MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Mahir Vəliyevin verdiyi sənəd sutkanın istənilən vaxtı bütün respublika ərazisində maneəsiz hərəkətimə icazə verirdi. Üstəlik sənəd mənim üzərimi, maşınımı və mənimlə olan ikinci şəxsin yoxlanılmasını qadağan edirdi. Yalnız xüsusilə fövqəladə hallarda verilən bu sənəd araşdırmamda tam sərbəst hərəkətimi təmin edirdi. Dünən sənədi gətirəndə Mahir mənə lazım olan məlumatların hələ hazır olmadığını demişdi. Onunla bir neçə məsələni müzakirə etdikdən sonra ayrılmışdıq. Oradan evə gəlib yenidən təhlillərimi bir daha saf-çürük etmiş, gecə saatlarında yuxuya getmişdim. Səhər də hələ ki, ediləcək bir şey olmadığı üçün günümü televizorun qarşısında, verilən xəbərlərə qulaq asmaqla keçirmişdim. Axşam düşmüş, artıq şəhərdən əl-ayaq yığışmışdı. Saat 22-yə təkrar görüş təyin etmişdi az əvvəl Mahir. Yarım saat sonra görüşəcəkdik. O, mənə lazım olan məlumatların hazır olduğuna işarə vurmuşdu telefon danışığında. Nəhayət ki, real addımlar atmağa başlaya biləcəkdim bu məlumatlarla. «Yeganə» şadlıq sarayının yanında görüşəcəkdik. Geyinib evdən çıxdım. Maşını işə salıb bir qədər işləməsini gözlədim. Ancaq çox gözləmək fikrim yox idi. Yollar boş olsa da, şəhər boyu qurulmuş postlarda yaranan kiçik tıxaclarda vaxt itirə bilərdim. Maşını tərpədib yola çıxdım.

Getdiyim istiqamətdə iki postdan keçməli oldum. İkinci postda sənədlərimi yoxlayan gənc serjant bir qədər təəccüblə mənə baxıb sənədləri geri qaytardı və hərbi salam verib tez yolu açdı. Görüş yerinə beş dəqiqə tez çatsam da, artıq Mahir orada idi, maşınında oturub məni gözləyirdi. Keçib onun maşınına oturub salamlaşdım. Arxa oturacaqdan götürdüyü qovluğu mənə uzatdı.

-İstədiyin bütün məlumatlar bu qovluqdadır.

Təşəkkür edib qovluğu aldım. Qovluq elə də qalın deyildi. Bu başa düşülən idi. Stepanın hazırladığı məlumatlarda bu yeddi nəfərin barəsində əsas məqamlar yer almışdı. Mən yalnız mənə maraqlı olan bəzi detalları aydınlaşdırmağı xahiş etmişdim Mahirdən. O da iki günə onları əldə etmişdi.

Mahir bir qədər susub soruşdu:

-İndi nə etmək fikrin var?

-İndi heç nə deyə bilmərəm. Yalnız bu qovluqdakıları öyrənəndən sonra fikir yürüdəcəyəm. Hələ ki, nəyinsə tam fikirləşdiyim kimi olduğuna da əmin deyiləm. Sadəcə araşdırmalarımda ən xırda ehtimallarımı da axıra qədər yoxlamaq adətimdir. Bu, mənim iş üslubumdur. Bəs sizdə nə yenilik var?

-Bizdə də hələ ki, irəliləyiş sayıla biləcək heç nə yoxdur. İntensiv analitik iş gedir. Lazımi sorğuları verib cavabları toplayırıq. Gələn cavablar dərhal təhlil olunur.

Mahirin cavabında daha çox bədbin notlar hiss olunurdu. İkimiz də dünəndən, sentyabrın iyirmi yeddisindən vaxtın işə düşdüyünü, hər an hər şeyin baş verə biləcəyini çox gözəl başa düşürdük. Üzərimizə qoyulmuş vəzifənin məsuliyyəti ağır yük kimi çiyinlərimizi basır, artıq bir neçə gün davam edən qeyri-müəyyənlik isə bu yükün ağırlığını daha da artırırdı. Mahirin də eyni şeyləri düşündüyünə əmin idim. Yaranmış sükutu pozmaq üçün dedim:

-Əsas kiçik bir ipucu tapmaqdır. Bunu bacarsaq, konkret istiqaməti tutmuş olacayıq.

-Razıyam. Bax o zaman hər şey yerini almağa başlayacaq.

-İtkin düşmüş rus həmyerlilərimiz barədə məlumat daxil olmayıb?

-Yox,-Mahir qısa cavab verdi.

