Şəhidlər barədə şeirlər – Nicat Şükürlü

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nicat Şükürlüyə həsr edilmiş şeirlə tanış olacaqsını

  

NİCAT AYAZ OĞLU ŞÜKÜRLÜ

 

(23.10.1991.-11.10.2020.)

 

Əslən Kürdəmirdən olan, Bakının Badamdar qəsəbəsində anadan olmuş,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

        BAŞINI DİK TUT, AY ANA

 

        Şəhid Nicat anası Yeganə xanıma müraciətlə:

 

 

 

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

 

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

 

Sən  elə oğul böyütdün, adı düşübdü dillərə,

 

Elə hünər göstərib ki, müjdə verib  səhərlərə.

 

 

 

Uşaqlıqdan zirək idi, çox xoşlayırdı zəhməti,

 

Məktəbdə əlaçı idi, yalnız “beş” idi qiyməti.

 

İnsanı şəxsiyyət edən  saf əqidə, saf amaldı,

 

Müəlimlər deyirdilər  Nicata əhsən, halaldı.

 

 

 

Nicat həm də idmançıydı, qazanmışdı diplom, medal,

 

Üz-gözündən tökülürdü  mərifət, qanacaq, kamal.

 

Orta məktəbi bitirib,  yollandı hərbi xidmətə,

 

Əsgəri borcunu verdi   bu vətənə, bu dövlətə.

 

 

 

Amma rahat deyildi o, qəlbi elə göynəyirdi,

 

“Faşistlər qovulmalıdır,  yurdumuzdan” -  söyləyirdi.

 

Bir an boş dayanmazdı, oxuyurdu, çalışırdı,

 

İntiqam, qisas hissiylə  o,  yanırdı, alışırdı.

 

 

 

İnsan necə xoşbəxt olur  halallıqla ucalanda,

 

Ali təhsil diplomunu  çox sevinmişdi alanda.

 

Polad bəyin şəhidliyi onu sarsıtmışdı yaman,

 

Dua edirdi Allaha: - Baş Komandan versin fərman.

 

 

 

Atılaraq döyüşlərə, məhv edəyin ermənini,

 

Bizim bircə əsgərimiz  şil-küt eyləyər minini.

 

Könüllütək yazılmışdı  döyüşlərə getmək üçün,

 

O müqəddəs savaşlarda qələbəyə yetmək üçün.

 

 

 

Arzusuna çatan zaman, necə sevinirdi Nicat:

 

-Bu savaş bizə qələbə, torpağa qurtuluş, nicat.

 

Manqa komandiri oldu, Vətən ona arxalandı,

 

Düşmənə sübut eylədi  erməni, mifdi, yalandı.

 

 

 

Füzulidə döyüşərkən  göstərdi nə qədər hünər,

 

Əsgərlərinə deyirdi  bizimdir qələbə, zəfər.

 

Hadrut uğrunda döyüşdə  Nicat əsil cəngavərdi,

 

Elə burda o, cənnətdən, solmayan gül-çiçək dərdi.

 

 

 

Doğma torpaq, haqq yolunda candan keçənlər ölməzdir,

 

Şəhidlərin xatirəsi xalq qəlbindən silinməzdir.

 

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

 

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

  

 

“Ədəbiyyat və incəsənət”

 

(26.02.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.