Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Dəniz elə həmənkidir
gah mülayim, üzə gülər,
gah da dönüb ölüm olar
bizi güdər.
Dənizçidə dözüm gərək
ölümünə baxa bilsin,
ölümünə qalib gəlsin,
yıxa bilsin.
Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün
Yanıb-sönən mayaklarda
“ümid” adlı bir közərti
görər hər gün.
Dənizçiyə dalğaların arasından
əl eləyər su pərisi,
dənizçiyə ad qoyarlar –
su dəlisi.
Mavi sular mavi gözlü gözəl olar
naz eləyər dənizçiyə
Mənim üçün əziz olub,
heç bilmirəm, dəniz niyə?!
Bu gün dənizçi-kapitan, şair-publisist, öz təbirincə desək, dənizə oxşayan, söz kapitanı, şair Faiq Balabəylinin doğum günü, 60 illik yubileyidir. "Ədəbiyyat və incəsənət" portalı olaraq şairi doğum günü münsibəti ilə təbrik edir, ona səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Və yeni yaşında da şairdən bol-bol dəniz ətirli, qağayı avazlı şeir payı, ədəbiyyatımıza yeni-yeni töhvələr gözləyirik
Faiq Balabəyli (Səfərov Faiq Ağaş oğlu) 1964-cü il, fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub.
AXDG QSC XDND idarəsində gəmi kapitanı olaraq çalışır. "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin təsisçisi və idarə heyyətinin sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və eyni zamanda, "Müstəqil.Az" saytının həm yaradıcısı, həm də baş redaktorudur. O, Azərbaycanın, Türkiyənin, Rusiyanın, Tatarıstanın, İraq-Türkmən elinin, Özbəkistanın ədəbi ödülləri və baş ofisi Bişkekdə yerləşən "Yangi Ovoz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin təsis etdiyi "Turan Birliyi" medalı ilə təltif edilib. Əsərləri türk, özbək, tatar, qırğız, rus, ingilis, fransız, alman, gürcü, ivrit dillərinə tərcümə edilib.
Faiq Balabəyli "Eh, ayrılıq, nə yamansan", "Kəsilməyən həyacan fiti", "Sənə yazılan şeirlər", "Burda darıxmaq olmaz", "Yaşıl yuxulu dəniz", "Bayıldan bayıra", "Yağışdan sonra", "Dənizçilərimiz Vətən müharibəsində", "Bakı buxtası - 20 yanvar", "Onlar qəhrəmandır" və tərtib etdiyi "Qarabağ müharibəsinin ilk qalib generalı", "Mən sizə darıxmaq öyrədəcəyəm", "Sən Vətənə bənzəyirsən", "Gəmilərin əmniyyətli idarə olunması", "Peşə təhsilindən dünya sularına qədər", nəvəsi Dənizin adına tərtib etdiyi "Dəniz" və 2023-cü ildə “Qanun” nəşriyyatında çap olunan və Azərbaycan gəmiçiliyinin 165 illiyinə sədri olduğu "DSD"İB-nin layihələrindən biri olan "Dənizçi həyatı" adlı ümumilikdə 17 kitabın müəllifidir.
Gəlin şairin kapitanı olduğu söz gəmisi ilə onun yaradıcılıq ümmanına kiçik bir səfər edək.
Yelkəni küləklə dolan gəmi
Yelkəni küləklə dolan ağ gəmi,
yapışıb gövdənə yosunlar sənin.
Yosunlar beləcə ovsunlar səni
Ləpələr istəyir qovsunlar səni
doğma sahillərdən yad sahillərə...
Yelkəni küləklə dolan ağ gəmi,
Yelkənin yellənir dor ağacında,
yelkənin asılıb “dar ağacından”
cavan dənizçilər həyəcanından
itirib özünü, demir sözünü...
Yelkəni küləklə dolan ağ gəmi,
başının üstündə bir əlçim bulud,
açar qanadını göyərçin bulud
göyərtə ovcunda bir içim bulud
dönər ağ yağışa isladar səni...
Yelkəni küləklə dolan ağ gəmi
tufanda qadaya-bəlaya gələr
gümanı tənha bir adaya gələr
təkcə qağayılar haraya gələr
yetişə bilmərik hayına sənin...
Bir azdan qağayılar
Bir azdan qağayılar
yuxusundan yarımçıq
oyanan uşaq kimi
hay salıb “qışqıracaq”.
Bu qışqırığa “yatağından”
qalxacaq dəniz də
görəcəksən,
ləpələr şahə qalxıb
at oynadır dənizdə.
