POETİK QİRAƏTdə Rəfail İncəyurdun “Qorxu” şeiri

Poetik Qiraətdə bu gün sizlərlə əslən Qazax mahalından, məşhur İncə Dərəsindən olan  şair Rəfail İncəyurd öz şeiri ilə görüşür. 

Şair kimdən və nədən qorxur, niyə qorxur? Əlbəttə ki, bu qorxu dünyəvi qorxudur. 

Əminik ki, onun bu şeirini bəyənəcəksiniz.

 

Şah Abbasın nağılından bu yana

Hökmü olan ağlı kəmdən qorxuram.

Bu dünyanın gedişatı bilinmir,

Heç bilmirəm kiməm, kimdən qorxuram.

 

Düşünürəm, könül açan nə yazım,

Hara getdi şən havalar, a sazım?

Heç xoşluğa yaxın gəlmir, ha yozum – 

Mən özümün öz “bəlkə”mdən qorxuram.

 

Haqq olanı saxlayar kim, atar kim?

Sevgi bitsə o boşluğu tutar kin.

Dərdliyə ad uydurmağa nə var ki – 

Bu urvatdan, bu görkəmdən qorxuram.

 

Qədərimdi qəbahətim, a qadam,

Bu hirsimdi, bu hikkəmdi, bu – qəbam.

Bu gün-sabah çartlayacaq bir qabam,

İçimdəki tünd sirkəmdən qorxuram.

 

Qorxa-qorxa qoruyuram ədamı,

Gizləyirəm dil altında nidamı...

Gör, nə günə qoydular ki, adamı – 

Mən özümün öz kölgəmdən qorxuram.

 

Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.