“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbəti dəfə şeir vaxtıdır, sizlərə Namiq Hacıheydərlinin şeirləri təqdim ediləcək.
RUHUMUZ UCADIR...
Ürək döyüntünü dinlədim bu gün
Baş qoyub ətirli sinənin üstə.
Söz ilə, and ilə qurmuşuq düyün
Eşq ilə süslənmiş dünənin üstə...
Arada yüz dərə, yüz dəniz olsun,
Bir gün yollarımız yovuşmalıdır.
Əyər yer üzündə birləşəmməsək,
Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi,
Dünyalar yığılsın lap bizə qarşı.
Qaranlıq işığı söndürə bilməz,
Gecələr ha çıxsın gündüzə qarşı...
Bizi qorxutmayır tufan, qasırğa,
Əzablı yolları azmı getmişik?
Bəzən başımıza balta vurublar,
Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər,
Ruhumuz ucadır, yerlərə sinməz.
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz...
Göylər deyir ki;
Şairləri əzilən bir şəhərə
Göydən mələklər qarğış yağdırar,
Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində.
Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün
Bəla var qarşıda;
Tufan, qasırğa,
Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.
Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək
Bir gün...
Günahkar şəhərin nəfəsindən
Zaman-zaman udduğu murdar zibillər
Qasırğaya qarışıb geri dönəcək;
Çırpılacaq üzlərə,
Göylər qəzəblənəcək,
İldırımlar nərə çəkəcək,
Şimşəklər toqquşacaq...
Hər şey bir anda baş verəcək;
Şiddətli külək, qasırğa, tufan,
Bir də Xəzərin şahə qalxmış dalğaları...
O zaman
Qurtuluş olmayacaq,
Tikdiyiniz evlərə nicat olmayacaq;
Şüşələri qırılacaq,
qapıları yıxılacaq,
daşları uçacaq
o zaman üçün
yeni evlər tikin;
bünövrəsi halaldan,
daşları yaxşılıqdan,
qapısı sevgidən olsun!
və...
Şairləri incitməyin...
SƏN MƏNİM KİMİMSƏN?
Hara baxsam, təkcə səni görürəm,
Yolumsan, Yerimsən, Göyümsən axı.
Niyə səni mən bu qədər sevirəm?
Sən mənim kimimsən, nəyimsən axı?!
Masmavi göylərdə ağappaq bulud,
Günəş də, torpaq da, külək də sənsən.
Ağaca, çiçəyə can verən su da,
Çiçəkdə ətir də, çiçək də sənsən.
Qovuşdu, birləşdi iki saf bulaq,
Bir bahar günündə axar çay oldu.
Xəbərsiz doğulduq bir-birimizdən,
Bax, ancaq ruhumuz əkiztay oldu.
Ulduz arxasından enib gəlibsən,
Atadan, anadan yaranmamısan.
Sənin sığalını mələklər çəkib,
Sən bəşər əliylə daranmamısan.
Niyə baxışınla alışar sinəm?!
Harandan od alır bu odum mənim?!
Qanadım deyilsən, ancaq bəs nədən
Qəmlənsən, qırılar qanadım mənim?!
Üzündə qəm, gözündə nəm görünsə,
Aldığım nəfəs də daşa çevrilər.
Sənin içindəki ağrı-acılar,
Mənim gözlərimdə yaşa çevrilər.
Biz qoşa bədəndə bütöv canıqmı?
Dodağın qurusa,
ciyərim yanar.
Ayrıyıq, uzağıq, bəs niyə ruhum
Sənin varlığını varlığım sanar?!
Sənin ayağına batan bir tikan
Mənim ürəyimi qanatmış, gülüm!
Anladım... Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış, gülüm...
Ruhu doğmalardı qohum olanlar,
Bir ata-anadan doğulan deyil.
Var olan dipdiri ruhu olandı,
Ayağı, əlləri sağ olan deyil.
QALDIMI?
Bir zaman içində yanan alovdan,
İçdə qığılcımın, közün qaldımı?!
Ürəyin büsbütün söz dəniziydi,
Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu, eşqim!
Ruha sığal çəkər mənim qu eşqim.
Deyirdin, minillər sönməz bu eşqim,
Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq.
Vaxtsız yorulmağın adın nə qoyaq?!
Bu uzun yolları gedəcək ayaq,
Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi –
Yandırar ağ bayraq qaldıran kəsi.
İrəli getməyə yaşam həvəsi,
Geriyə dönməyə üzün qaldımı?!
Döndü tarixlərə o çağ, deyəsən,
Açdın qədərinə qucaq, deyəsən...
...İçində sönübdü ocaq, deyəsən;
Barı özünsənmi, ÖZün qaldımı?
KİŞİLƏR VAR İDİ...
Kişilər var idi bu yer üzündə,
Bir elin yükünü çəkən kişilər.
Quduz sultanlara qılınc sıyırıb
Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü
Qan söhbəti bağlamağa bəs idi.
Nənələr var idi, nənə deyirəm;
Təpədən-dırnağa nur kündəsiydi.
Qadınlar var idi, şimşək baxışlı,
Qanında yüz ərin qeyrəti vardı.
Nə oldu, necoldu ülvi adamlar,
Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası,
Ölsələr, harama yanaşmazdılar.
Qurban gedərdilər namus üstündə,
Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli,
Bir giriş, bir çıxış cığırı vardı.
Gələn yolçuları hələ uzaqdan
Təndir çörəyinin ətri vurardı...
...Günəş həmin Günəş, Ay həmin Aysa,
Bəs niyə dəyişdi bu cahan belə?!
Kök həmin kökdüsə, soy eyni soysa,
Nədən cılızlaşdı bəs insan belə?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə günəş yüksəlir...
Dostları min olsun, nə faydası var?
Əgər tənhadısa ruhu insanın?
Duyulmaz oldusa, bir qaydası var,
Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu yer, bu göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir;
Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə
Bəxtəvər olmadı hələ bir adam...
...Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam...
“Ədəbiyyat və incəsənət”
(29.02.2024)