MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Gülanənin hazırladığı yeməklərdən Stepanla doyunca yeyib üstündən kəklikotulu çay içmiş, çay əsnasında dostumla xeyli söhbət etmişdik. Ancaq Gülünün yanında iş barədə bir kəlmə də danışmamışdıq. İndi Stepanın qalacağı otelə gəlib birlikdə yuxarı qalxmışdıq. Bəzi məsələləri müzakirə edəcəkdik. Televizoru işə salıb səsini qaldırdım. Üzbəüz qoyulmuş kreslolarda yerimizi rahatlayandan sonra dostum asta səslə sözə başladı:

-Qrupa cəlb edilməyini sizin rəhbərliklə razılaşdırdım. Hərəkətlərində tam sərbəst olacaqsan. Ancaq bu gündən rəsmi olaraq qrupun rəhbəri polkovnik Mahir Vəliyevin sərəncamında olduğunu da unutma. Bildiyin kimi, mən sabah Moskvaya qayıdıram. Mənimlə daim telefon əlaqəsində olacaqsan. Vəliyevlə isə zərurət olduqca şəxsən görüşəcəksən. Onun telefon nömrəsini yaz.

Bunları deyən Stepan polkovnik Vəliyevin telefon nömrəsini səsləndirdi. Telefonumu çıxarıb nömrəni yaddaşa yazdım.

Stepan sözünə davam etdi:

-Sabah getməmişdən əvvəl səni onunla görüşdürəcəyəm. Solomin barədə olan bütün məlumatlar qovluğunu ona vermişəm. Surətini çıxarıb bütün qrup üzvlərinə paylayacaq. Bir nüsxə də sənin üçün hazırlayacaq. Qrup üzvləri demişkən, onların sənin əməliyyata cəlb olunmağın barədə məlumatları olmayacaq. Götürdükdən sonra məlumatları ətraflı öyrən, təhlil elə. Onun psixoloji portretini cız. Aparacağın analitik işdə bu sənə lazım olacaq. Nədənsə, hissiyyatım mənə deyir ki, tələsməliyik, Baxa. Bilmirəm niyə, amma tələsməliyik.

Ayrı halda Stepanın mənə edəcəyim təhlillər barədə verdiyi tövsiyələri gülümsəməklə qarşılayardım. Ancaq indi vəziyyət başqa idi. Nədənsə, mənim də hissiyyatım yaxşı heç nə vəd etmirdi. İçimdə qarışıq hisslər var idi. Heç də, təkcə, Solominlə bağlı olmayan qəribə hisslər. Bunun nə olduğunu anlaya bilmirdim. Qeyri-müəyyənlik isə ən sevmədiyim şeylərdən biridir.

Stepanın sözünə ara verdiyini görüb bəzi suallarımın cavablarını dəqiqləşdirməyi qərara aldım. Üzümü Stepana tutub soruşdum:

-Solomin cinayət aləmində kifayət qədər nüfuz sahibi olduğu halda tutduğu yolda bundan o yana niyə getməyib və ya özü getmək istəməyib? Bəlkə sonradan hansısa səhv buraxıb və «vurulanlardandır»,  bu barədə hər-hansı məlumat var?

-Bu sualın cavabını araşdırmışam. «Vurulanlardan» deyil, bu dəqiqdir. Avtoritetini saxlayıb. Hətta, bir mənbənin verdiyi məlumata görə vaxtilə «oğru» adı almağa real namizədlərdən biri olub. Amma, nədənsə, Solomin bunu istəməyib. İstənilən avtoritetli cinayətkarın ən böyük arzusu seçilmişlərin kastasına daxil olmaq olduğu halda, o, yolun yarısında dayanıb. Səbəbi bizə də məlum deyil.

Bu cavab məni tam qane etdiyi üçün növbəti sualımı verdim:

-Onunla birlikdə eyni vaxtda eyni həbsxanada cəza çəkmiş azərbaycanlıların siyahısı hazırdımı?

