AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub.
Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.
Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq.
III
"Divanü lüğat-it-türk"ün tədqiq tarixi
Tarixi məlumatlara görə, M.Kaşğari "Divanü lüğat-it-türk"ü 25 yanvar 1072-ci ildə yazmağa başlamış, 10 fevral 1074-cü ildə tamamlamış və Bağdadın Abbasilər xəlifəsi Əbülqasim Əbdüllah ibn Məhəmmədü Müqtədibiəmrillaha (bəzi mənbələrdə xəlifənin oğluna) ithaf etmiş, "onun böyüklüyünü, yaxşılığını, gücünü və kölgəsini müsəlmanların başından əksiltməməsin"i Allahdan diləmişdir.
"Divanü lüğat-it-türk"ün əsli Bağdadda monqol istilası zamanı məhv olmuş, əldə olunan yeganə nüsxə 200 il sonra - XIII əsrdə (1 avqust 1266-cı il) Məhəmməd ibn Əbu Bəkr ibn Əbul-Fəth əs-Savi-əl-Dəməşqinin üzündən köçürtdüyü əl yazısıdır. Üz qabığındakı qeydlərdən aydın olur ki, əlyazma 1400-1401-ci illərdə Qahirədə yaşayan Məhəmməd ibn Əhmədu Xatibu Dərayyaya məxsusdur. Osmanlı dövründə Türkiyəyə gətirilən kitabı ötən əsrin əvvəllərində sabiq maliyyə naziri Nazif Paşa öz qohumu olan bir xanıma (bəzi mənbələrdə həyat yoldaşına) bağışlayıb və satası olsa, 30 qızıl lirədən əskik verməməsini tövsiyə edib. Bu fikir 20 il sonra təxminən eyni məzmunda kitabın latın qrafikalı əlifba ilə ilk tərcüməçisi Xalid Səid Xocayev tərəfindən təkrarlanır, Həyat yoldaşı Sitarə xanıma dönə-dönə tapşırır: "Əgər sizə pul lazım olsa və qovluqları vermək məcburiyyətində qalsanız, bu qovluqları tərəzidə çəkdirərsən, nə qədər gəlsə, qovluqların müqabilində o ağırlıqda da qızıl tələb edərsən." (Azər Turan. "Divanü lüğat-it-türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". "Ədəbiyyat qəzeti", 14 noyabr, 2008.)
Bukinist Bürhan bəy "Divanü lüğat-it-türk" haqqında daimi müştərisi, kitabsevər Əli Əmiriyə göndərdiyi xəbərdə kitabın 30 qızıl lirədən ucuz satılmayacağını bildirir. Maarif naziri Əmrullah Əfəndi bukinistə həmin kitab üçün 10 qızıl lirə təklif edir və bildirir ki, biz otuz lirəyə bir kitabxana satın alarıq. Bürhan bəy Əli Əmiriyə kitabın sahibi ilə danışdıqlarının vaxtının sabah bitəcəyini bildirir, ona "işinizə yarasa, almağı" təklif edir. Əlyazmanı vərəqləyib, əsl xəzinə tapmış kimi sevinən Əli bəy təsadüfən dükana gəlmiş bir dostundan borc istəyib, 33 qızıl lirəyə dərhal onu alır. Hətta deyirlər ki, dükandan çıxanda fikirlərinin dəyişəcəyindən qorxaraq əlyazmanı bağrına bərk-bərk basıb həyəcanla fikirləşir: "Ay aman, birdən ardımca gələrlər, bunu geri istəyərlər!"
