”.

         Yemək sözünü eşidəndə elə bil yuxudan ayıldı. Evə getməliydi, səhər uşaqların anası deyirdi ki, səhər yeməyinə heç nə yoxdur. Pul alsan, uşaqlara yeyəcək al.

O cəld iki manat çıxarıb çaynikin altına qoydu. Restoranın qapısına çathaçatda kiminsə çağırdığını eşitdi, çönüb baxdı. Həmin "yaxşı adam" idi. Elə bayaqkı kimi, gülə-gülə ona çek uzatdı. Alıb baxdı, "25 manat 50 qəpik" yazılmışdı…

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.