MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

 

Polkovnik Mahir Vəliyev xidməti kabinetində onunla üzbəüz oturmuş zabitin məruzəsini dinləyirdi. Təxminən əlli yaşlarında olan, polkovnik-leytenant rütbəli bu zabit onun rəhbərlik etdiyi qrupun üzvlərindən biri idi.

-Şəhərin bütün ərazi polis orqanlarına məxfi göstəriş göndərdik. Artıq son dövr ərzində Bakı şəhərinə gəlmiş rus millətindən olan, kirayə və ya oteldə qalan, yaxud kiminsə evində qonaq olan bütün şəxslərin müəyyən edilməsi istiqamətində intensiv iş aparılır. Hər iki saatdan bir daxil olan məlumatları mayor Əliyev ümumiləşdirib təhlil edəcək.

-Şəhərdə vəziyyət necədir, Həmid?-polkovnik fikirli-fikirli soruşdu.

-Şəhərdə böyük canlanma hiss olunur, Mahir müəllim. Gənclər, hətta yaşlılar belə hərbi komissarlıqlara axın edirlər. Hamı könüllü cəbhəyə yollanmaq istəyir. Əhalidə böyük ruh yüksəkliyi var. Bu dəfə olum, ya ölüm məsələsi qoyulub. Mənim oğlum da müraciət edib. Hərbi xidmətdə topçu olub. Sabah səhər yola düşəcəyini bildiriblər. Amma anası dayanmadan ağlayır. Get deyir, xeyir-dua verir, amma göz yaşlarını saxlaya bilmir.

-Əlbəttə, anadır, onu başa düşmək olar. Analar bir başqa olur, Həmid. Kaş ki, biz də gedə biləydik. Amma olmaz, bizim işimiz burada,-arxa cəbhədədir. Elə bu ruh yüksəkliyini də qoruyub saxlamaq bizim üzərimizə düşür.

Polkovnik bir qədər ara verib sözünə davam etdi:

-Rayonlar üzrə ümumiləşdirilmiş məlumatlar hazır olan kimi məruzə edin. Siyahının elə də böyük olacağını düşünmürəm. Ona görə də mayor Əliyev bu işlə tək məşğul olsun. Qrupun qalan üzvləri verilmiş tapşırığa davam etsinlər. Nə edəcəklərini bilirlər. Onlar da gün ərzində iki dəfə nəticələri məruzə etsinlər.

-Oldu, Mahir müəllim.

Polkovnik-leytenant ayağa qalxıb qapıya tərəf getdi. Əlini qapının dəstəyinə uzadanda Mahir Vəliyev onu səslədi:

-Həmid, sabah səhər uşağı yola salmağa özün get. İşə sonra gələrsən. Anasını komissarlığa getməyə qoyma.

Əlini hələ də qapının dəstəyində saxlayan polis zabiti rəisinin üzünə baxıb heç nə demədən otağı tərk etdi. Özünü nə qədər tox tutsa da, onun daxildə hansı hisslər keçirdiyi polkovnik Vəliyevə tanış idi. Özü birinci Qarabağ müharibəsinin iştirakçısıydı. O, əməkdaşının baxışlarındakı az əvvəlki ifadəni, eynilə onu cəbhəyə yola salan doğma atasının gözlərində görmüşdü illər əvvəl…

* * *

«Tatar»ın verdiyi məlumatlar həmişəki kimi maraq doğuran məlumatlar idi. Ancaq onların içərisində hələ ki, bu məsələdə mənə lazım olan bir şey yox idi. Onu axıradək dinləyib sonra çox incə şəkildə lazım olanı izah etmiş, nəsə öyrənərsə gecənin istənilən saatında belə mənimlə əlaqəyə çıxmasını tapşırıb yola salmışdım. «Tatar» ağıllı adam idi. Bəlkə də, ona verdiyim tapşırıqla müharibənin başlaması arasında bir əlaqə olduğunu anlayırdı. Ancaq o, özünü bunu başa düşməmiş kimi aparacaq qədər də ağıllı biri idi.

Saat 14:08 idi. Bir stəkan da çay içib çıxmağı düşünürdüm. Elə bu zaman televizorda gedən veriliş xəbərlərin xüsusi buraxılışına görə kəsildi. Tez televizorun səsini qaldırdım. Yenə də aparıcı Jalə Həsənli idi. Sevincdən titrəyən səsiylə bəzi torpaqlarımızın işğaldan azad olunduğunu xəbər verən Jalə birdən əlini taxdığı qulaqcığın üstünə qoyub verilən son məlumatı dinlədi və bundan sonra göz yaşlarını saxlaya bilməyib verilən məlumatı ağlaya-ağlaya səsləndirdi: «Hörmətli tamaşaçılar, indicə aldığım bir məlumatı nəzərinizə çatdırım. Füzuli rayonunun dörd, Cəbrayıl rayonunun iki kəndi işğaldan azad olunub».