-O zaman Stepanla əlaqə yarat. Əsasən son zamanlar, təxminən altı ay intervalında  Rusiyaya gedənlərin siyahısını ona yolla. Məlumat daxil olmaması hələ onlardan hansınınsa itkin düşməməsi demək deyil. Özün başa düşürsən, böyük ölkədir. Təkcə Moskvanın əhalisi nə qədərdəir. Qoy hamısını tapıb sağ-salamat olmalarına əmin olsunlar. Lap Sibirdə olanları da varsa.

Mahir bir qədər zənnlə mənə baxıb başını yellədi.

-Elə bu gecə ötürərəm. Mən bir saatlıq evə dəyib işə qayıdacam, ona görə də görüşümüzü buraya, evimə yaxın yerə verdim.

Bu söhbətin bitməsinə işarə idi.

-Elə isə, daha vaxtını almayım.

Sağollaşıb düşdüm. Maşını tərpədən həmsöhbətim irəlidən sağa, Xutorun içərilərinə dönüb gözdən itdi.

Maşınıma keçib mühərriki işə saldım. Əlimi uzadıb az əvvəl ön oturacağa qoyduğum qovluğa toxundum. Qanımın necə qaynamağa başladığını hiss etdim. Bayaq Mahirə deməsəm də, ilk gündən hissiyatım mənə məhz bu istiqamətdən başlamağın vacibliyini deyirdi. Ümid edək ki, məni çox nadir hallarda aldadan hissiyyatım bu dəfə də doğru yol göstərib. Axşama qədər məni sıxan hərəkətsizliyimdən sonra evə çatıb qovluğu açmağımla olduqca maraqlı bir gecənin başlayacağına əmin idim.

* * *

 Cəbhədən gələn xəbərlər çox sevindirici idi. İnternet saytları vasitəsilə yayımlanan, dronlarla düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsini, ordumuzun təzyiqi altında onların əsgər və zabitlərinin necə qaçmalarını əks etdirən kadrlar insanların ürəklərində illərlə yığılıb qalmış qubarı damla-damla silib aparırdı. Hər yerdə üçrəngli bayrağımız dalğalanırdı. İnsanlar evlərinin və iş yerlərinin qarşısına, eyvanlarına, avtomobillərinə bayraqlarımızı sancırdılar. Bəzi yerlərdə, hətta, üçrəngli bayrağımızla yanaşı bizi bu münaqişənin ilk günlərindən dəstəkləyən qardaş Türkiyə və Pakistanın da bayraqlarını görmək olurdu. Bu, çox qürurverici idi. İnsanlar dəstə-dəstə hərbi komissarlıqlara axışır, cəbhəyə yollanan gəncləri təntənə ilə yola salırdılar. Cəbhə istiqamətinə aparan magistral yol boyu düzülən adamlar isə əsgərləri aparan maşınları saxladır, ərzaq, su dolu çantaları onlara verirdilər. Bu magistralın keçdiyi elə bir rayon, kənd, qəsəbə yox idi ki, onun əhalisi yol kənarına çıxıb şəhidlik zirvəsinə ucalmaq üçün yollananları salamlamasın. Belə kəndlərin birində, anasının suda qaynatdığı iki yumurta ilə iki dilim çörəyi əlində tutub hərbiçiləri aparan maşını gözləyən altı yaşlı bir oğlan uşağının kadrları yayımlanmışdı. Bu il sentyabrın on beşində ilk dəfə məktəbə yollanan, hələ «Vətən» sözündəki hərfləri yaza bilməyən bu uşaqdakı Vətən sevgisi baxanları olduqca kövrəltmişdi. Bu ruh, bu sevgi Uca Tanrının tək bu uşağa yox, onun nümayəndəsi olduğu böyük bir millətə, qəlbində Allah sevgisini həmişə yaşadan, illərlə əzilən, amma əyilməyən azərbaycanlılara olan lütfü idi. On milyonluq xalqın ürəyi bir vururdu.

Hərbi hospitalın qarşısında yaralılara qan vermək üçün toplaşanların sayı hesabı yox idi. Hamı bacardığı köməyi etmək üçün müraciət edir, heç kim bu cihaddan kənarda qalmaq istəmirdi…