Hal-hazırda İstanbul Millət Kitabxanasında sərgilənən "Divan"ın orijinala müvafiq ərəbcəsini ilk dəfə Türkiyədə 1917-ci ildə Tələt Paşanın köməyi, Əli Əmirinin təkidi ilə Kilisli Rifat hazırlamışdır. Tələt Paşa təklifinin qəbul olunduğu üçün Əli Əmiriyə 300 lirə göndərsə də, o, bunu qəbul etmir, cavabında yazır:
"Lütfünüz, qədirbilənliyiniz üçün təşəkkür edirəm, fəqət pulu qəbul edə bilmərəm. Çünki vətənə kiçik bir xidmət müqabilində pul almış olacağam. Bu isə vicdanıma ağır gələn bir şeydir, bundan dolayı sizə təşəkkür edərək, pulu geri qaytarıram. Siz pulu yardıma ehtiyacı olan bir neçə namuslu ailəyə paylasanız, mənim sizə təşəkkür edəcəyim kimi, Cənabi-Haqq da məmnun olar. Bu sədəqənin adı da "Divanü lüğat-it-türk" olsun". (Bax: http://www.anl.az/down/meqale/adalet/2012/aprel/246367.htm)
Macar Elmlər Akademiyası "Divan"ı almaq üçün Əli Əmiri Əfəndiyə 10 min, Fransa isə üç dəfə artıq - 30 min qızıl pul təklif etsə də, o, razılaşmır:
"Mən kitablarımı millətim üçün topladım. Dünyanın bütün qızıllarını önümə qoysalar, bu kitabı deyil, hər hansı kitabımın tək bir səhifəsini də satmaram". Fransızlara daha kəskin cavab verir: "Mən bu kitabları dövlətin verdiyi maaşla yığdım, öldüyüm zaman onların millətimə qalmasını istəyirəm" (Yakup Deliömeroğlu. Kaşğarlı Mahmut 1.000 yaşında veya 2008 Kaşğarlı Mahmut Yılı. Kardeş Kalemler, sayı 6, Haziran, 2007, s. 80.).
Kilisli Rifat qarışmış, səpələnmiş, dağınıq vərəqləri sahmana salmış, əlavə şərhlərlə 3 cilddə, ərəb əlifbası ilə əl yazısının faksimilesini çap etdirmiş və gələcək nəşrlər üçün böyük bir xidmət göstərmişdir. "Divan" dərhal rezonans doğurmuş, dünya türkoloqlarının diqqətini çəkmişdir. 22 dəftər həcmində olan bu əsəri Maarif Nazirliyi 120 lirə qonorarla mükafatlandırımış və İstanbul Darülfünununun kitabxanasına hədiyyə olunmuşdur.
Lakin əsər latın yox, ərəb qrafikası ilə çap olunmuşdu. Türkiyə respublika elan olunandan sonra Atatürkün göstərişi ilə kitabın 22 dəftəri latın qrafikası ilə çap olunmaq üçün Çankaya malikanəsinə göndərilir, amma dəftərlər naməlum səbəbdən itir. Kilisli Rifatdan yenidən işləməsi xahiş olunsa da, o, qonorarın azlığından narazı qalır və təklifdən imtina edir.
Türkiyə Böyük Millət Məclisinin sifarişi ilə 1925-ci ildə Samih Rifet və Mehmet Akif tərcüməyə cəlb edilirlər, ancaq onlar bu etimadı doğrulda bilmirlər. Həmin illərdə Tevfiq Dəmiroğlu da "Divan"ı ixtisarla tərcümə edir. Ramiz Əskər "Türkologiyanın şah əsəri" monoqrafiyasında "Divan"ı tərcümə edənlərdən biri Konyalı Atif Əfəndinin adını çəkir: "Onun 7 dəftərə yazılmış tərcüməsinin həcmi 943 səhifədir. Bu tərcümə Kilisli və Tevfik Dəmiroğlu tərcüməsinə nəzərən, daha dolğun və düzgündür. Lakin o, bəzi şeir və savları yalnız onların ərəbcə açıqlamalarına görə çevirmişdir" (Ramiz Əskər.Türkologiyanın şah əsəri. Bakı, 2020, səh. 45.).
