Poetik Qiraətdə bu gün sizlərlə yenidən daimi müəllifimiz - Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuri görüşür.
Dünyada nə qədər köçəri quş var,
Mənim ürəyimdə qışlayıb... keçir.
Razılaşın ki, bu qədər poetik gözəlliyi yaratmaq hər şairin işi deyil.
Deyəsən, o qızın SU idi adı...
Sən demə, ölüm də əkinçi imiş-
Torpaq ömürləri xışlayıb keçir.
Dünyada nə qədər köçəri quş var,
Mənim ürəyimdə qışlayıb... keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş...
Tanrı üstümüzdən gəlib keçibmiş,
Ancaq yer üzündə düşməyib keçib...
Deyəsən, o qızın SU idi adı,
Hara axıb getdi, niyə qalmadı?
...Dünya özü boyda elə almadı-
Hərə bir yanından dişləyib keçir...
“Ədəbiyyat və incəsənət”
(20.02.2024)