“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
Mənim ağ ilanım
yuxuda ag ilan xeyrə yozulur,
ag ilan olan ev, ocaq sayılır.
ömrümə ag ilan gələndən bəri
qəlbim sirr içində alışıb yanır.
mənim ağ ilanım - bir ag qızıl gül,
ətri ətirlərin ən ilahisi.
getsəm yer üzünün hansı yanına,
mənim qulağımda tək onun səsi.
mənim ağ ilanım mehriban, gözəl,
məlakə ruhludu, ruhlar ruhudu.
heyif, aramızda cəpərlər qalxıb,
hər tikan qəlbimin min-min ahıdı.
əsrlər kecəcək, mənim qəbrimin
yanına gələnlər bir ağ ilanı,
görsələr astaca sürüşdü, itdi.
Hərənin bir yerə gedər gümanı...
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
Sən haqqa aşiqisən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə.
Üzündən birçəyi tez ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
Ilham pərisi
...tarixin ən gözəl günlərindən biri
“Şəbü-hicran” qəzəlinin yarandığı gündü...
həmin gün nələr olubsa tarixdə
bu şeirdən sonra gəlir...
kim idi o vədə Füzuli ruhunu
göy üzünə kökləyən,
qəlbini üzən gözəl?
bu ilahi sözləri
bu ilahi nizamla
düzən gözəl...
...bu dünyadan gedə bilməz
o gözəlin ruhu...
hansısa çiçəyin, göy üzünün
gözəliyindən boy verir indi
onun ruhu...
aman, aman!
mən inandığıma inan,
o gözəlin nuru içindəsən...
o gözəldən də gözəlsən...
“Şəbu-hicran” dan da gözəl
şeir yazdıra biləsən...
qızlar əmanətdir məlakələrdən
insanlar hələ
doğulan qız uşaqlarının
məlakələrdən onlara
bir əmanət olduğunu bilmir...
məlakə tək böyütmək əvəzinə
min oyun açırlar
o körpələrin başına...
düşürlər məlakələrin qarğışına.
elə ona görə də yer üzünün
üzü gülmür...
Dəniz kənarında bir qız...
Dəniz kənarında tənha, tək, titrək,
Bir gözəl gənc qız, pəjmürdə, kövrək,
Gələn ağ gəmini seyr eyləyərək
Suallar əlində bilmir neynəsin...
Suallar əlində bilmir neynəsin,
Bilmir öz halını kimlərə desin,
Əlvan çiçəklərdən kömək istəsin?
Qoşulur səmada ağ buludlara...
Qoşulur səmada ağ buludlara,
Bilmir tale onu aparır hara,
Istəyir sirrini desin sulara
Görür batıb səsi, dillənə bilmir.
Görür batıb səsi, dillənə bilmir,
Ömrünün illərin düşünür bir-bir,
Unudub hər şeyi, nə olub? Bilmir,
Gəmi yaxınlaşır, aparsın onu.
Gəmi yaxınlaşır, aparsın onu,
Əynində alova dönür al donu,
-Allahım, nolacaq bu işin sonu?
Düşünə-düşünə dua eyləyir.
Düşünə-düşünə dua eyləyir,
Ruhundan, qəlbindən kömək diləyir,
Ruhu öz hökmünü ona söyləyir,
Qəlbi arzularla, ümidlə dolu...
ahəng içində
...sevgilim bir gözəldi,
bəşər övladı deyil !
mən onu vəsf elədim,
dedilər, -“ röyadı”,
deyil...
dünyanın zərrəsində
əks olunur dünya özü...
dünyada heç bir zərrə
sadəcə, adi deyil...
qəlblərdən doğan işıq
aləmdəki işıqdırmı?
İlahinin bir sirridi,
işıq onun adı deyil.
bir ahəngin içindədi
bu yer üzü, bu göy üzü,
dünya özü...
o ahəngi duya bilmək
bir qismətdi,
sadə deyil.
Qəşəmoğlu!
dediyin hələ nədi?
çox cüzidi,
damlanın milyonda biri,
hələ o ifadə deyil !
Uzaqlardan gələn gəmi
Oyatma yatan qəlbimi,
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər,
Uzaqlardan gələn gəmi.
Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...
Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.
Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.
O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)