"Divan"dakı söz ehtiyatı ilk dəfə alman alimi, Berlin Universitetinin professoru Karl Brokelman tərəfindən araşdırılmışdır. O, 1928-ci ildə "Divan"ın əsasında "Orta türk dili lüğəti"ni tərtib etmişdir. Onun fikrincə, bəzi mənbələrdə xalq dilindən toplanmış sözlərin sayı 7500, bəzisində 9000, bəzisində isə daha çox göstərilir. Nəşrlərin ən böyük problemlərindən biri budur ki, ərəbcə və türkcə cümlə quruluşları fərqli olduğundan ümumi say hər nəşrdə dəyişir, "Divan"dakı sözlərin sayı ilə bağlı müxtəlif məlumatlar verilir. Karl Brokelman əsərdə 7993, Besim Atalayın üç cildlik tərcüməsinin indeksində 8783, Özbəkistanda Mütəllibovun nəşrində 9222, M.Nalbantın araşdırmasında 5147 isim və 3477 feil olduğu qeyd edilir. Məlumatlardakı bu fərqin başqa səbəbləri bəzi tədqiqatlarda məqalənin əvvəlindəki sözlərin və məqalədəki cümlələrdə olan sözlərin də lüğətə daxil edilməsi, məqalənin əvvəlindəki sözlərlə birlikdə qiymətləndirilməsi, bəzilərinin çoxmənalı sözləri müstəqil leksik vahid hesab etməsi, ərəb dilindən tərcüməçilərin mətnləri, sözləri, cümlələri, şeirləri, atalar sözlərini necə izahından asılıdır.
Ötən əsrin 80-ci illərində türk dili və islam dininin tanınmış araşdırmaçısı, Çikaqo Universitetinin professoru Robert Dankoff və Harvard Universitetinin professoru Ceyms Kelliy tərəfindən Amerikada "Türk ləhcələri toplusu" adı ilə 4 cilddə (I c., 1982, II c., 1984, III c., 1985 və 1 indekslə) ingilis dilinə tərcümə edilmiş və Harvard Universitetinin mətbəəsində çap olunmuşdur.
Türk dilinə tərcüməni professor Besim Atalay öz üzərinə götürür və kitabı 1939-1942-cü illər arasında 3 cilddə latın qrafikalı əlifba ilə Ankarada Türk Dili Qurumu çap edir. 1943-cü ildə kitabın indeks nəşri işıq üzü görür. Məhz bundan sonra "Divan" haqqında kitablar, məqalələr və dissertasiyalar yazılır, türk dünyası üçün zəngin material olan əsərin yeni nəşrləri işıq üzü görür. "Divan" türk dillərinin tarixinin öyrənilməsi baxımından ən etibarlı mənbədir.
"Divan"ın nəşri rus türkoloqlarının da diqqətini cəlb etmişdir. A.N.Kononov türkologiya tarixində Mahmud Kaşğarinin "Divanü luğat-it-türk" əsərinin aşkarlanması və nəşrini əsrin ən mühüm hadisəsi kimi dəyərləndirmişdir. İlk rus tədqiqatçısı B.Bartold 1921-ci ilin Rus Arxeologiya Cəmiyyətinin Şərq bölməsinin iclasında Mahmud Kaşğarinin "Divan"ına həsr olunmuş "XI əsr türk-ərəb lüğəti" mövzusunda məruzə ilə çıxış etmişdir. 1926-cı ildə iki türkoloq S.E.Malov və K.K.Yudaxin, bir ərəbşünas E.A.Şmidt professor K.Brokkelmanın işıq üzü görəcək lüğətinə oxşar, "Divan"ının əsasında "Qədim türk dili lüğəti" hazırlamaq qərarına gəlirlər. Lüğətə dair kartoçkalar tərtib olunsa da, çapı nəşriyyat tərəfindən təxirə salınır.
Professor Bəkir Çobanzadə Bakıda keçirilən I Türkoloji Qurultayda məruzə etdiyi "Türk dillərində zərflərin yaxın qohumluqları barədə" adlı məruzəsində əsas məlumatları "Divan"dan toplamışdır.
1927-ci ildə tatar alimi Cəmil Validov kiçik qeydlərində "Divan" və müəllifi barədə bəzi məlumatlar vermiş, 1927-1928-ci illərdə tanınmış özbək filoloqu A.Fitrat "Divan"dan seir və atalar sözlərinin fonetik-qrammatik qeydlərlə özbək dilinə tərcüməsini nəşr etdirmişdir.
Öz biblioqrafik sorğu kitabçasında A.E.Krımski "Divan"a geniş yer ayırmış, V.İ.Belyaev "Divan" və müəllifin bioqrafiyasına dair bir sıra məlumatlar vermişdir.