Bununla qısa «Xəbərlər» bitdi, onu efirdə yenə də bayaqkı veriliş əvəz etdi. Ancaq mən hələ də bu xəbərin təsiri altında idim. Bu günü necə də gözləmişdik. Kiçik çayxana otağında eşitdiyim bu şad xəbər yəqin ki, indi ildırım sürəti ilə ölkəyə yayılıb, buna əminəm. Yəqin ki hamı şadyanalıq edir, bəlkə də çoxları aparıcı Jalə kimi sevincindən ağlayır. Bu, təbiidir. Hər insan aldığı xəbərə özünəməxsus tərzdə reaksiya verir. Mən də qarışıq hisslər yaşayırdım. Bu hisslərdən biri, heç vaxt tanımadığım, üzünü yalnız televiziya ekranında gördüyüm bu balaca qızın birdən-birə mənə doğmadan doğma olması idi.

Qoy onun verdiyi bu xəbər ürəklərimizdən vətən nisgilini silib aparacaq böyük qələbəmizin ilk müjdəsi olsun… 

* * *

  Axşam düşmək üzrə idi. Şəhərin əsas küçələrində stasionar polis postlarının qurulmasına hazırlıq gedirdi.  Bunun üçün postların qurulacağı yerlərə dəmir çəpərlər, xüsusi yol nişanları gətirilirdi. Daxili İşlər Nazirliyində keçirilmiş fövqəladə əməliyyat müşavirəsində qəbul edilmiş qərarların icrasına başlanılmışdı. Bu məqsədlə bayır xidmətinin təşkilinə və aparılmasına nəzarət edən xidmət sahəsinin peşəkarları tərəfindən qısa müddətdə plan hazırlanmışdı. Şəhərin post və marşrutlarının vahid dislokasiyasını əzbərdən bilən bu «düşünən beyinlər»in hazırladığı plan elə idi ki, ara yollarla bir postdan yan keçməyə müvəffəq olan nəqliyyat vasitəsi mütləq irəlidə qonşu posta çıxmalı idi. Mükəmməl planın ikinci tərəfi piyada hərəkətdə olan insanların yoxlanılmasını nəzərdə tuturdu. Polis və daxili qoşun əsgərlərindən ibarət piyada patrul qrupları şəhərin bütün ərazisini əhatə edirdi. Onların gözündən quş da yayına bilməzdi.

Artıq hərbi rejim elan olunmuşdu. Düşmən çox məkrli idi. Hamı da bunu bilir və görülən tədbirləri anlayışla qarşılayırdı. İnsanlar polis əməkdaşlarına yaxınlaşır, onlara nə kömək edə biləcəklərini soruşurdular.

Qəribə mənzərə yaranmışdı. Müharibə görmüş heç bir ölkədə, heç vaxt rast gəlinməyən bir mənzərə. İnsanların simasında sevinc və qətiyyət görmək olardı. Bir xalqın otuz ilə yaxın bir müddətdə həsrətlə gözlədiyi gün nəhayət ki, gəlmişdi. İndi qisas vaxtı idi.

* * *

Azərbaycan dilini bilməməsi onunçün müəyyən çətinliklər yaradırdı. O, bu səbəbdən yerli xəbərləri dinləyə bilmir, hazırda olduğu şəhərdə baş verən son hadisələrdən xəbərsiz qalırdı. Mütəmadi izlədiyi Rusiya kanallarında isə ona lazım ola biləcək bir şey yox idi.

Ancaq bu gün hər şey fərqli başlamışdı. Daha doğrusu, günortaya yaxın yuxudan oyandıqdan sonra ilk baxdığı xəbərlərin buraxılışında müharibənin başlandığını öyrənmişdi. Bu, ona çox şeydən xəbər verirdi. Deməli, onu bu gün üçün hazırlayıblarmış. Ürəyində rusiyalı aparıcının verdiyi xəbərə güldü: «Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyinin təmas xəttində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin mövqelərini iri çaplı silahlardan artilleriya atəşinə tutub, sonra isə cəbhə xətti boyu hücuma keçib. Hazırda şiddətli döyüşlər gedir. İtkilər barədə məlumat yoxdur».

Verilən məlumat gözə kül üfürməkdən başqa bir şey deyildi. O, bunu gözəl başa düşürdü. Əgər Azərbaycan müharibəyə hazırlaşsaydı, ola bilər ki, Ermənistan tərəfi bunu bir həftə, on gün, hətta bir ay əvvəl hansısa yolla öyrənmiş ola bilərdi. Ancaq şəxsən onu il yarım əvvəl hazırlamağa başlamışdılar və məhz müharibənin başlanmasına iki həftə qalmış adaptasiya üçün Bakıya göndərmişdilər. Deməli, ermənilər müharibəyə başlayacaqları dəqiq günü belə əvvəlcədən bilirmişlər. Bu cür yalan məlumatı yalnız ermənilərin çoxluq təşkil etdiyi NTV kanalı verə bilərdi. Pultu götürüb daha dəqiq məlumat almaq ümidi ilə kanalı dəyişdi.

 

 “Ədəbiyyat və incəsənət”

(27.02.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.