“Əsgər barmağını əmən körpə” – ELÇİN HÜSEYNBƏYLİNİN HEKAYƏSİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr saatıdır, sizlərə tanınmış yazıçı Elçin Hüseynbəylinin “Əsgər barmağını əmən körpə” hekayəsi təqdim edilir.

 

         Komandir, eşitdiniz!? – çavuş Namazov üzünü mənə tutub dedi.

         Eşitdim, dağın o üzündən atırlar, sol tərəfdəki mövqedən.

         Yox, dərədən atırlar.

         Dərə, dağ, nə fərqi?! – deyə ona acıqlandım.

         Fərqi odur ki, komandir, dərə dağın o üzündədir.

         Bəs niyə səsi əks-səda vermədi?

– Çünki bu təpəliklər əks-səda vermir. Hamısı boz təpəliklərdir, səsi udur.

Namazov coğrafiyaşünas kimi danışırdı.

– Babam həmişə deyirdi ki, kəndə qayıdanda ovu dərədə elə, onda heç kim xəbər tutmaz...

...Bölüyümüzün bir qrupunu ön xəttə göndərmişdilər, kəşfiyyatçı kimi. Çünki bizdən əvvəl o istiqamətə göndərilən peşəkar kəşfiyyat qrupu geri qayıtmamışdı. Bizdə olan məlumata görə, kəşfiyyatçılar düşmənin dərinliklərinə sızmışdılar və güman ki, sol tərəfdəki mövqelərimizdən çıxacaqdılar. Əgər sağ qayıtsaydılar. Bəlkə də, dərədə atışan onlar idi. Düşmən kəşfiyyatçıları görmüş və atışma başlamışdı. Onlara qoşula bilməzdik. Çünki missiyamız başqaydı...

Bizə tapşırıq verilmişdi ki, Bozdağ ətrafındakı düşmən mövqelərini müşahidə edək, dağın döşündəki evlərdə erməni yaraqlılarının olub-olmamasını aydınlaşdıraq, səhər açılmamış geri qayıdaq. Çünki taborumuz erməni yüksəkliyini ələ keçirmək üçün bu istiqamətdən hücum eləməliydi. İmkan olsa, əsir də gətirməliydik. Kəşfiyyatımızın məlumatına görə, ermənilər kəndləri qoyub qaçmışdılar, amma onlardan hər nə desən, gözləmək olardı.

Qrupda yeddi nəfər olmalıydıq. Amma əsgərlərdən ikisi xəstələndiyindən yola beş nəfərlə çıxası olduq. Deyilənə görə, dünyanı bəlaya salan zəhrimar virusa yoluxmuşdular. Xəstələnən əsgərlərin həm qızdırmaları vardı, həm də tez-tez öskürür, asqırırdılar. Bizi ələ verə bilərdilər.

Özümüzlə su və çörəkdən başqa heç nə götürmədik. Ağır əsgər kisələri manevr imkanlarımızı azalda bilərdi. Vaxtımız onsuz da az idi.

Mən tabora təzə gəlmişdim. Uşaqları hələ yaxşı tanımırdım. Eşitdiyimə görə, bu işdə peşəkar idilər. Namazovla Həsənov müddətdən artıq hərbi xidmətdəydilər. Qalan iki əsgər isə könüllüydü.

Gecədən xeyli keçmişdi. Payızın ayazı üz-gözümüzü yalayırdı. Ay buludların arasında gizlənmişdi, hərdən zəif şüaları görünürdü. Biz cığırla, ətrafa boylana-boylana,  lazım gələndə isə yerə sinə-sinə gedirdik. Cığırdan kənara çıxmalı deyildik. Düşmənin basdırdığı minalardan qorxurduq.

Ətraf yüksəkliklərdən ibarət idi. Sağ istiqamətdəki yüksəkliklər ermənilərdə, soldakılar isə bizdəydi. Qarşıda balaca kənd vardı. Bir zamanlar orada azərbaycanlılar yaşamışdılar, amma 30 il öncə ermənilər kəndi işğal eləmiş və bir müddətdən sonra orda məskunlaşmışdılar. Mən  buraları pis tanımırdım. Çünki uşaqlığım dağın o üzündəki dərələrdə keşmişdi.

... Bir az gedəndən sonra dayandıq. Yarğanlardan birinin altında oturduq. Fikir verdim ki, çavuş Namazov başını sırıqlısının altına soxub nəyəsə baxır, üzünə də azacıq işıq düşür, gülümsünür.

– Əlindəki nədir? Telefondur? – deyə astadan soruşdum və onu dürtmələdim.

– Yox, şəkil qalareyasıdır, – Namazov, üzümə baxmadan, ciddi görkəmlə dedi.

