“Bizim üçün darıxmışam...” - Günel Ağayevanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Şeir saatıdır, Günel Ağayeva şeirlərini təqdim edir.

 

TƏNHA

 

Mən heç kimin ən sevdiyi deyiləm,

Anam idi bircə sevən, o da yoxdur...

O da gedib...

Sonuncu kəz lap, lap çoxdan

Anam məni əzizləyib.

Mən heç kimin ən sevdiyi deyiləm.

Nə atamın balasıyam,

Nə balamın anasıyam,

Nə yarım var naz çəkən,

Nə də məndən ayrı düşən, həsrət çəkən

Sevgilimin ürəyinin yarasıyam.

Mən heç kimin ən sevdiyi deyiləm,

Bəlkə, elə bircə bundan yarımışam;

Pərvazlanıb ruhum uçsa uzaqlara,

Arxamca yananım yoxdur...

Nə anam var ki, yandıram,

Nə də yetim qalan balam,

Yoxdur...

Mən heç kimin ən sevdiyi deyiləm!

 

 

BİZİM ÜÇÜN DARIXMIŞAM 

                                   

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi?

Sənə elə möhtacam ki bu aralar...

Duysan, görsən, dönərsənmi?

 

Elə yorub həyat məni,

Bilirsən ki, ağlamaqdan utananam.

Utanmaqdan keçib daha,

Hönkür-hönkür ağlayıram,

Göz yaşımı silərsənmi?

 

Hamı məndən üz çevirib,

Doğmalarım düşmən olub.

Qəlb sirdaşım, ürək dostum,

Bilsən, necə təklənmişəm,

Gəlib mənə ürək-dirək verərsənmi?

  

Baş götürüb getməyə də yerim yoxdur,

Satılmışam, dağılmışam, ruhum ölüb...

Mən savaşdan sonra qalan 

Xaraba bir yurd olmuşam,

Mənə həyat verərsənmi?

 

Gənc deyiləm, daha canda can qalmayıb,

Oxşadığın saçlarımı görməyəli çox ağarıb.

Bir zamanlar mənə dərman təkcə səndin,

İndi hər yeməkdən əvvəl, sonra dərman...

Eşitsən ki, bir xəstən var,

Gəlib ona dəyərsənmi?

 

Hər gün qonaqsan yuxuma,

Ruhum gecə olan kimi sənə gəlir.

Nə olar ki, sən gerçəkdə mənə gəlsən,

Qucaqlasan, mən də sussam,

Qayğılardan uzaqlaşsam, səndə qalsam,

Yenə məni əvvəlkitək sevərsənmi?

Bizim üçün darıxmışam, 

Şeir yazsam, gələrsənmi?!

 

 

İLAHİ, BU NƏ SEVGİDİR?!  

 

Sən ağlıma gələndə 

Ağlım başımdan gedir.

Heç özüm də bilmirəm, 

Bu nədir, nə baş verir.

 

Nə çörəyim səndəndir,

Nə suyum səndən gəlir.

Bəs niyə acdır ruhum, 

Bəs məndən nə istəyir?

 

Allah, bu nə sevgidir?

Özümü unutmuşam.

Bu adamı görəndən

Özümə yad olmuşam.

 

Bir insana bu qədər 

Bağlı olmaq olarmı?

Ruh bədəndən ayrılıb

Başqa cismə dolarmı?

 

Ürəyim qan yerinə

Səni daşıyıb durur.

Ürəyim qan yerinə

Səni damardan sorur.

 

Adını zikr edirəm,

Dilim məni çaşdırır.

Başqa kimə səslənsəm,

Adını qarışdırır.

 

Mənim üçün adaşdır,

Hamı sənlə eynidir.

Ayrı-ayrı simalar

Gözlərimdə eynidir.

 

Elə sevimlisən ki,

İzini qısqanıram.

Ötüb keçdiyin yoldan,

Səni soraqlayıram.

 

Qoxunu rüzgar alır,

Yarpaq kimi əsirəm.

Qəzəbimdən küləyin

Nəfəsini kəsirəm.

 

Mənimdir o, qoxlama,

Mənim havam, suyumdur.

Addım atdığın hər yol

Mənim ömür yolumdur.

 

O yolun hər bucağı

Sevgi qoxur, eşq qoxur.

Gözüm yollarda qalır,

Baxır, ürək darıxır...

 

Tanrım, bu nə sevgidir?

Özümü unutmuşam...

Sənə qədər kim idim, –

Mən indi kim olmuşam?!

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024) 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.