“Ölü doğulur günəş, hər gecə asfaltda…” - Mustafa Şeyxpurun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizlərə Mustafa Şeyxpurun şeirlərini təqdim edir. 

 

 

1.

Gözlərinin göy məscidini unutdum

Əllərini qaldıran minarə idi xiyabanda

Yaşasın...

Küçələrdə oynayan uşaqlar

Və Saat qabağında unudulan Mustafa.

 

Adını bu adaların birinə qoyacaqdım

Olmadı

Səsini sonra eşitdim

İlk adaya verdim səsini

Quşlar və balıqlar sənin səsinə gəlir

Günəş sənin səsində batır

Ay sənin səsində doğur

Mən hər gün səsinlə oyanıram

Və işlədiyim hər an səsin gözümdən ayrılmayır

Sənin səsində yaşayıram.

 

Gəl birlikdə oxuyaq o sevdiyimiz mahnını

"Özüm özünə qurban, gözüm gözlərinə..."

Bu dağlarda maral gəzməyir xanım

Nə dağları, nə qəbiləsi, nə şəhəri

Heç biri gözümdə deyil.

 

Əli boş gəlməyəcəkdim

Qız qalası baqajıma sığmadı

Səni yanımda gətirə bilmədim

Dünya bir adaya sığmaz ki,

Ən son bir gəmi gördü məni

Və ən son mən o gəmini gördüm

Qalan hər şey mavi

Qalan hər şey boş

Sonra mən də itdi, bu mavi də

Sənin səsin qaldı fəqət...

 

2.

Evimin içində bir ev var

Orda mən yoxam

Qapımızı döyəcəklər biriləri

Olmayınca dönəcəklər evlərinə.

 

Olduğum şəhərdə bir şəhər var

Bu şəhərdə mən yoxam

Gəlib gəzəcəklər turistlər

Çəkib gedəcəklər öz şəhərlərinə

Yoxluğumu hiss etmədən

Biri çantasında, biri isə quşların qanadında

Götürəcəklər məni evlərinə

Kimsə bilmədən, özləri bilə.

 

Sonra bütün evlərin içində bir ev olacaq

O evlərdə kimsə yox

Bütün qapılar döyüləcək

Kimsə açmayacaq qapıları

Sonra hər kəs dönəcək kölgəsinə.

 

3.

Bir yerdən sonra

Daha soruşmayacaqsan

Gülməyəcəksən

Ağlamayacaqsan

Pişiklər dolanacaq küçədə

İtlər keçəcək qapının önündən

Mən də keçəcəyəm.

 

Dünən bir polis gəldi

"Qonşu qızı intihar etdi" - dedi.

"Mən də uçağa gecikirəm." - dedim.

"Taksi nə zaman gələcək?" - soruşdum.

O təşəkkür etdi

Mən də "İyi günler polis abi" - dedim.

 

Bir yerlərdən sonra

Bütün saatlar durur sanki.

Sən də yerimək istəmirsən

Hər kəs durmağa başlayır

Bütün taksilər, uçaqlar

Mən...

İndi mən gedərsəm saatlar da gələcəkmi?

Gecələr gündüzlərə qarışır bir saatlardan sonra

Ulduzları bulud ardınca göndərirəm

Ayla günəş bir yataqda yatırlar.

 

Bir zamandan sonra

Durmağa başlayacağam, sonra saatlara "Get" - deyəcəyəm

Günlərə "Get" - deyəcəyəm

Ulduzlara "Get" - deyəcəyəm

Buludlara "Get" - deyəcəyəm

Sonra oturub arxalarında ağlayacağam

Həm də tam yerində ən dərin

Xəyalinizdəki dənizi ovuclarımın içinə alacağam

Sonra öp deyəcəyəm dodaqlarımı

Sonra dodaqları da şor olur insanın

Göz yaşları kimi...

 

4.

Gecə qondu

Və biz kəpənəklər kimi işıqlara

Quşlar kimi dallara

Yalqız insanlar kimi divarlara

Sığındıq qaranlıq küçəyə.

 

Kölgəmizdə qaranlıq bir otaq

Kölgəmizdə itkin bir insan

Kölgəmizdə bir küçə.

 

Əllərimi tutarsansa

Bir lampanın işığı vardır kölgəmizdə

Sarı lampa

Kəpənəkləri gətirəcəkdir bizə

Sonra pəncərəsi olacaq

Sonra quşları çağıracağıq kölgəmizə

Birdən bir sərçə qonacaq barmaqlarıma

Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.

 

5.

Şəhər qaranlıq, axşam saat doqquz

Polis tək başına

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən, bu hotelin üçüncü qatının pəncərəsində

Şəhəri boğuram, siqaretimin tüstüsünə boğuluram

Bu okean havası təhlükəlidir deyirəm Mustafa.

 

Şəhər qaranlıq, gecə 10

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən üçüncü qatında bu hotelin

Qapımı döydü polis

"Röyalarını oğurlayıram, xəbərin olsun" - dedi.

 

Şəhər qaranlıq, gecə 11

Bir fahişə o tərəfdə

Asfaltın üstünə düşmüş bir dilənçi

Qırmızı çırağın dalısında ambulans

Uuuuuu deyə çatır

Fahişəni götürür.

 

Şəhər qaranlıq, gecə 12

Hər gecə saat on ikidə

Bir qadın

Abort edir röyalarını

Ölü doğulur günəş

Hər gecə asfaltda.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.