Həsənov güldü. Güldü yox e, pısqırdı.

         Sən kəs!

Burda gülmək də, asqırmaq da qadağan idi.

         Nə qalareya, ə? – Namazovu bir az bərk dürtmələdim.

Sanki indi ayıldı, başını qaldırdı:

         Bağışlayın, komandir, harda olduğumu unutmuşdum.

         Unutmağın bədəlini ödəmək ağırdı, – deyə acıqlandım.

Namazov danışığına şirinlik qatdı:

– Komandir, qadan alım, yəni bu, telefon kimi yararsızdır, ancaq şəkilllərdən ibarətdir. İnanmırsınız, baxın.

Mənim ona baxmaq fikrim yox idi. Telefonu əlindən alıb qolazlamaq istədim. Namazov əlimdən tutdu.

Həsənov yenə də pısqırdı və pıçıltı ilə:

         O qalareya deyil e, komandir, şəkil sərgisidir...

         Uşaqlarınız var, komandir? – Namazov mülayim səslə soruşdu.

         Nəvələrim var! – Acıqlı-acıqlı, sözgəlişi dedim.

– O şəkillərin çoxu uşaqlarındır e. – Bax bu sonbeşikdir, nənəmin adını qoymuşuq: Banu. Axırıncı dəfə mən evdən çıxanda buraxmırdı ki... Bərk-bərk yaxamnan yapışmışdı. Səkkiz aylıqdır, amma qanır. Bu zəhrimar müharibə bitsəydi...

Ürəyim yumşaldı. Telefonu, yəni Namazov demiş, “şəkil qalareyası”nı almadım:

– Uşaqlara pis nümunə göstərirsən, – dedim, – onu saxla, geri qayıdanda doyunca baxarsan...

... Nəfəsimizi dərəndən sonra yolumuza davam elədik.

Dağın ətəyindən aşağıda, düzənlikdə nəsə qaralırdı.

         Orda nəsə var, – pıçıldadım, – yoxlamaq lazımdır.

– Ora fermadır, – Namazov dedi, – bizim ferma, yəni bir zamanlar bizim olub.

         Sən hardan bilirsən?– təəccübləndim.

– Babam danışıb. Ölənə kimi hər gün kənddən danışırdı. Ona görə də buraları əzbər bilirəm, şəkillərini də görmüşəm.

Yaxınlaşdıq. Tövlə iyi burnumuza vurdu. Fermanı ehtiyatla, divara–sığına-sığına dolaşdıq. Heç nə yox idi. Mal-heyvanı da aparmışdılar.

Yoxuşla kəndə tərəf dırmaşdıq. Getdiyimiz cığır çınqıllıq idi. Ayağımız tez-tez sürüşürdü. Ətrafdakı qaratikan kolları vahimə saçırdı, sanki arxalarında düşmən snayperləri gizlənmişdi. Ay da hərdən bizə göz vurur, buludların arxasından çıxır, yenə də batırdı. “Bizi ələ versə, bu ay verəcək!” – deyə ürəyimdə fikirləşdim.

Kəndə çatdıq. Tam səssizlik idi. İtlər də hürmədilər. Ya yatmışdılar, ya da iyimizi almamışdılar. Şübhələndim.

– Bu sakitlikdən gözüm su içmir, – dedim.

– Mənə elə gəlir ki, kənddə heç kim yoxdur, – Namazov dedi, – icazə versəniz, irəli gedib yoxlayardım.

– Yox, kəndə girməyək, əvvəlcə erməni mövqelərini yoxlayaq.

Düşmən mövqeyi kəndin üstündəki boz təpədə olmalıydı. Kolların arası ilə ora dırmaşdıq. Yerə yatıb dinşədik. Səs-səmir gəlmirdi.

– Burda heç kim yoxdur, komandir, – Namazov qulağıma pıçıldadı və qurşağındakı qumbaraya işarə ilə: – Bəlkə, birini gumbuldadım!

– Ehtiyac yoxdur, – dedim, – özüm yoxlayaram, – siz burda qalın.

Ehtiyatla, az qala iməkləyə-iməkləyə təpəlikdəki səngərə girdim. Ətrafa boylandım. Heç bir hərəkət yox idi, hənirti belə hiss olunmurdu. Başa düşdüm ki, bizim artilleriya zərbələrimizdən sonra ermənilər mövqeləri qoyub gediblər. Görünür, sol tərəfdə aparılan hücumlardan da qorxub qaçmış və sağ tərəfdəki yüksəkliklərdə möhkəmlənmişdilər. Deməli, kənddə də heç kim olmamalıydı.

Geri qayıtdıq.

– Kəndin içi ilə gedək, – Namazov dedi.

