REDAKSİYANIN POŞTUNDAN: 75 yaşlı şeir həvəskarı

Bu günlərdə Əlişad Qaraqasımlı (Cəfərov Əlişad Tutuş oğlu) 75 yaşını qeyd etdi.

O, 1949-cu il fevral ayının 15-də Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Şeirləri qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, “Kardelen” dərgilərində, o cümlədən respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub. O, “Elm”, “Xalq qəzeti”, “Respublika” qəzetlərində uzun müddət çalışıb.

 “Ədəbiyyat və incəsənət” portalının poçtunda Əlişad Qaraqasımlının şeirlərinə rast gəldik və düşündük ki, onları sizlərə təqdim edək.

 

 

Xalq şairi Rəsul Rzaya

 

Bu ağır itkini varlığım danar,

Necə ki, ölməzlər ölümü danıb.

Aprelin birində bir dost aldanar,

Aprelin birində bir xalq aldanıb.

 

Uca zirvələri çən-çisək aldı,

Yamaca nə qaldı, yala nə qaldı?

Dünyaya gəlməyin həqiqət oldu,

Dünyadan getməyin yalana qaldı.

 

Nurlu misraların, odlu sənətin,

Könlümdən kədəri talan eylədi.

Vuruldum aprelin birinə, şair,

Gerçək ölümünü yalan eylədi.

(1 aprel 1981-ci il)

 

 

Dördlüklər

 

Dünyanı çiyninə alıbdı qoca,-

Əsir yük altında zəif dizləri.

Sual işarəsi olubdu qoca,

Çoxlu nöqtələr tək ayaq izləri…

 

* * *

 

Dörd divar içində bəslənən hər gün

Qapqara bir daşdır, ürək deyildir.

Kim deyir, arabir tamaşa üçün

Bu geniş üfüqlər gərək deyildir?

 

* * *

 

Qovaram qəlbimdən ağrılarımı,

Canımla, qanımla yaradaram mən.

Leysanda islanan misralarımı,

İsti şəfəqlərlə qurudaram mən.

 

 

Dünya bu gün

 

Yenə dinləyirəm son xəbərləri-

Fələstin övladı yurddan qaçaqdır.

Azadlıq altında gizlənənlərin

Arzusu, əməli işğlçılıqdır.

 

Oğrunun, əyrinin inadına bax:

Başına tac qoyub xalqını soyur.

Bu dövrün, zamanın inadına bax,

Qara xəbərləri Ağ evlər yayır.

 

Əzmini, gücünü açıq duyanlar,

Ölkədən-ölkəyə qovğa ələyir.

Mənliyi, varlığı bir heç olanlar,

Yüksək kürsülərdən çıxış eyləyir.

 

Həyadan, abırdan qalmayıb əsər:

Çoxu öz-özünü öyən olubdur.

Üz-üzə gəlməkdən çəkinən kəslər,

Efirdə döşünə döyən olubdur.

 

Dalayır qəlbimi min fəğan, min ah,

Silah yarışları başlayır bu gün.

Xalqın əlləriylə düzələn silah,

Xalqın sinəsinə tuşlanır bu gün.

 

Arzu istəyimi daş belə anlar,

Bütün varlıqlara qəlbim həyandır.

“İnsan hüququ”ndan çox danışanlar,

İnsan hüququnu tapdalayandır.

 

 

Qısqanıram mən

 

Hələ vərəq-vərəq oxunmamışam,

Gedişin-gəlişin oxunur sənin.

Bəyaz əllərinə toxunmamışam,

Küləklər saçına toxunur sənin.

 

Otuzu adlayıb gözləmir yaşım,

Sonsuz həsrətindən usanıram mən.

Zülmət gecələrə necə tapşıram,

Səni gündüzlərə qsıqanıram mən?!

 

 

Quşlar yuva qurar

 

Quruyub qalmışam çölün düzündə,

Əsən küləklər də mənim yağımdı.

İki gün dustağam bu yer üzündə,

İkicə gün olur azadlığım da.

 

Aydındır hər kəlmən ay işığıtək,

Əsərəm yarpaqtək sözünün üstə.

Aralı düşərik iki günlüyə,-

Quşlar yuva qurar izinin üstə.

 

 

Bermud üçbucağı

 

Arzular, əməllər gülə bilməyir,

Dəhşətli fikirlə oyanır orda.

Əqrəblər yükünü çəkə bilməyir,

Deyirlər, zaman da dayanır orda.

 

Dünyaya bir ümman kədər ələdi,

İlan tək qıvrılıb çaldı dünyanı.

İnsan vəhşiliyi azlıq eylədi,

Qorxunc bir dəhşət də aldı dünyanı.

 

 

Qaranquş

 

Ağın başqa yanadı,

Bir yanadı qaran, quş.

Mənə xoş xəbər gətir

Qayçı quyruq qaranquş

Ağın da var, qaran da

Niyə yoxdur sarın, quş?

Baharlı sevincindən

Küləkləri yaran quş.

Qismətin bahar olsun

Görməyəsən boran, qış

Yazdan mənə köynək biç,

Qayçıquyruq qaranquş.

 

 

Payız dördlükləri

 

Ümidim bahara itməyibdi ki,

Ümidim qəlbimdə yaraqlanıbdı.

Hansı rəssamınsa əsərindəki

Qadıntək ağaclar çılpaqlanıbdı.

 

* * *

 

Payızda bir ağac gülə bələnib,-

Gizlədə bilməyib bahar heyrətin.

Payız yarpaqların məktub eyləyib

Yazır ünvanına əbədiyyətin.

 

* * *

 

Bahar çiçəkləri fikirlərimdə,

Payızlı bir nəğmə dindirib məni.

Qızıl paqonları çiyinlərimdə,-

Payız da rütbəyə mindirib məni…

 

* * *

 

Səmanı çiyninə görən aldımı?

Ağaclar anteytək çılpaq yaşayır.

Küləklər tələsən poçtalyonumdu,

Payızdan bahara məktub daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.