Şəhidlər barədə şeirlər – Nurlan Dadaşov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nurlan Dadaşova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

NURLAN SƏYYAD OĞLU DADAŞOV

(27.09.2001.-02.10.2020.)

 

Kürdəmirin Qarasaqqal kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağın azad edilməsi uğrunda  Vətən müharibəsinin şəhidi

 

 

 

YURDUN ƏZİZİ NURLAN

 

Doğma yurdumuzu çox sevən candan,

Qorxmayan ölümdən, qorxmayan qandan,

Cəsur igidlərdən biriydi Nurlan,

Ordumun aslanı, şiriydi Nurlan.

 

Doğulmuşdu Qarasaqqal elində,

Xoş söz səslənərdi şirin dilində.

Adıtək  özü də saf, nurlu idi,

Doğruydu, mətindi, qürurlu idi.

 

Vaxt gəldi, orduya xidmətə getdi,

Orda  ehtirama, hörmətə yetdi.

Ad günündə başladı müharibə,

İnanırdı çalınacaq qələbə.

 

Necə də ürəklə vuruşurdu o,

Gör neçə kafiri  sərrast  vurdu o.

Zəfər başlamışdı, gülürdü üzə,

Allah güc vermişdi haqq işimizə.

 

Elə  bu inamla irəlləyirdik,

“Qarabağ bizimdir, bizim”-deyirdik.

Hər gün bir zirvəyə sancıldı bayraq,

Sevinirdi  günəş, hava, yer, torpaq.

 

Qarabağ uğrunda döyüşlərdə biz

Gördük ki, aslanmış igidlərimiz,

Nurlan  Füzulidə canından keçdi,

Əbədi ölməzlik taxtını seçdi.

 

Ucaldı elə bir zirvəyə ki  o,

Hər insan oraya yüksələ bilməz.

Vətən torpağını azad eyləyən

Şəhidlər yaşayır, şəhidlər ölməz!

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.