“O sevda solub, soluxub, öləziyib, külü qalıb...” - Əhməd Qəşəmoğlunun şeirləri Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır. 

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

yağış, bəlkə, sən mənsən?

 

xəbərin varmı, yağış,

ruhuma ruh olan kim?

özü bir nur yağışı,

mənim qəlbimə hakim.

 

o sənin vurğunundu,

mənsə onun vurğunu...

yağış, kim qurub belə,

bu ilahi qurğunu?

 

bəlkə, mən yağış olum?

bir dəfə də sən mən ol,

indi o uzaqdadı,

həsrətə tapaq bir yol.

 

ümidimə yağ, yağış,

ümidim pöhrələnsin,

qəlbinə güman düşsün,

eşqimlə cilvələnsin

 

yağış, səsin kədərli,

elə sandım özümsən...

yarın uzaqlardadıda,

sən yazıq da dözmürsən...

 

 

Yıxıldım 

 

Sərv nurum məni duymadı,

Budağından yıxıldım.

Hər an gözləri doğmaydı,

Yanağından yıxıldım.

 

Bu qədər qısqanclıq olar?

Hər an ilan kimi çalar.

Gileyimdən kitab dolar,

Varağından yıxıldım.

 

Şübhə düzür ətrafına,

Suallar sual yanına...

Min yol çəkir imtahana,

Sınağından yıxıldım...

 

Hərdən qalmadı ümidim,

Qəlbim qırıq, didim-didim,

Körpü saldım, gəldim...gəldim...

Qırağından yıxıldım.

 

Min  sahilə atdı məni,

Tonqallara çatdı məni,

Ayrılıq qorxutdu məni,

Fərağından yıxıldım.

 

Axı nurdan nur doğular,

İtər, gedər qalmaqallar...

Yarım, nə vaxt bitər bunlar?

Marağımdan yıxıldım.

 

 

Dindirmə məni

 

Danışdırma məni, nolar...

Qəm buludu qatar olur.

Səsindəki hər soyuqluq,

Bil, ölümdən betər olur.

 

Mən səni özüm bilirəm,

Səndən ötəri ölürəm.

Yolunda nə eləyirəm,

Qiyməti yox, hədər olur.

 

Bilmirsən, qədrimi bilmə,

Qəlbim yanır ilmə-ilmə...

Sən Allah, məni dindirmə,

Nə olsa sonu kədər olur...

 

 

Eşqdən o yana

 

Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...

Eşq də bir göy üzüdü, yol aldım kahkəşana...

 

İşıqlar vadisində həzin meh hardan əsir?

Elə bil, sübh üzüdü, qəlbim hara tələsir?

 

Yaxında gülüstan var, qırxlar aləmi bura?

Nələrsə gah görünür, gah da qərq olur nura.

 

Uçur işıqlar hərdən bir ayrı aləmlərə,

Ordan gələn işıqlar nizam verir nələrə?

 

Bütün bu aləmdən bal kimi eşq süzülür,

Bir damla kimə dəysə, yer üzündən üzülür.

 

Təkcə eşqdən danışma, axtar eşq yaradanı,

Zərrədən asimana sən o qüvvəni tanı...

 

Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,

Sən tək sirr açanlar  göydə ulduzlar sanı...

 

 

nə sən, nə də kimsə bilmir...

 

həmən alov yoxdu daha,

yerində şəkili qalıb.

o sevda solub, soluxub,

öləziyib, külü qalıb.

 

o sevdanın gözəlliyi

dalğa-dağla işıqlanır,

qəlbimdə dinən arzular

tək o işığa bağlanır.

 

illər keçib, ömür keçib,

elə baxma, kövrəlirəm.

xəbərin yox, kimsə bilmir

mən o eşq ilə ölürəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.