Kədəriylə, ahıyla
tər-təmiz günahıyla
dönük taleyi ilə
sahilə qaçan ləpə
itirəcək özünü.
Geriyə qayıdıb
gətirəcək özünü
yaşayacaq dənizdə.
Üzməyi bacarmayan
uşaq kimi ləpələr
əl-qol atıb, axırda
batacaq bu dənizdə.
Sonra da qağayılar
sakit olub bir qədər
ruh kimi uçub gedib
yatacaq bu dənizdə...
Daha bəsdir...
Daha bəsdi, bəsdi, Xəzər,
sularının dadı gedib,
duzu qalıb.
İllər ötüb, sularına sinə gərən
Sahillərin çat-çat olub,
quzulayıb.
Yosunların yaşıl-yaşıl, boyu qısa,
Balıqların yem axtarır,
tapa bilmir.
Qağayılar dövrə vurub ağı deyir
Dalğaların qəzəbindən
yata bilmir.
Ulduzların əksi düşür sularına
Dalğaların ulduzlara
əli çatmır.
Dənizçilər nəğmə qoşur sularına
Dalğaların bu nəğməyə
dili yatmır.
Daha bəsdi, bəsdi Xəzər,
Qurtar ölüm yaymağını
heç bilmirəm görəcəyik
Can almaqdan doymağını?
Dənizə nə olub, görəsən, yenə
Qağayılar dövrə vurub qışqırır,
Nə olubdur, söylə sənə, dənizim.
Külək əsir, dalğaların hayqırır
tutqun olur yavaş-yavaş bənizim
Nə olubdur, söylə sənə, dənizim.
Bir-birini qovur müdhiş dalğalar
Dor ağacı sağa, sola yellənir.
Bir gözəl qız sahilində dayanıb
külək əsir ala gözü nəmlənir
Ürək dözmür, yada salır, qəmlənir.
Gücünə bax uğuldayan xəzrinin
Nəhəng buruq ləngər vurur, dayanır.
Radist oğlan tez aparır əlini
“Sos” yazılmış düyməsində saxlayır,
düşünürsən; ölüm səni haqlayır.
Lap uzaqda yanır-sönür bir işıq
bütün gecə yol göstərir o bizə.
Yanıb sönür, dönüb olur yaraşıq
bu dalğalı, sərt küləkli dənizə
bütün gecə yol göstərir o bizə.
Qaçan dalğa, apar-apar sahilə
o gözələ demədiyim sözləri.
Yəqin gəlib yenə qumlu sahilə
yol gözləyir indi ala gözləri
çatdır ona demədiyim sözləri.
Bir qağayı özün çırpır dalğaya
elə bil ki qucaqlayır dənizi.
Qorxur, dəniz ala onu qoynuna
qanad açıb qucaqlayır dənizi
elə bil ki qucaqlayır dənizi.
Bilmirik, nə zaman dönə bilərik
o qumlu sahilə, nəmli sahilə.
Hələ ki uzaqdan, çox-çox uzaqdan
baxırıq kədərlə, qəmlə sahilə
o qumlu sahilə, nəmli sahilə...
Bu axşam lövbərsiz gəmi kimiyəm
Nə torpaq qoxusu, nə də gül ətri
Hiss edə bilmirəm, hər tərəf sudur
Hədəfə çevrilmiş sahil kimiyəm
rəqibim dalğadır, hədəfim sudur.
Bu nədir, qorxumu bürüyür məni,
gəlir qulağıma dalğa nərəsi.
Ulaya-ulaya əsən küləklər
Yayır hər tərəfə ölüm nəğməsi.
Üzür uzaqlara tənha gəmimiz
Baxmayır bu haya, haraya, küyə.
Dağılır saçlarım, yaşarır gözüm
Nə isə, dözməyir bu sərt küləyə.
Yoxdur uzaqlarda bir mayak da ki,
Bir ümid, bir pənah gətirsin mənə.
Gərək görüşəndə bircə kəlməlik
sözümü deyəydim ala gözlümə.
Hardasa-hardasa lap uzaqlarda
Bir ana yuxsunu yozmaq istəyir.
Fikrimi, hissimi, duyğularımı
Bu ölüm nəğməsi pozmaq istəyir.
Yoxdur yaxınlıqda bir qağayı da
Deyim ki dayanma, tez uç sahilə.
Yəqin əllərində çiçək dəstəsi
Bir gözəl tələsir qumlu sahilə.
O gözəl əlində çiçək dəstəsi
Dikər gözlərini coşqun dənizə.
Dağılar saçları dalğalar kimi
səpər çiçəkləri, səpər dənizə.
Fikirlər gör hara aparır məni
Qaralır gözlərim, dəli kimiyəm.