         Orda nə işimiz var? – Həsənov etiraz elədi.

– Namazov düz deyir. Kəndi yoxlamadan geri qayıda bilmərik, – deyə ona çəmkirdim.

Saata baxdım. Hava bir azdan açılacaqdı. Tələsməliydik.

Kəndə girdik. Kənd balaca olsa da, evlər bir-birindən aralıydı. Ona görə də hər şeyi qaranlıqda da ayırd eləmək mümkün idi. Bir-iki həyətə girdik, amma evlərin qapısını açmadıq. Elə belə də hər şey aydın idi. Buralar kimsəsiziydi. Sakinlər ev-eşiklərini çoxdan tərk eləmişdilər.

Küçələrlə asta-asta addımlayırdıq. Tam səssizlik idi, yalnız öz ayaq səslərimizi eşidir, hənirtimizi duyurduq.

Birdən bu səssizliyin içindən qulağımıza səs gəldi. Elə bil kimsə ağlayırdı.

Aşağı oturub dinşədik.

         Körpə səsinə oxşayır, – Namazov dedi.

         Pişikdir, – Həsənovun fərziyyəsi də belə oldu.

Hər nəydisə, kənddə kimsə vardı.

Səs gələn tərəfə getdik. Taxta pilləkənli bir evin divarına söykənib gözlədik. İçəridə, doğrudan da, kimsə ağlayırdı. Körpə səsinə oxşayırdı.

Namazov pəncərədən boylanıb baxdı.

– Heç nə görükmür, – dedi, – amma çarpayıda nəsə tərpənir, deyəsən.

Cırıldayan pillələrlə yuxarı qalxdıq. Həsənov qapını açmaq istəyəndə qolundan tutub saxladım. Qapının arxasına qumbara bağlaya bilərdilər.

Həyəcandan tərləmişdim. Qolumla alnımın tərini sildim və qapını ehmalca itələdim, himə bənd imiş kimi dərhal açıldı. 

İçəri keçdik.

Arxa otaqların birində körpə ağlayırdı. Yaxınlaşdıq. Hava təzə-təzə işıqlansa da, içəri hələ də qaranlıq idi. Fənəri çıxarıb yandırdım və işığını çarpayıya yönəltdim.

Körpə dəmir çarpayının ayaq ucunda uzanmışdı. Ağlamaqdan gözləri qızarmış, dodaqları göyərmişdi. Görünür, tək qaldığından və qorxudan üst-başını açmış, çılpaq qalmışdı. Oğlan idi. Onu qəsdənmi qoyub getmişdilər, yoxsa yaddanmı çıxarmışdılar? Bəlkə, başqa məqsədləri vardı? Amma bu suallara belə dar macalda cavab tapmaq çətin idi.

         Yaxın getməyin, tələ ola bilər! – deyə qışqırdım.

Hamı yerində dondu. Sonra Namazov irəli yeriyib:

         Komandir, icazə verin, mən baxım, – dedi.

– Onu ehmal qaldır, – dedim və uşaqlara da əmr elədim ki, o biri otaqlara keçib hər tərəfi yoxlasınlar, zirzəmi olub-olmadığını öyrənsinlər...

Namazov uşağa tərəf əyildi. Uşaq daha bərkdən ağlamağa başladı. Namazov onu astaca qaldırıb, altına baxdı, heç nə olmadığına əmin olandan sonra qucağına aldı. Uşaq hənirti duyan kimi bir az sakitləşdi, başını Namazovun yaxasına soxdu, sanki məmə axtarırdı...

Namazov da onu sinəsinə bərk-bərk sıxdı.

         Bəlkə, əmizdirəsən, – Həsənov yarızarafat, yarıciddi dedi.

– O üşüyür, həm də acdır, özü də südəmərdir. – Namazov uşağı qucağından buraxmadan dedi. 

         Bir az süd olsaydı...

– Bəlkə, erməni dığasından ötrü ferma da açaq!? – Həsənovun reaksiyası belə oldu.

Namazov uşaq qucağında mətbəxə keçdi, şkafları bir-bir açıb baxdı. Bir şey tapmadı:

– Dedim, bəlkə, quru süd olar. Əclaflar hər şeyi aparıblar!

Bu sözləri deyəndən sonra o, əlini cibinə saldı, ordan çörək çıxardı, qayışına bərkitdiyi qumqumasını açdı, qapağına su tökdü, çörəyi ovxalayıb, onun içinə atıb qarışdırdı, həlim edəndən sonra körpənin ağzına qoydu. Körpə çörəklə birgə onun barmaqlarını da əmməyə başladı. Qapaq balaca olduğundan o bunu bir neçə dəfə təkrar elədi.