-Çoxdan hazırdır. Biz də onun buradakı keçmiş məhbus yoldaşları ilə əlaqələrinin ola biləcəyini ehtimal etdik. Heyif ki, bu ehtimal boşa çıxdı. Dediyin siyahı polkovnik Vəliyevə verdiyim qovluğa əlavə olunub. Ayrı-ayrı vaxtlarda yeddi nəfər həmyerlinizlə cəza çəkib. Onlardan ikisi vərəm xəstəliyindən elə həbsxanada dünyasını dəyişiblər, ikisi isə azadlığa çıxdıqdan sonra. Qalan üç nəfərdən biri hazırda ömürlük, digərləri isə yeddi və səkkiz illiyə məhkum olunublar. Ən sonuncunun həbsi üç il bundan əvvələ təsadüf edir. Gördüyün kimi, onların Solominə hər-hansı işdə kömək etmələri sadəcə mümkünsüzdür.

-Bir sualıma da cavab ver, dostum. «Koramal»ın Rusiyada daimi münasibətdə olduğu qadını olubmu?

Stepan düşünmədən cavab verdi.

-Olmayıb. Yoldaşlar araşdırıblar. Təsadüfi münasibətlərə üstünlük verib.

Məsələ ilə bağlı başqa sualım qalmamışdı. Ancaq fürsətdən istifadə edib Stepanla bir söhbəti açmaq istəyirdim. Üzümü ona tutub dedim:

-Stepan, indi sənə bir sual verəcəyəm.

-Buyur, dostum.

Stepanın düz gözlərinin içinə baxıb soruşdum:

 -Bu yaxınlarda növbəti bir saxta erməni tarixçisinin növbəti saxta kitabı çap olunub. Orada sizin Soçi şəhəri qədim erməni diyarı kimi göstərilir, yəqin xəbəriniz var.

-Əlbəttə xəbərimiz var, Baxa.

-Bəs onda niyə bu şeylərin qarşısını almırsız? Nə vaxta qədər onlar sizə «böyük», siz də onlara «kiçik qardaş» deyəcəksiniz?

-Hər şeyin bir vaxtı var, qardaş. Biz kimin dost, kimin düşmən olduğunu çox gözəl bilirik. Səbirli ol.

Daha sözüm qalmamışdı. Stepanın da yorğun olduğunu nəzərə alıb ayağa qalxdım.

-Daha gedim. Sən də dincəl.

-Mahirlə görüşün vaxtını dəqiqləşdirib sənə zəng edəcəm.

-Danışdıq.

Stepanla sağollaşıb otaqdan çıxdım və dəhlizin o biri başındakı liftə tərəf getdim. Gülanəyə qayıtmayacağımı demişdim. Öz evimə gedəcəkdim.

Stepana dediyim məsələnin kökləri çox keçmişə, ötən əsrin 70-ci illərinə gedib çıxırdı. Həmin illərdə Rusiyanın ən məşhur kurort şəhərlərindən biri olan Soçinin çimərliklərində tez-tez adamlar batmağa başlayır. Bu halların ən sakit havalarda və çox da dərin olmayan yerlərdə, özü də mütəmadi baş verməsi o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin diqqətini çəkir. Gizli müşahidələr aparılır. Günlərin bir günü içərisində üç nəfər olan bir motorlu qayığın dənizə çıxdığını görürlər. Bir neçə kilometr dənizin içərilərinə getdikdən sonra qayıqdakı adamlardan biri vodolaz paltarı geyinib dənizə baş vurur. Onları yaxalayırlar. Məlum olur ki, hər üçü erməni millətindəndirlər. Həmin vodolaz vaxtaşırı çimərlikdəki adamları ayağından tutaraq dənizin altına çəkib aparır, boğulduqdan sonra bir qədər aralıda dənizin dərinliklərindəki qayalıqlara bağlayırmış. Sonra onlar sahil tərəfdən gəlib batanın qohumlarına yaxınlaşıb vodolaz olduqlarını, iki yüz-üç yüz manat müqabilində meyiti tapacaqlarını deyir, bu yolla pul qazanırmışlar. Ancaq bu danışdığım məsələnin əsas tərəfi deyil. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onları yaxalayarkən qayıqda üzərlərində erməni əlifbası ilə yazılar həkk olunmuş daşlar aşkar edirlər. Xüsusi emalatxanada yazılar döyülən bu iri daş parçalarını onlar qayıqla gətirib müxtəlif yerlərdə dənizin dibinə atırmışlar. Təbii ki, illərlə duzlu suda qalacaq daşların kimyəvi proseslərə məruz qalacağı, ermənilər üçün «qədimiləşəcəyi» məqsədi daşıdığı aydındır. Həmin üç erməni cəzalarını alırlar, bu öz yerində. Ancaq görün o hadisənin sonu nə ilə nəticələnir? Düz əlli il sonra, 2020-ci ildə bir erməninin yazdığı kitabda Soçi qədim erməni diyarı kimi göstərilir. Bu dediklərim bir daha bu millətin necə yalançı və hətta onlara yaxşılıq edənlərə qarşı da necə məkrli olduğunun, xəstə təxəyyülünün heç zaman dəyişməyəcəyinin daha bir sübutudur. Danışdığım məsələ ilə bağlı rəsmi sənədlər bu günə qədər keçmiş DTK-nın arxivində saxlanılır.