"Divan"ın türkmən dilinin tarixinə dair tədqiqatlar S.Ahallı tərəfindən həyata keçirilmiş, "Mahmud Kaşğarinin lüğəti və türkmən dili" adlı monoqrafiya yazmışdır.
Türk dillərinin təsnifatı uzun illərdir türkologiyanın əsas aktual problemlərindən biri olaraq qalmaqdadır. A.N.Samoyloviç 1922-ci ildə yazdığı məşhur "Türk dillərinin təsnifatına bəzi əlavələr" adlı əsərində irəli sürdüyü müddəalarda Mahmud Kaşğarinin məlumatlarından istifadə etmişdir.
"Divan"nın ruscaya tərcüməsi 1969-cu ildə V.M.Nadelyaev, D.M.Nasilov, E.R.Tenişev ve A.M.Şerbakın redaktorluğu ilə Leninqradda yayımlanmışdır. (Ətraflı bax: Kononov A.N.Maxmud Kaşkarskiy i eqo "Divanu Luqat it Turk" \\ Sovetskaə törkoloqiə. 1970. T.1)
"Divanü lüğat-it-türk"ü ötən əsrin 60-cı illərində Özbəkistanda Salih Mütəllimov özbək dilinə (I cild 1960, II cild 1961, III cild 1963-cü ildə, H.Əbdürrəhmanovun tərcüməyə əsaslanan indeks nəşri 1967-ci ildə), 1960 - 1970-ci illərdə özbək dilçisi Əlibəy Rüstəmov rus dilinə (bu tərcümə "Divan"ın İstanbul Millət Kitabxanasında saxlanılan əlyazmasının mikrofilmə əsaslanmış, çapı 2010-cu ildə baş tutmuşdur), 1997-1998-ci illərdə Askar Kurmaşulı Egeybayev tərəfindən qazax dilinə, ictimaiyyətin və ziyalıların çoxsaylı istəkləri, müraciətləri və 80-ci illərdə Pekində əslən türk İbrahim Mütinin redaktorluğu ilə 12 nəfər komissiya üzvü (Abdusselam Abbas, Əbdürrəhim Etkur, Əbdürrəhim Həbibullah, Əbdülrəhim Kərim Səit, Əbdülhamit Yusufi, Halim Salih, Hacı Nur Hacı, Osman Məhəmməd Niyaz, Emin Tursun, Sabit Ruzi, Muhammet Emin və Mirsultan Usmanov) tərəfindən uyğur dilinə tərcümə olunmuş, 1981-1984-cü illərdə Urumçi şəhərində 3 cilddə 84 min nüsxə tirajla, 1985-ci ildə uyğurcadan tərcümə ilə Çin dilində çap edilmişdir. 2003-ci ildə Pekində professor Alimcan Sabitin redaktorluğu ilə yenidən Çin dilində, 2004-cü ildə Tehranda Hüseyn Düzgünün fars dilində, 2005-ci ildə Türkiyədə Seçkin Erdi və Sərap Tuğba Yurtseverin, 2020-ci ildə Ahmet B. Erculasın və Ziyad Akkoyunlunun tərcüməsində türk dilində işıq üzü görmüşdür.
1969-cu ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutu B.Atalayın tərcüməsini, Orxon-Yenisey və yazılı uyğur abidələrini əsas götürərək "Qədim türk dili lüğəti"ni hazırlamışdır. 1972-ci ildə C.Klozenanın Böyük Britaniyada nəşr olunan "Türk dilinin XIII əsrə qədərki etimoloji lüğəti"ndə "Divanü lüğat-it-türk"n materiallarından geniş istifadə olunmuşdur. 1990-cı ildə Türkiyə Mədəniyyət Nazirliyi "Divan"ın əlyazmasının orijinalının ölçülərinə uyğun yeni faksimilesini nəşr etmişdir.