–Ayyy! – Namazov, az qala qışqırdı, – dişləri də var e köpəyoğlunun!

Bir müddət körpənin acgözlüyünə tamaşa elədik. Namazov kövrəlmişdi, körpənin başını, üzünü, əllərini sığallayırdı.

         Döşünə süd gələr e birdən, – Həsənov sırtıqlığından qalmadı.

Tərs-tərs ona baxdım və:

         Gedək, – deyə əmr elədim.

         Bəs uşaq? – Namazov çarəsiz halda üzümə baxdı.

         Burda qoyaq. Onu nə biz doğmuşuq, nə də biz atmışıq, –  dedim.

– Yazıqdır, komandir, özümüzlə aparaq, “sanitarka”lara təhvil verərik. Erməni də olsa, körpədir.

         Birdən ağlasa?

         Ağlamaz.

Həsənov acıqlı-acıqlı:

         Ağlasa, onu boğacam! – dedi.

Namazov körpəni odeyala büküb qucağına aldı.

Qəribəydi, körpə sakitləşmişdi, halsızlıq onu əldən saldığından, ya da hənirti duyduğundan mürgüləyirdi.

Çölə çıxdıq. Bərayi-ehtiyat, evin yan-yörəsinə bir də nəzər saldıq. Heç kim yox idi. Evdən bir az aralanmışdıq ki, nəsə tapp elədi. Sanki hardansa daş atdılar. Namazov arxası üstə yerə yıxıldı.

– Namazovu vurdular. Yuxarıda snayper var, – Həsənov qışqırdı və biz geri – evə tərəf qaçdıq. Mən Namazovun ayaqlarından tutub divara tərəf sürüdüm.

         Mövqe tutun! – deyə qışqırdım.

Əsgərlər evin yuxarısındakı təpəliyi güllə yağışına tutdular.

Mən uşağı Namazovun qucağından alıb yerə qoydum və yaxasını açdım. Güllə onun kürəyindən, ürəyinin düz üstündən dəymişdi. Çantamdan pambıq və bint çıxarıb axan qanı kəsmək istədim.

Namazov zarıya-zarıya:

         Komandir,  uşağa bir şey olmayıb ki?

         Yox, heç nə olmayıb.

Sanki ağrıları keçdi, özünü toparladı, əlləri əsə-əsə “şəkil qalareyası” adlandırdığı telefonu cibindən çıxarıb mənə verdi:

– “Zaryadkası” qurtarıb, – dedi, gözlərini hərləyib uşağa baxdı. –Ona  mənim adımı verərsiniz, – qırıq-qırıq pıçıldadı.

Hamımız çaşdıq. Donub qaldıq, handan-hana özümü ələ alıb:

        Sənin adın nədir ki? – deyə  soruşdum.

Onun əvəzindən Həsənov cavab verdi:

         Onun adı Kamildir, komandir, Kamil.

Namazova baxdım. Keçinmişdi.

         Bu küçüyü neyləyək? – Həsənov körpəyə işarə ilə dedi.

         O küçük deyil, Kamildi, – dedim, – Kamil!

Güllə atılan tərəfdə sakitlik idi.

         Həsənov, oranı yoxlayın, – dedim, – amma ehtiyatlı olun.

Uşaqlar kolluqların arası ilə yuxarı dırmaşdılar və bir azdan qayıtdılar.

Həsənov təngənəfəs halda:

– Heç kim yoxdur, komandir, ancaq yerdə qan izləri vardı, – dedi, –bəlkə, izləyək?

– Ehtiyac yoxdur,  bizimki bura qədər idi, ehtiyatla aşağı düşək, – dedim və körpəni qucağıma aldım.

         Bəlkə, Namazovu orda... – deyə Həsənov təpəliyə işarə elədi.

– Özümüzlə götürək, onu burda tək qoymaq olmaz, – dedim və gəldiyimiz cığırla da aşağı endik.

Təpələrin o üzündən yenidən atəş səsləri gəldi...

– Atırlar, – Həsənov çiynində apardığı cənazəni düzəldə-düzəldə, –dedi.

– Dərədən atırlar, – Namazovun bir az əvvəl dediklərini təkrarladım və cansız bədəninə baxdım...

“Komandir, uşaqlarınız var?” – qulağımda bir səs cingildədi.

Mənim uşaqlarım yox idi...

 

Yanvar-fevral, 2021

 

P.S. Hekayəni oxuyub qurtarandan sonra qələm dostum:

– Kamil!? – deyə təəccüblə soruşdu. – Həmin o Kamil?

Başımla təsdiqlədim.

         “Kimsə ağlayırdı” hekayəsindəki uşaq?

         Hə. Mən də həmin körpəni bu cür geri qaytardım, – dedim...

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.