Səhər saatlarında başqa evlər kimi eyvanına bayraq sancılmış iki mərtəbəli evdən çıxan mavi kostyumlu adam oğrun-oğrun ətrafa boylanıb yolu keçdi. Avtobus dayanacağındakı şüşə örtüklü reklam lövhəsində əksinə baxıb qalstukunu düzəltdikdən sonra çönüb avtobusun gələcəyi istiqamətə baxdı. Avtobus yaxınlaşmaqda idi. Əgər kimsə iki gün əvvəl, gecə saatlarında qəbiristanlıqdakı qara geyimli adamla rastlaşmış olsaydı, indi qarşısında dayanmış bu şux geyimli kişiylə onun heç bir oxşarlığının olmadığını əminliklə deyə bilərdi. Ancaq bu, o idi. Ətrafdakı adamlardan heç nə ilə seçilməmək üçün simasına oxşar ifadə vermiş, eyvanına az qala ən böyük bayrağı sancmış bu xain ona verilmiş növbəti tapşırığı yerinə yetirmək üçün gedirdi. Beş dayanacaqdan sonra avtobusdan düşüb yenə hiss elətdirmədən ətrafı nəzərdən keçirdi. Sonra düşdüyü yerə yaxın ara yola dönüb xeyli getdikdən sonra oradakı evlərdən birinin qarşısında dayandı. Qısa fasilələrlə əvvəlcə iki, sonra bir dəfə qapının zəngini basıb gözlədi. Bir azdan həyət qapısının arxasından soruşdular:

-Kimdir?

-İki gün əvvəl vədələşdiyiniz adamdır.

Bu, verilən suala hazırlanmış şərti cavab idi. Cavabı eşidən adam qapını açıb onu içəri buraxdı və keçməsini gözləyib yenidən qapını arxadan qıfılladı. (şəkil 2)

* * *

Səhərə yaxın yuxuya getmişdim. Ancaq öyrəncəli olduğum üçün üç saat yatmağım kifayət etmişdi ki, gümrah oyanım. Gecə təhlil etdiyim yeddi nəfərin həyatı bəzi məqamları çıxmaq şərti ilə, fikrimcə bir-birindən çox az fərqlənirdi. Cinayət yolunu seçib özlərini Allahın ən böyük neməti olan azadlıqdan məhrum edən bu adamlar sonda seçdikləri yolun məntiqi sonuna gəlmişdilər. Daha doğrusu, hazırda üçü hələ də bu yolu davam edir, dördü isə əvvəlcə sağlamlıqlarını, sonra da həyatlarını itirmişdilər. Onların haqqındakı məlumatları ən incəliklərinə qədər təhlil etmiş, fikrimcə sonda mənə maraqlı olan bir məqam tapa bilmişdim. Deyəsən, hissiyyatım məni bu dəfə də aldatmamışdı. Dünyasını dəyişənlərin birinin tərcümeyi-halındakı bir məqam diqqətimi çəkmişdi. Təcili Mahirlə danışmalı idim. Ancaq onun da gecə yatmadığını bildiyim üçün bir qədər gözləməyi qərara aldım. Hələ saat doqquz olmamışdı. O vaxta qədər bir çay dəmləyib içməyi, sonra zəng etməyi qərara aldım. Çaydana az su aldığım üçün qaynaması çox çəkmədi. İkinci stəkan çayı içib saata baxdım. Ona işləyirdi. Telefonu götürüb Mahiri yığdım.

-Sabahın xeyir.

-Sabahın xeyir, Bəxtiyar. Belə tezdən zəng etmisənsə, yəqin bir xəbər var.

Özümüz də hiss etmədən Mahirlə ünsiyyətdə rəsmiyyəti bir kənara qoymuşduq.

-Düz tapmısan, qardaş. Mənə maraqlı gələn bir şey aşkar etmişəm. Təcili yoxlanılmasına ehtiyac var.

-Elədirsə, de gəlsin.

-Vaxtilə bizim subyektlə birlikdə cəza çəkmiş, hazırda o dünyada olan Tərxan Nağıyevin əkiz qardaşı var. Adı Sərxandır. Onun ətrafında təcili əməliyyat tədbirləri keçirilməsini istəyirəm. Mümkün olan hər bir şeyi öyrənin.

Mahir kiçik bir ara verdi. Görünür dediklərimi saf-çürük edirdi. Susması uzun çəkmədi.

-Səni başa düşdüm. Qısa müddətə ətraflı məlumat səndə olacaq.

-Elə isə gözləyirəm.

-Hələlik.

Dəstəyi asıb qarşımdakı boş stəkana baxdım. Acı çay boş mədəmi sıyırmışdı. Acdığımı hiss etdim. Soyuducuya yaxınlaşıb qapısını açdım. Soyuducu boş idi. Yenə də yeyəcək bir şey almağı unutmuşdum. Gülanənin yeri məlum. Məmnuniyyətlə onun hazırladığı səhər yeməyindən yeyərdim. Ancaq indi vaxtı deyildi. Eybi yox, günortaya qədər dözüb birdəfəlik nahar edərəm. İndi əsas Mahirdən gələn cavabın necə olacağıdır. Ehtimalım özünü doğruldarsa, bu araşdırmamızda nəhayət ki, irəli atılmış bir addım olacaqdı.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.