Z.A.Auezov 1935-1937-ci illərdə Xalid Səid Xocayev tərəfindən Azərbaycan dilinə tərcümə olunan "Divan" haqqında susmamağı tövsiyə edir. Bildirir ki, "Sovetskaya türkologiya" jurnalının 1988-ci il 3-cü nömrəsində verilən məlumata əsasən, bu tərcümə hələ də çap olunmamış, Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun seyfində qalmaqdadır. (Bax: Maxmud al-Kaşqariy. "Divan Luqat it-Turk". Perevod, predislovie i kommentarii Z.A.M.Augzovoy. Almatı: Dayk-Press, 2005 . Vvedenie, c.; həmçinin bax: Said Xodjaev. "Sovetskaə törkoloqiə", t.3, 1988, c.96-103.)
"Divan" 2006-cı ildə Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəstəyi, akademik Tofiq Hacıyevin redaktorluğu, akademik Nizami Cəfərovun rəyi ilə professor Ramiz Əskərin Azərbaycan dilində şərhlərlə tərcüməsi (indekslə birlikdə 4 cilddə) çap olunmuşdur.
Qeyd edək ki, "Divanü lüğat-it-türk"ü ana dilinə tərcümə etmək istəyən bir çox türk alimi ruslar və çinlilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Məşhur uyğur şairi Kutluk Şevki Həcc ziyarətindən qayıdarkən İstanbulda Kilisli Rifatın tərcüməsində "Divan"ı əldə edə bilmiş, ölkəsinə aparmış, həmkarı və yaxın dostu, şair Məhəmməd Əli ilə birlikdə uyğur dilinə tərcümə etmişlər. Elm dünyasına xidmət 1937-ci ildə çinli cəlladlar tərəfindən hər ikisinin ölümü və əsərlərinin yandırılması ilə nəticələnmişdir"mükafatlandırılmışdır".
Uyğurlar 1944-cü ildə Şərqi Türküstan dövlətini qurduqdan sonra, ilk növbədə ana kitabları "Divanü lüğat-it-türk"ü tərcümə etməyi qərarlaşdırmışlar. Bu iş məşhur alim, dövrün tanınmış ziyalısı İsmayıl Damollama həvalə edilir. Böyük həvəslə "Divan"ın I cildinin tərcüməsini tamamladığı ərəfədə Rusiya və Çinin razılığı ilə Şərqi Türküstan dövləti ləğv edilir, İsmayıl Damollam öldürülür. Şərqi Türküstan Qızıl Çin ordusu tərəfindən işğal olunur, Uyğur bölgəsində Sincan Muxtar hökuməti qurulur. Kaşğar bölgəsinin qubernatoru Seyfullah Seyfullin rəsmi olaraq "Divanü lüğat-it-türk"ün tərcüməsini xeyli maliyyə vəsaiti də ayıraraq Əhməd Ziyaya tapşırır. 1952-54-cü illər arasında tərcümə tamamlanır və çap üçün Pekinə göndərilir. Nəşr xərclərini Kaşğar qubernatorluğu öz öhdəsinə götürür. Lakin həmin ərəfədə Pekin Əhməd Ziyanı "əksinqilabi və millətçilik fəaliyyəti" ittihamı ilə suçlandırır və 20 il həbs cəzasına məhkum edir. Əhməd Ziya həbsxanada işgəncələrə dözməyib faciəli şəkildə ölür və "Divan"ın tərcüməsi və əlyazmaları müsadirə edilərək yandırılır.
Növbəti fədakar təşəbbüs 1960-63-cü illərdə Çin Elmlər Akademiyasının Sincan şöbəsinin direktor müavini uyğur Sairani tərəfindən həyata keçirilir. Uyğur dilinə tərcümə bitdikdən və çapa təqdim olunandan dərhal sonra əsər müsadirə olunub yandırılır, Sairani iki köməkçisi ilə birlikdə öldürülür.
Dünyasını dəyişmiş bu ziyalılara, alimlərə, şairlərə Allahdan rəhmət diləyirik. Bu repressiyaların ilk qurbanı özbək əsilli, həmin ərəfədə Azərbaycanda yaşayan, 1934-37-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Dil və Ədəbiyyat İnstitutunun Dil bölməsində birinci dərəcəli elmi işçi kimi çalışan Xalid Səid Xocayev olmuşdur.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)