Çəkib uzaqlara aparır məni,
Bu gecə sahilsiz gəmi kimiyəm.
Mənim nənəm
Mənim nənəm ipək kimi qarıydı
Dərdlə dolu bayatısı varıydı
Namazını ötürməzdi heç zaman
O, Tanrıya, Tanrı ona yarıydı.
O, Allaha kişi kimi baxırdı
O, Allaha "Tarı kişi" deyirdi
Alqışına heç bir sözüm yox mənim,
Qarğışı da alqış idi, şeyirdi.
Qurşağnda qəlet-konfet olardı
Belində şal... yaşmağını demirəm
Hərdən mənə qəzəblənib ardımca
Tövşüyərək qaçmağını demirəm...
Yazıq nənəm ilk gəlinlik günündən
Ayrılığın qədərini bilirmiş.
İçindəki həsrətini duymadıq
Üzündəki gülüşünü görürdük-
O, yalandan danışırmış, gülürmüş...
Mənim nənəm nənələrin ən gözəl,
Ağı deyən, ağlamağı bacaran
İpək kimi bir qarıydı, nənəydi.
Ürəyində, ömrü boyu çəkdiyi
Dərdlərini saxlamağı bacaran
Noğul idi, nağıl idi, nə idi?
Mənim nənəm qərib idi, çox qərib,
Masallıda bir bacısı qalırdı,
Anasının, atasının qəbiri,
Ürəyində düyün vurmuş kədəri,
Sevinməyi ona yasaq eləyən
Bir nisgili, min acısı qalırdı...
Mənim nənəm ipək kimi qarıydı
Mənim nənəm nənələrin tacıydı
O, anama görmədiyi atası
O, anama qardaş idi, bacıydı...
Gəl gedək
Ay bağrıma sıxmadığım
Təkim, göyçəyim, gəl gedək
Gözlərini nə gizlədib
Telin, birçəyin, gəl gedək
Qar yağmadı bu qış yenə
Yağır qarğış-yağış yenə
Özün dedin yığış yenə
Gəldim, çiçəyim, gəl gedək...
*
Unutmusan, gör nə qədər vaxt keçib
Mən də elə sən dediyin fəhmli
Yaddaşında çox şeyləri saxlayan
O deyiləm - gah sakit, gah zəhmli...
Biz tərəfdən siz tərəfə gəlməyə
ürək gedər, ayaqlarsa qalardı
Unutmusan siz tərəfdə uşaqlar
Fit verərdi, bizi daşa basardı...
Az qalardım siz tərəfin itlərin
Qucaqlayam, sğallayam, öpəydim
Təki bircə siz tərəfdən küləyin
Biz tərəfə əsməyini görəydim...
Mən nə qədər yaddaşıma qəsd edim
Ötənləri xatırlayım nə qədər
O günlərdən biz nələri qazandıq
O günlərdən hədər oldu, de, nələr...
Hardan axı sən yadına salasan
Banınıza daş atmağa gəlməyim
Məni hər gün öldürməyə çıxmağın
Səni hər gün yaşatmağa gəlməyim...
İndi artıq yaş üstünə gələn yaş
Ömrümüzə selbələnən daşdı, qız
Unutmusan, sən ömrümə gələndən
Nə yaz, payız, nə də ki yay, qışdı, qız.
Bilirəm darıxırsan
Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
Bu nədir ağlayırsan?..
Sən getdin
Sən getdin, özünlə apardın,
Gətirdiyin bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf,
Yağmura düşdüm elə bil.
Batdı limanda gəmilər,
Söndü bütün işıqlar,
Sən gedəndən sonra.
Bir vaxtlar barmaqarası
Baxdığım həyata
Barmaqlıqlar arasından
Baxmağımı indi dərk etdim.
İndi özümə görk etdim;
Necə də gözəlmiş həyat,
Və sənli günlər.
Sən getdin,
Və başa düşdüm ki,
Bu andan məhbəs həyatı yaşayıram,
İçimdə sənsizliyi daşıyıram.
Və bir gün
....Və bir görərsən qayıtmışam mən,
Həminki adamam, dəyişməmişəm.
O şirin anları oyatmışam mən,
Həminki adamam, dəyişməmişəm.
Nə boyun–buxunum, nə də ki, səsim,
Saçını oxşayan əlim, nəfəsim.
Tükənməz heç zaman arzum, həvəsim,
Həminki adamam, dəyişməmişəm.
Göydə göy buludam, dağlarda çayam,
Çağırsan gələrəm, harayam, hayam.
Necə görursən də eləcə buyam,
Həminki adamam, dəyişməmişəm.
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)