Poetik Qiraətdə bu gün sizlərlə gənc şair Cavid Qasımov öz qəzəli ilə görüşür. Cavid Nigar Həsənzadənin “SÖZ” layihəsi ilə parlayıb. Əminik ki, onun bu qəzəlini bəyənəcəksiniz.
Kim deyir hicr yolu vəslə gedib çatmaq imiş?
Hicr bir namə kimi ahını yollatmaq imiş.
Qocalıq saçına düşmüş dənin ağırlığına
Dözmüyüb, torpağacan başını sallatmaq imiş.
Mən bu dünyayə gələndən bəri bəxtin işi də,
Yuxulu görsənib öz sahibin aldatmaq imiş.
Düşdü gözyaşları hər gün çəkisin bilmək üçün,
Sanmıram niyyəti boş-boş yanaq islatmaq imiş.
Sevgi bayquşların avazını laylay bilib,
Yarı görmək ümidiylə gecələr yatmaq imiş.
İndi bildim, qoca aşiqlər üçün tənhalıq,
Eşq dəryasına sınmış ürəyi atmaq imiş.
Bu fələklə o qədər oynadı Cavid, sonda
Fələyin bildi işi hamını oynatmaq imiş.
Ədəbiyyat və incəsənət”
(22.02.2024)