Mənsə, bu sualları Stepana elə-belə, maraq xatirinə vermədim…   

* * *

 Bakının mərkəzi küçələrindən biri ilə tələsmədən addımlayan adam nəfəsini dərmək üçün dayanıb əlindəki çəliyə söykəndi. Onun üzündə təbəssüm görmək olardı. Sanki, şəhərin gözəlliyinə, yaxınlıqdan keçən insanlara baxmaq ona xüsusi bir zövq verirdi. Qəribə görkəmli bu adam bir qədər belə dayandıqdan sonra şəhadət barmağı ilə burnunun üstünə sürüşmüş qalın şüşəli eynəyini bir qədər yuxarı qaldırıb yoluna davam etdi.

Çəliklə gəzsə də, əslində adamın hər-hansı fiziki qüsuru yox idi. Diqqətlə baxan olsaydı onun ayaqqabısının sağ tayının altlığının digər tayından bir qədər qalın olduğunu görə bilərdi. Bu xüsusi olaraq hazırlanmış ayaqqabı gəzərkən istər-istəməz onun yerişini dəyişir, kənardan baxanlarda onun axsaması təəssüratı yaradırdı. Sağ əlində tutduğu, əslində heç ona lazım olmayan çəlik isə bu təəssüratı daha da artırırdı.

Elə də bahalı olmayan sadə kostyum geyinmiş, kostyumu ilə qətiyyən uyuşmayan, çoxdan dəbdən düşmüş, naxışları özbək xalatının naxışlarını xatırladan köynəyini axıradək düymələmiş gülümsəyən adam nimdaş geyimi və axsaması ilə ona baxanlarda bir təəssübkeşlik hissi yaradırdı.

Bu gün o, beləcə gülümsəyərək və axsaya-axsaya şəhərin ayrı-ayrı hissələrində yerləşən bir neçə küçəsindən keçməli, özünə lazım olan son dəqiqləşdirmələri aparmalı idi. Şəhərə gəldiyi on dörd gün ərzində, bəzi qısa müddətli çıxışları nəzərə alınmazsa, bu qaldığı mənzildən ilk uzunmuddətli çıxışı idi. Bakıya gəldikdən sonra ona verilmiş saxta sənədlərdəki fotoşəkilə uyğun qrimlənməsi bir saata yaxın vaxt aparmışdı. Onun üçün ayrılmış mənzildə qoyulmuş qrim və geyim əşyalarına bu gün ilk dəfə toxunsa da, hazırda ayağında olan ayaqqabıları dəfələrlə geyinib otaqda var-gəl etmiş, xeyli məşq edərək yerişini onlara uyğunlaşdırmışdı. Ona görə də kənardan baxanda axsayaraq gəzməsi olduqca təbii görünür, heç kim ayaqqabıların taylarındakı fərqə fikir vermirdi.

Adam dünən axşam poçt qutusunu yoxlayarkən orada ona göndərilmiş bir təlimatın olduğunu görmüşdü. Təlimatda əsas günün yaxınlaşdığı bildirilir, qrimlənərək özünə məlum olan ünvana gedən yolları bir daha gəzib müşahidələr aparmaq tapşırılırdı ona. İndi o, əsas hadisələrin baş verəcəyi məkana yaxınlaşmaqda idi. Sonuncu döngəyə çatanda yenə çəliyinə dayaq verib dayandı. Buradan həmin məkanı, onun giriş qapılarını, ətrafında gəzişən insanları aydın görmək olurdu…

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.