“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Hafiz Hacxalılın şeirləri təqdim ediləcək.
Hafizin şeirləri fərqlidir, oxunaqlıdır, həm də düşündürücüdür. Təqdim etdiyi lirik etüdlər sanki tamaşa edirmişsən kimi canlıdır. Onun bir cümləlik şeirləri isə bir poetik yenilikdir.
Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.
***
İlahi, bu adamlar
Çətin insan olalar.
***
Bu nə nəfəs, bu nə səsdi,
Dinləyin, Qədir oxuyur.
Oxumur ki, inildəyir,
Bağrını didir, oxuyur.
Ürək yara, can yarımcan,
Sona yetər həsrət haçan?
Xəyalında Şuşayacan,
Ağdama gedir, oxuyur.
Düşünərək sonumuzu,
Sağımızı, solumuzu,
Qardaş, ölən ruhumuzu
Bu səs dirildir, oxuyur.
Göydə uçan quşları da,
Gözümüzdə yaşları da.
Biz ürəyi daşları da
Bu səs əridir, oxuyur.
***
Bir ürək nəğməsi, bir könül şeiri,
Bir qaya üstündə bitən gül şeiri,
Şəhid məzarına qərənfil şeiri
Yaza bilmirəmsə, haram şairdi?..
Ömür bir əsimlik ötəri yeldi,
Ürək bənd uçuran bir dəli seldi,
Dərdim telli sazda “Baş sarıtel”di,
Ağrım müğənnidir, yaram şairdir.
BƏNÖVŞƏ
Yerindən, yurdundan oynatdım səni,
Gətirib dibçəyə əkdim, bənövşə.
Bir də boynun bükük qalmasın deyə,
Mən özüm nazını çəkdim, bənövşə.
Bir anlıq sevincə qaldım tamarzı,
Kədərsiz dinmədi könlümün sazı,
Sən yazı gözlədin, mən də o qızı,
Gözümü yollara dikdim, bənövşə.
Əsl aşiq olan haqdan dərd dilər,
Yeriməz, yüyürməz yükü dərdli nər,
Bizə bənzəyirmiş bütün dərdlilər,
Çökdükcə içimə çökdüm, bənövşə.
Dost gülsün, düşmənlər gülməsin deyib,
Güldüm gülüşümdə qəmi gizləyib,
Sevgimin, sevdamın gözünü, heyif,
Özüm öz əlimlə tökdüm, bənövşə.
Of, getdi gəncliyim hara, bilmədim,
Bu dərdlərdən can qurtara bilmədim,
Özümə bir yuva qura bilmədim,
Özgəyə min yuva tikdim, bənövşə.
***
Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur.
***
Allah, sən qara qızları
Ağlara möhtac eyləmə.
***
Bəxtə düşən günə ömürdən demə,
Üzərlik nəfəslim, mənim qar ağım.
Sənsiz gecələrin mürəkkəbinə
Batıb qaralanır ömür varağım.
BİR QIZIN DEDİKLƏRİ
Saç ürəkdən su içirmiş,
Gözəl dedin, zalım qızı.
Bəlkə, elə ona görə
İllərdir ki, unutmadım
Uzun saçı ürəyindən
Su içən bir vəfasızı.
***
Səndən gələn dərdə şükür deyirəm,
Ürəyim bu dərdi çəkir, deyirəm,
Hər gün gözlərimə əklil deyirəm,
Gətirib qoyuram sən gələn yola.
***
Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.
ALÇA AĞACINA
Qışdan sağ çıxıbsan, alça ağacı,
Mübarək bu yaşıl yarpaqların da!
Dünyanın ağrısı asılıb sanki
Hələ bərkiməyən budaqlarında.
Bu nədir, üzündə bıçaq yeri var?
Gözlərin min yerdən ağlayır sənin.
Körpə budağını qıran uşaqlar
Bilmir ki, ürəyin ağrıyır sənin?
Səni bura əkən ölübmü, sağmı?
Hər iki dünyada rəhmət qazanıb.
Ötən günlərini qaytaracaqmı
Dünyanın qaynayan zaman qazanı?
Nə vaxt çiçəklərin çevrilər bara?
Torpaqdan güc alıb böyü, ağacım.
Sən ümid eyləmə bu adamlara,
Yıxılıb dünyanın evi, ağacım.
Həyat əkir bizi dən-dən torpağa,
Kasıbı, varlısı çoxdu, inanın.
Anamız torpağa, Vətən torpağa,
Sizdən vəfalısı yoxdu, inanın.
DAĞLAR
Sizə gələn bu yolları
Yağı kəsib, yağı, dağlar.
Gözlərimdə yaşa dönüb
Ürəyimin yağı, dağlar.
Qatlanıbdı nər dizlərin,
Qan göyərdir gül düzlərin,
Gəl-gəl deyir nərgizlərin,
Gələmmirəm axı, dağlar.
Öldürəcək xiffət məni,
Əridibdi bu dərd məni.
İllərdir ki, həsrət məni
Hey yandırıb-yaxır, dağlar.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)